İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lotu Quli"nin adından əmisi oğlunu şantaj edən şəxsin şikayətinə bu tarixdə baxılacaq

1216 19.12.2023 09:56 Kriminal A A

Hədə-qorxu ilə şantaj etməkdə təqsirləndirilən Vüsal Axundovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun icraatında araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq prosesi dekabrın 21-nə təyin edilib.

İttihama görə, Vüsal Axundov hüquq-mühafizə orqanlarının birində işləyən əmisi oğlu Emin Axundovu kriminal aləmdə "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun adından şantaj edib. Emin Axundovun dediyinə görə, bu şantaj nəticəsində 12 milyon manatlıq pul və əmlakı əlindən alınıb.

Onun şikayəti əsasında öz əmisi oğlu Vüsal Axundov cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinən Vüsal Axundov 14 il azadlıqdan məhrum edilib.

Həbsindən öncə ədliyyə sistemində çalışan Vüsal Axundov isə özünü təqsirli bilmir, ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə deyib ki, əmisi oğlunun “Lotu Quli”nin tələbiylə pul və əmlaklarını verməsinin ona heç bir aidiyyəti yoxdur. O, məhkəmədən bəraət istəyib.

Zərərçəkmiş qismində tanınan Emin Axundov məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. O, istintaqa ifadəsində deyib ki, əmisi oğlu onun qazancını, sahib olduğu pul və əmlakı bilirdi. Ona görə də “Lotu Quli”nin adından hədə-qorxu gələrək pulunu və əmlakını ələ keçirib. Lakin o, hansı səbəblə şantaj olunduğunu, ondan niyə pul tələb edildiyini açıqlamayıb.

Emin Axundov bildirib ki, əmisi oğlu Vüsal özünü “Lotu Quli” ilə aralarında vasitəçilik edirmiş kimi göstərib. Zərərçəkmiş iddia edir ki, öncə 700 min dollar pul verib. Sonra 12 sot torpaq sahəsində tikilmiş villası, Çexiyada (Karlovı Varıda) mülkü və başqa əmlakları əlindən alınıb: "Pulu verirdim Vüsala, deyirdi ki, çatdırdım...".

Zərərçəkmişin sözlərinə görə, sonda tələbləri yerinə yetirə bilmədiyini görüb bir dostundan kömək istəyib. Şikar adlı dostu vasitəsilə Səlifovla əlaqə saxlayıb: "O isə bildirib ki, heç kimdən heç nə istəməyib, onun adından istifadə edirlər...".

Təqsirləndirilən Vüsal Axundov isə əmisi oğlunun onu şərlədiyini deyir: "Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi, öləndən dərhal sonra şikayət elədi? Əgər doğru olsaydı, elə sağlığında şikayət eləyərdi. Özü də əməliyyatçı olub, kor-koranə kiməsə pul verməzdi ki...".

Xatırlatma: Nadir Səlifov 2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, qətl, pul tələb etmə və başqa ittihamlarla 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib.//Pravda.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR