İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri Möhsün Pakayin “Yeni Müsavat”a danışdı

1694 11.12.2013 08:46 Müsahibə A A






















Hökumətlə müxalifət arasında fikri ayrılıqları xaricdə deyildiyi kimi deyil...”


İranın Azərbaycandakı səfirinə müsahibə üçün bir qədər əvvəl müraciət etsək də, baş tutmamışdı. Səfirlə söhbət Tehranın Qərblə nüvə  məsələsində anlaşması dönəminə, eləcə də Azərbaycanla İran arasında sərhəd gərginliyi zamanına təsadüf etdiyindən suallar bir qədər  yayğın oldu. Cənab Möhsün Pakayinə Cenevrə danışıqlarından tutmuş, Həsən Ruhaninin idman geyimində dağ turuna çıxmasına və nəhayət,  Azərbaycanla münasibətlərə dair müxtəlif məzmunlu suallar ünvanlamalı olduq.

- Noyabrda İran və “altılıq” ölkələri arasında nüvə məsələsində razılıq əldə olundu. Bu müqavilə İran tərəfini qane edirmi?  Müqavilədən sonra İranın xaricə neft satışında artım qeydə alınıbmı? Bəzi media orqanları İranın iqtisadi vəziyyətində dəyişiklik  müşahidə olunduğunu bildirirlər.

- Ümumilikdə noyabrda Cenevrədə baş tutan müzakirələr konstruktiv və müsbət keçdi. Bu müzakirələrdə göründü ki, Qərb dövlətləri  başa düşürlər ki, İranla müzakirə və dialoq dili ilə danışmalıdırlar. Təhdid və təzyiqlər kənara qoyulmalıdır. Qərb ölkələrinin  İranın məntiqli tərəfdaş olması və ortada olan məsələlərin dialoq və müzakirələrlə həll etmək lazım gəldiyini qəbul etməsi müsbət  nəticədir. “Altılıq” ölkələrinin İranın nüvə proqramı ilə bağlı narahatlığı ondan ibarət idi ki, bizim nüvə proqramımız dinc  məqsədli fəaliyyətdən kənara çıxaraq nüvə silahı əldə olunması istiqamətinə yuvarlana bilər. Biz məntiqli şəkildə onları inandırdıq  ki, İslam Respublikası heç zaman nüvə enerjisindən digər məqsədlər üçün istifadə etməyəcək və proqram sülh məqsədindən kənara  çıxmayacaq. İranın nüvə proqramı sülh məqsədi və ölkənin iqtisadi inkişafına dəstək məqsədlidir. Biz nüvə sənayesinin dinc məqsədli  olması ilə bağlı beynəlxalq sənədə imza atmışıq və bu sazişdən kənara çıxa bilmərik. MAQATE-nin müfəttişləri də daim gəlib İranın  nüvə təsisatlarını yoxlaya bilərlər. Və MAQATE-nin bu günə qədər hazırladığı heç bir hesabatında qeyd olunmayıb ki, İran dinc  məqsədli nüvə proqramından kənara çıxıb. 
Bundan başqa, ölkənin dini və siyasi rəhbəri ali dini lider nüvə silahının istehsalı və istifadəsini qəti şəkildə haram buyurub.  Bizim haqq sözümüzü gec də olsa eşitdilər və İranın dinc məqsədli nüvə proqramının fəaliyyətinə razılaşdılar. Tərəflər hazırda  qarşılıqlı etimad yaratmaq üzərində çalışırlar. Əgər qərblilər bu öhdəliklərə əməl etsələr və qarşılıqlı etimad yaransa, o zaman  təbii ki, İranın neft hasilatı da artırılacaq. Nəticədə İranda xarici sərmayədarların, xüsusən də neft sahəsində çalışmaları üçün  şərait yaradılacaq. 

- Razılaşmadan sonra belə bir məlumat yayıldı ki, İran iqtisadiyyatında hərəkətlilik artıb. Nüvə razılaşması ölkə həyatına təsir  elədimi?

- İran iqtisadiyyatında xüsusi bir dəyişikliyin olmasından danışmaq hələ tez olardı. Amma bu prosesin müsbət bir hadisə olduğunu  nəzərə alsaq, hazırda İran iqtisadiyyatında bir aramlıq yarandığını deyə bilərik.   

- Bəzi müşahidəçilər Tehran hökumətinin Cenevrə razılaşmasına sona qədər sadiq qalmayacağını qeyd edirlər. Ümumiyyətlə, bu proses  davamlı olacaqmı? 6 aydan sonra razılaşmanın uzadılması imkanları varmı?

- Biz həmişə başqa ölkələrlə bağladığımız müqavilələrə, götürdüyümüz öhdəliklərə əməl edirik. Lakin nəzərə almaq lazımdır ki,  Cenevrə sazişi addım-addım irəlilənən bir razılaşmadır. Yəni biz bir addım atacağıq, qarşı tərəf də bir addım atmalıdır. Əgər bu  addımlar bu şəkildə atılmaqla davam etsə, o zaman öhdəliklərə də əməl olunacaq. Ancaq prosesdə əsas maneələrdən biri budur ki,  sionist rejim (İsrail) Cenevrə sazişinin yerinə yetirilməsinin qarşısını almağa çalışır. Əgər Qərb ölkələri müstəqil şəkildə,  sionist rejimə tabe olmadan qərarlar qəbul edib siyasət yürütsələr, o zaman zənnimcə, bu sazişin davam etməsi üçün çox hamar bir  yol olacaq. Cenevrədə imzalanan bu sazişdən İsrail çox narahat olub.

- Yeri gəlmişkən, İsrailin prezidenti Şimon Peres bugünlərdə bəyan edib ki, nüvə məsələsi ilə bağlı iranlı həmkarı ilə danışıqlara  hazırdır. İran tərəfi belə bir görüşə razı ola bilərmi? Hansı şərtlərlə İsraillə dialoqa gedə bilərsiniz? 

- Biz ümumiyyətlə, İsrail dövlətinin mövcudluğunu rəsmi şəkildə qəbul etmirik. Bu açıqlama təbliğata hesablanıb və reallaşdırılması  üçün əsas yoxdur. 

- Bəzi ekspertlərə görə, İranın Qərblə, xüsusən də ABŞ-la yaxından əməkdaşlığı real deyil. Çünki hər iki dövlətin Yaxın Şərqdə  maraqları bir çox nöqtələrdə toqquşur. Bu baxımdan iki ölkə arasında yaxınlaşma uzun zaman və çox davam edə bilməz. İran və ABŞ  münasibətləri hansı səviyyəyə qədər yumşalacaq?

- Biz şahidik ki, Amerika 34 il bizimlə düşmənçilik edib. Bu 34 ildə açıq şəkildə bizim daxili işlərimizə müdaxilə edib, İrandakı  inqilab əleyhdarlarını dəstəkləyib, onlara hərbi bazalar verib, Səddam Hüseyni İrana qarşı müharibəyə təşviq edib, silahlandırıb,  dəstəkləyib, Səddam Hüseyninin İrana qarşı kimyəvi silahdan istifadə etməsinə göz yumub, İran əleyhinə böyük həcmdə maliyyə ayırıb,  çox şiddətli sanksiyalar qəbul edib, hansı ki, İran xalqı bundan çox əziyyət çəkib. Buna görə də İranla Amerika arasında ixtilafın  aradan qaldırılması üçün uzun bir yol və proses tələb olunur. Amerika özünün düşmənçilik fəaliyyətlərini azaltmaq və keçmiş  səhvlərini düzəltmək üçün səy göstərməlidir. Bizim son müzakirələrimiz də nüvə proqramı ətrafındadır, ikitərəfli əlaqələrə aid  deyil. Hər halda, əgər Amerika özünün keçmiş səhvlərini düzəltsə və müsbət addımlar atsa, İran öz mövqeyinə yenidən baxa bilər. 

- İran daxilində, o cümlədən siyasi və dini çevrələrdə Həsən Ruhaninin Qərblə münasibətləri qaydaya salmaq məqsədilə atdığı  addımlar necə qarşılanır? Qərb mətbuatı bugünlərdə Həsən Ruhaniyə qarşı çevriliş hazırlanması haqda yazmışdı. Ümumən İran dini və  siyasi elitasında Həsən Ruhaniyə münasibət necədir? 

- Cənab Ruhani uzun illər dövlət rəhbərliyində yüksək postlarda çalışıb. Onun xarici siyasət kursu, xüsusən də son nüvə  müzakirələri İranın ali dini lideri və bütövlükdə xalq tərəfindən dəstəklənir. Təbii ki, hər bir ölkədə müxaliflər mövcuddur.  İranda da siyasi müxalifət öz mövqeyini bildirir. Məntiqi fikirlər və təkliflər olsa, cənab Ruhani bu fikriləri qəbul edər. Lakin  hətta Həsən Ruhaninin xarici siyasətini tənqid edənlər də nüvə müzakirələrini dəstəkləyir. Bu tənqidçilərin və müxaliflərin əsas  tövsiyəsi budur ki, müzakirələrdə İran xalqının nüvə enerjisi əldə etmək haqqı əlindən alınmasın. Hazırkı siyasi kurs belədir və  dəfələrlə elan olunub ki, hökumət heç zaman İran xalqının hüququnu müzakirə obyektinə çevrilməyəcək. Bu səbəbdən də hazırda İranda  hökumətlə müxalifət arasında fikri ayrılıqları xaricdə deyildiyi kimi deyil. Bizim ölkəmiz bir ailə şəklindədir və bütün bu ailə  ali dini liderdən əmr alır. Hər bir ailədə olduğu kimi bu ailədə də ixtilaflar və fikir ayrılıqlarının olması mümkündür. Lakin  bütün bu “ailənin” üzvləri xarici təhdidlərin qarşısında birdir. 

- Ötən gün mediada prezident Həsən Ruhaninin xalq arasında gəzintidə idman geyimində şəkilləri yayıldı. Bu hadisə İranda bir  yenilik kimi təqdim olundu. Ümumiyyətlə, daha əvvəl din xadimi olan dövlət rəhbərlərinin bu şəkildə gəzintiləri və xalq arasında  idman geyimində çıxması halları olubmu? 

- Ruhani olsun və ya olmasın, kimsə idman edəndə xüsusi geyim geyinir. Bir ruhaninin idman geyimində xalq arasına çıxmasında bir  eyib yoxdur. Təbii ki, ruhani olmayan adi insanlar da idman edərkən qalstuk və pencəklərini idman geyimi ilə əvəz edirlər. 

- Təbii ki, elədir. Amma söhbət İranın prezidentindən gedir. Ümumiyyətlə, daha əvvəl prezident vəzifəsində olmuş ruhanilərin idman  geyimində xalq arasında şəkilləri yayılmamışdı. 

- İslam idmana yaxşı baxır. İranda da çoxlu sayda ruhanilər var ki, dağa çıxırlar, idman edirlər və bu zaman idman geyimlərində  olurlar.

- Gələn ay Suriya ilə bağlı ikinci Cenevrə konfransının keçirilməsi planlaşdırılır. Eyni zamanda artıq gələn məlumatlarda İranın da  konfransa dəvət olunacağı bildirilir. Suriya müxalifəti də bəyanat yayaraq İranın Cenevrə konfransında iştirakına razı olduğunu  bildirib. Cenevrə konfransında İranın xüsusi təklifləri nədən ibarət olacaq? Ümumiyyətlə, gözləntilər nədən ibarətdir?

- Bizim konfransdan gözləntimiz və eyni zamanda Suriya münaqişəsi ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə sülh yolu  ilə həll olunmalıdır. Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Bu problem dövlətlə müxalifət arasında, islahatlar  vasitəsilə həll olunmalıdır. Böyük güclərin Suriyanın daxili işlərinə müdaxiləsi yolverilməzdir. Terrorçu qruplara silah və  sursatlar göndərilməməlidir. Bütün region ölkələri kömək etməlidir ki, Suriyada sabitlik yenidən bərqərar olunsun. Suriya xalqı öz  taleyini özü həll etmək haqqına sahibdir. Bu da seçki qutularından keçir. Müharibə, terrora və terrorçuları silahlandırmağa ehtiyac  yoxdur. İranın Cenevrə konfransında iştirak edib etməməsindən asılı olmayaraq bu prosesi dəstəkləyirik. Gözləntimiz ondan ibarətdir  ki, bu konfrans Suriya münaqişəsinin həlli istiqamətində ciddi qərarlar qəbul edə biləcək. 

- İran hökuməti Cenevrə konfransında iştirak edəcəkmi? 

- Dəvət etsələr, əlbəttə. 

- Azərbaycan-İran sərhədi bir müddət bağlı qaldı. Eyni zamanda İran sərhəd polisinin rəisi baş verənlərə görə Naxçıvan rəhbərliyini  ittiham etdi. Hazırda durum necədir? Sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirirmi? Naxçıvanla anlaşılmazlıq nədən ibarət  idi?

(davamı gələn sayımızda)

Kənan RÖVŞƏNOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR