Belarus prezidenti Aleksandr Lukaşenkonun nəvələri Anastasiya və Darya, oxuduqları Belarus Dövlət Universitetinin liseyindən sənədlərini geri götürüblər.
Musavat.com xəbər verir ki, bu barədə “tut.by” portalı məlumat yayıb.
Qeyd olunur ki, Dmitri Lukaşenkonun qızı Anastasiya humanitar təmayüldə təhsil alıb və hətta ötən il liseyin “vitse-miss”i də seçilib.
Darya Lukaşenko isə liseyə bu il daxil olub və o da bacısı kimi humanitar sahəni seçib.
Lakin yeni dərs ili başladıqdan cəmi bir həftə sonra iki bacının sənədləri təhsil müəssisəsindən götürülüb. Onların bundan sonra hansı məktəbdə oxuyacaqları bəlli deyil.
Qeyd edək ki, bundan öncə Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolayın da liseyi tərk etdiyi məlum olmuşdu. Kiçik Kolya biologiya təmayülündə adını qeyd etdirsə də sonradan dərslərə gəlməyib.
Belarus mətbuatı buna əsas səbəb kimi, bəhs olunan ali təhsil ocağının hazırkı rejimə qarşı müxalif əhval-ruhiyyədə olmasını göstərib.
Belə ki, həm Belarus Dövlət Universitetinin, həm Belarus Milli Texniki Universitetin, habelə, Minsk Dövlət Dilçilik Universitetinin tələbələri Aleksandr Lukaşenkoya qarşı aksiyalarda fəal iştirak edirlər.
Universitetin prorektoru İvan Yanuşeviç nümayişlərdə olduğu təsbit edilən tələbələrin universitetdən xaric olunacağını istisna etməyib.
Musavat.com






