- İqbal bəy, bugünlərdə Türkiyəyə getmişdiz. Birgünlük səfər idi, deyəsən?
- Yarım günlük.
- Mən müşahidə etmişəm ildə bir neçə dəfə Türkiyəyə belə qısa səfərləriniz olur.
“İhtiyarlarla” görüşəmi gedirsiz?
- Hər kəsin öz “İhtiyarı” var...
- Sizinki kimdi?
- Bizim də dostlar var. Regionu, Güney Qafqazı, dünya siyasətini danışa biləcəyimiz adamlar var. O adamlarla da bəzən görüşlərimiz olur. Bəzən də müxtəlif ölkələrdən gələn insanlar olur. Gedirik, görüşürük, danışırıq.
- Bu görüşlərin sizə, partiyanıza, regiona faydası olurmu?
- Hesab edirəm bu görüşlərin mənə də, partiyaya da faydası olur. Yəqin ki, Azərbaycana da faydası var.
- O görüşlərlə bağlı açıq danışmaq imkanı varmı?
- Təəssüf ki, yox.
- Sizin bir dostunuz var. ABŞ onu “müdhiş türk” adlandırır - Əlirza Bozqurd. Onu iqtidarları quran, zamanı gələndə dağıdan biri kimi xarakterizə edirlər. Bugünlərdə biz tamamilə təsadüfən kəşf etdik ki, onunla görüşmüsüz.
- Bəli, biz Əlirza bəylə görüşdük.
- Türkiyənin gündəmi ilə bağlı fikirlərini öyrəndinizmi?
- Təbii, öyrəndim.
- Müxalifət yeni bir siyasətçi çıxarıb gündəmə - çatı aday Ekmeleddin İhsanoğlu. Əlirza Bozqurdun onunla bağlı fikirləri nədir?
- Güman etmirəm ki, İhsanoğlu Əlirza bəyin tərcih etdiyi namizədlərdəndir.
- Yəni iddia edildiyi kimi, İhsanoğlu Əlirza Bozqurdun adamı deyil?
- Əlirza Bozqurdun seçimi olsaydı, ortada daha çox dini dövlətdən ayrı tutmağa çalışan bir namizəd olardı. Amma Ekmeleddin İhsanoğlunun dinə bağlılığı çox güclüdür. İhsanoğlunun istər elmi fəaliyyəti, istərsə də siyasi-ictimai fəaliyyətinin əsası İslam dini ilə, İslam dünyası ilə bağlıdır. Ona görə hesab etmirəm ki, o, Əlirza bəygilin seçimidir. Ancaq hər halda, Türkiyə cəmiyyəti üçün bu tipli informasiyalar dolaşırsa, bəlkə də bizim də bilmədiyimiz nələrsə var. Ancaq mənim baxışımla görünən budur ki, bu seçim onların deyil.
|
“Qərb strateji olaraq Azərbaycan hakimiyyəti ilə anlaşa bilir” |
- Vaşinqton administrasiyasına yaxın olan bir türkün AKP iqtidarı ilə münasibətləri necədir? Konkret baş nazirlə münasibətləri varmı?
- Mən bu suallara Əlirza Bozqurdun yerinə cavab verə bilmərəm. Mənə elə gəlir, onlar Türkiyənin daha açıq, daha dünyəvi olmasını, eyni zamanda regionda demokratikləşməyə nümunə ola biləcək ölkəyə çevrilməsini istəyirlər. AKP iqtidarının bu sahədə fəaliyyətini isə yetərli saymırlar. Hər kəs Türkiyənin qanun dövləti olduğunu bilir. Ancaq Türkiyədə şərtlər bir az başqadır.
- Sizin partiyanın AKP ilə münasibətləri necədir? Ümumiyyətlə, belə bir münasibət varmı?
- AKP-nin üst düzeyində olan şəxslərlə, o sıradan bir sıra millət vəkiləri ilə münasibətlərimiz var. Bu, illərlə davam edən münasibətlərdi.
- Əlirza Bozqurdun və onun çevrəsindəki insanların, mən ABŞ administrasiyasının mövqeyini dəqiq, zamanında öyrənmək imkanı olan fiqurları nəzərdə tuturam, Azərbaycana, onun siyasətinə, gələcəyinə münasibətləri necədir? İndiki iqtidarla onların ilişkiləri varmı?
- Azərbaycan hesab edirəm ki, bu gün aşağı-yuxarı strateji anlamda Avropa coğrafiyasındadır. Bütün dəyər və siyasətinə, stratejisinə görə əyər-əskikliklər var. O çatışmazlıqlar Qərbi narahat edir. İnsan haqları sahəsində, Vətəndaş cəmiyyətinin qurulması istiqamətində. Amma Azərbaycan siyasi coğrafiya olaraq Avropanın yanındadır. Bu Qərbi qane etmiş kimi görünür bugünkü mərhələdə. Yenə deyirəm, əyər-əskikliklərin düzəldilməsi istiqamətində davamlı olaraq bəyanatlar, mövqelər səslənsə də bütövlükdə Azərbaycan Qərbin yanındadır. Azərbaycan nə Orta Doğuda yer almır, nə də Rusiyanın cızdığı Avrasiya məkanında. Bu, Qərbi məmnun edir. Bu siyasəti gerçəkləşdirən Azərbaycan iqtidarıdır. Azərbaycan iqtidarının bugünkü siyasətində ümumi problemlər var. Bunu iqtidar özü də bilir, Qərb diplomatiyası da bilir, oradakı hakimiyyətlər də bilir.
- Niyə islah eləmirlər?
|
“Əgər iqtidar Rusiyanın yanına gedəcəksə, xalq ayağa qalxacaq” |
- Bəzən siyasətdə profilaktikalar olur. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti də bir sıra ölkələrdə, o sıradan Ukraynada, Yaxın Şərqdə baş verən hadisələrdə kimlərin önə çıxdığını, hansı şəbəkələrin işləyə biləcəyini, bütün resursları nəzərə alaraq bəzən sərt addımlar atır. İqtidar hesab edir ki, siyasi institutlar və vətəndaş cəmiyyəti institutları nə qədər zəifləsə hakimiyyətinin ömrü bir o qədər uzun olar. Bunu Qərb də zamanında Yaxın Şərqdə gerçəkləşdirib. Yaxın Şərqin bir sıra ölkələrində də bir adam sabitlik yaratmışdı, ancaq sonradan siyasi institutların olmaması ayrı-ayrı dini qrupların, məzhəb qruplarının, bəzi hallarda millətçi qrupların meydana gəlməsinə şərait yaratdı. Bu gün Azərbaycanın Avropa məkanında olması Qərbə ümid verir ki, problemlər çözüləcək.
- Siz inamla deyirsiz, amma bir çox ekspertlər də deyir, eyni zamanda gələn informasiyalar da təsdiq edir ki, başqa tendensiyalar da var. Məsələn, Rusiya Azərbaycana basqı göstərir, hətta iddialar var ki, Rusiya ilə Azərbaycan arasında Avrasiya ittifaqı ilə bağlı gizli anlaşma da var.
- Yanlış xəbərlərdir. Azərbaycan iqtisadiyyatının 95 faizi Qərblə birbaşa bağlıdır. Bu iqtisadiyyatın üzünü nədən Rusiyaya çevirsin?
- Zorla, Ukraynanın durumuna salınmaqla.
- Gəlin, bir anlıq düşünək. Rusiya heçmi fərqində deyil ki, bu hakimiyyət üzünü Avrasiya İttifaqına çevirəcəyi zaman Qəribin dəstək verə biləcəyi müxalifət Rusiyanı regionda istəməyən xalqla birlikdə Ukrayna modelini gerçəkləşdirə bilər?
- Xalq olaraq bizə lazımdırmı Ukrayna modeli?
- Əgər iqtidar Rusiyanın yanına gedəcəksə, xalq ayağa qalxacaq. Bu, birmənalıdır. Bunu Qərb ekspertləri də bilir, yerli ekspertlər də.
- Kim qaldıracaq o xalqı?
- Fərqi yoxdur kim, ya müxalifətin hansı kəsimi.
- Deyirsiz ki, Azərbaycan iqtidarının Rusiya ilə anlaşaraq Avrasiya Birliyinə getməsi kimi bir durum yoxdur?
- Qətiyyən. Ola bilər, Moskva ilə Bakı bəzi məsələlərdə anlaşsın. Əgər Rusiya ilə anlaşmaya əsasən Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqsa, Qarabağ, digər işğal olunan bölgələr geri qaytarılacaqsa, bu, mümkün ola bilər. Bu gün hər kəsə bəllidir ki, belə bir anlaşma mümkün deyil. Ekspertlər də bilir ki, Rusiya Azərbaycan Avrasiya Birliyinə daxil olsa belə, bunu etməyəcək. Çünki bu gələcəkdə Rusiyanın regiondan çıxması deməkdir. Mən müsahibələrimdə daha öncə də demişəm, bir də deyim, Güney Qafqaz üçün açar dövlət Azərbaycan deyil, Ermənistandır. Bunu Rusiya da bilir, Azərbaycan da bilir. Biz Avrasiyanın, Rusiyanın yanında yer alsaq, Ermənistan dərhal Qərbin yanında yer alacaq. Bunu hər kəs bilir. Dağlıq Qarabağı qaytarmasa, Azərbaycanın nə işi var Avrasiya İttifaqında? O birliyə qoşulmağın nə mənası qalır? Biz birmənalı bilirik ki, Rusiya işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmayacaq.
|
“Ukrayna məsələsinin faktiki taleyi Avrasiyanın yeni şəklini cızacaq” |
Qaytarsa, Ermənistanı itirəcək. Azərbaycanın isə burada uzun müddət davam gətirəcəyinə inanmır. Çünki bilir ki, istənilən halda növbəti hakimiyyət dəyişikliyində Avrasiyadan çıxma prosesi sürətlənəcək. Gürcüstanı itirib, Azərbaycana güzəştə gedib Qarabağı qaytarsa, Ermənistanı itirir, Azərbaycan da növbəti mərhələdə birlikdən çıxacaq. Ona görə də burada heç bir məntiq yoxdur.
- Belə çıxır, siz Rusiyadan anlayış gözləyirsiz?
- Rusiyadan anlayış gözləmirəm, ancaq hesablarını, gəlir-çıxarlarını düzgün hesablayacaqlarını gözləyirəm.
- Ukraynada hesablaya bilmədi amma...
- Ukraynada başqa yolu yox idi. Gedə biləcəyi ayrı bir yolu qalmamışdı Rusiyanın. Rusiya imperialist siyasət yeridir. İmperialist siyasətin də gedə biləcəyi yol buna qədərdir.
- Niyə eyni modeli Azərbaycana tətbiq etməsin?
- Tətbiq edərsə, Güney Qafqazı, bütövlükdə regionu itirəcək. Bu gün Rusiya Ermənistan vasitəsilə regiondadır. Bunu hər birimiz qəbul edirik. Gəlin baxaq, Ermənistanın maraqlarına zərbə vuraraq Azərbaycanla münasibətləri istiləşdirən Rusiya nələrlə qarşılaşa bilər. Avropada necə güclü erməni diasporu olduğunu bilirsiz. Fransa hər zaman açıq şəkildə bəyan edir ki, Ermənistanın yanındayıq. Fransa prezidenti Fransua Olland bir müddət öncə regiona gəldi. Ermənistanın Avrasiya Birliyində olduğunu, Azərbaycanın isə Avrasiya Birliyində olmadığını bilə-bilə İrəvanda bəyan etdi ki, Fransa hər zaman Ermənistanın yanındadır. Rusiya Ermənistandan əl götürən kimi, Qərb, konkret Fransa Ermənistana əl qoyacaq. Azərbaycanın faktiki olaraq bütün siyasi qüvvələri Rusiyanın əleyhinədir. Azərbaycan müxalifəti bu gün iqtidarın Avrasiya İttifaqına gedəcəyini gözləsə də, iqtidar qəti şəkildə bunun əleyhinədir. Bu da aydın görünür. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışlarının birində açıq dedi ki, Azərbaycan Avrasiya İttifaqına qoşulmayacaq. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, Azərbaycan onun dövlət müstəqilliyini təhdid edən heç bir birlikdə təmsil olunmayacaq. Bu gün Azərbaycanın ərazi bütövlüyünü təhdid edən yalnız Avrasiya Birliyidir. Mesaj açıq verilməsə də, buna işarə edilir.
- O zaman Azərbaycan nədən Avropa istiqamətində addımlar atmır? Avropa Birliyi ilə assosasiya sazişinin imzalanmamasını nəzərdə tuturam.
- Azərbaycan da, Qərb də bir şeyi anlayır ki, Azərbaycan nümayişkaranə şəkildə Avropanın yanına gedərsə, Rusiyadan gələn basqıları nə Azərbaycan, nə də Qərb əngəlləyə biləcək. O cümlədən də Rusiyanın yanına gedərsə, Qərbdən gələn dəstək burada heç nəyi dəyişmək gücündə olmayacaq. Ona görə də burada bir qədər balanslı siyasət yürütməyə çalışırlar.
- Balanslı siyasət bu hökuməti hara aparır?
- Hələlik baş verənlər Avrasiya məkanındakı proseslərdən çox asılıdır. Ukrayna məsələsinin faktiki taleyi Avrasiyanın yeni şəklini cızacaq. Eyni zamanda Rusiyanın da yeni planlarını ortaya qoyacaq. Nə olacaq, Rusiya hara qədər gedə biləcək? Bu prosesin nə ilə sonuclanacağını gözləmədən hər hansı bir məsələ barədə şərh vermək doğru deyil. Əslinə qalsa, Rusiya da ehtiyatlı davranır. Ukrayna mallarına embarqo tətbiq etmək istəyən Rusiyanın istəklərinə nə Belarus, nə də Qazaxıstan reaksiya verdi. Avrasiya İttifaqının özündə yekdil fikir formalaşdırmaq çox çətindir. Bütün bunlar var ikən, Rusiya da başa düşür ki, mövqelərini möhkəmləndirmək üçün bir nöqtəyə güclü təzyiq etməlidir. Ukrayna cəbhəsinə Rusiyanın ümidi çox idi. Krımın işğalı Rusiya üçün böyük kozır idi. Hesab edirdi ki, sonrakı mərhələdə şərqi Ukraynada ikihakimiyyətlilik yaradacaq, bununla da Ukraynada federallaşma başlayacaq. Ancaq bu gün o ümidlər doğrulmadı. Rusiya gündə 5 yüz milyona yaxın vəsait itirir ki, bu da ayda 15 milyard dollar deməkdir. Düzdür, Rusiyanın ehtiyat fondu 500 milyarda yaxındır. Rusiya düşünür ki, bu qışı Avropanı təhdid edə bilsə, 150-200 milyardı geri qaytara, üstəlik, siyasi prosesləri də öz xeyrinə geriyə hərəkət etdirərək embarqoları götürə bilər. Rusiya bütün siyasətini bunun üzərində qurub. Hara qədər gedə biləcək, bunu demək çətindir. Çünki Avropa və ABŞ savaşsız, iqtisadi dillə danışıla bilən Rusiya ilə daha çox münasibət qurulmasında maraqlıdır. Rusiya hər savaşdan bütövləşmiş və toparlanmış halda çıxır. Qərb bu dəfə Rusiyaya bu şansı vermək istəmir.
|
“Güney Qafqaz üçün açar dövlət Azərbaycan deyil, Ermənistandır" |
- Niyə o zaman Qərb İlham Əliyev hakimiyyətini sıxışdırır? Məsələn, ATƏT-in Bakıda keçirilən tədbirində Azərbaycanla bağlı yetərincə sərt, tikanlı, təzyiqli çıxışlar oldu. Avropa Şurasının yay sessiyasında da həmçinin. Əgər bu hakimiyyət Avropaya lazımdırsa, Azərbaycan da kəndirbaz kimi kəndirin üzərində oynamağa məcburdursa, o zaman Qərb Azərbaycana “şirə” verməlidir.
- Mən düşünürəm ki, Qərb hakimiyyətlə yetərincə yumşaq davranır. Bu qədər problemlərin olduğu bir zamanda ortada ayrı-ayrı deputatların sərt çıxışlarından başqa nə var? ATƏT-in son qətnaməsində Azərbaycanla bağlı ciddi bir şey yoxdur. ATƏT-in Bakı ofisinin bərpası ilə bağlı məsələ, bir də Anar Məmmədliyə azadlıq tələb edilməsi Azərbaycan hakimiyyətinin ürəyincə olmaya bilər, ancaq bütövlükdə siyasi məhbus problemindən tutmuş əməkdaşlıq məsələsinə qədər heç bir ciddi basqı yoxdur. Azərbaycanın Avropa Şurasının qarşısında nə qədər öhdəlikləri var , bunların heç biri icra olunmadığı halda Azərbaycana münasibət o qədər də pis deyil. Sizcə, güzəşt nə olmaldır? İstəyirsiz ki, hər kəs bayraq qaldırıb Azərbaycan hakimiyyətinin yanında dayansın? Yox, onların dəyərləri var, o dəyərlərə uyğun da addımlar atırlar. Qərb strateji olaraq Azərbaycan hakimiyyəti ilə anlaşa bilir. Mənim gördüyüm budur.
- Dediklərinizdən belə çıxır ki, Azərbaycanda demokratiyanın bərqərar olması, yaxud da bu iqtidarın demokratiya açılımı etməsi hələ uzaqdadır.
- Əsla. Mən bayaq da dedim ki, Qərb bir şeydən arxayındır ki, Azərbaycan Avrasiya siyasi coğrafiyasında deyil, Yaxın Şərq coğrafiyasında deyil, Avropa coğrafiyasındadır.
- Bu günü ilə Azərbaycan demokratik Avropanın mənzərəsini korlamırmı?
- Qərb Belarus üzərində təcrid siyasətini tətbiq etdi. Heç bir nəticə əldə edilmədi. İndi Qərb anlayır ki, dünyanın bu qarışıq düzənində təcrid etməklə, siyasi coğrafiyadan çıxarmaqla avtoritar və avtoritarizmə meylli iqtidarları daha da gücləndirir. Ona görə də siyasətlərini dəyişərək ölkələri daha çox yanlarında saxlamağa, problemləri mərhələli şəkildə çözməyə çalışırlar.
- Hakimiyyət də bu durumdan sui-istifadə edir.
- Olur. Azərbaycan hakimiyyətinin sui-istifadəsi ilə bağlı xeyli faktlar var. Amma Elmar Məmmədyarov Avropa Şurası qarşısında çıxış edərək deyirsə ki, bizim demokratikləşmə ilə bağlı 2014-2016-cı illər planlarımız var, bu, hələlik müzakirəyə çıxarılmasa da altyapıda Qərblə hesablaşdıqları, razılaşdıqları deməkdir.
- Qərbin Azərbaycanla bağlı 2015-2018 planı varmı?
- Var, əlbəttə.
- Qərb Azərbaycandan nə istəyir və sizin düşüncənizə görə Azərbaycan iqtidarı Qərbin tələbləri qarşısına nələrə gedə bilər?
Qələmə aldı Aygün MURADXANLI