İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda Azərbaycan və Türkiyə əleyhinə işləyən şəbəkəni kim hərəkətə gətirir? ŞOK DETALLAR

9091 11.11.2021 14:24 Siyasət A A

Milli Şura rəhbərliyinin də içində olduğu prosesin şok detalları

Müxalifətin “radikal” qanadını təmsil edən “Milli Şura”nın sədri Cəmil Həsənli və ADR rəhbəri Qubad İbadoğlu son həftəni Londonda keçirdilər. Bu şəhərdən internet televiziyaları vasitəsilə anti-Azərbaycan  çıxışlar edib “Pandora sənədləri”ni ölkəmizin boyuna biçməyə çalışdılar. İbadoğlu London İqtisad Məktəbində  (LSE) çalışdığı üçün onun Britaniya paytaxtından reportajlar etməsini texniki səviyyədə qəbul etmək olardı. Cəmil Həsənlinin Londonda  görünməsini də bu qəbildən izah etmək mümkündür. Amma dünən mediaya məlumat sızdırıldı ki, “Milli Şura”nın daha bir  üzvü Gültəkin Hacıbəyli də çevrəsi ilə bərabər  bu şəhərə gəlib və digər həmkarları ilə birgə qatılacağı tədbirlərə hazırlaşır.

Kimdir Azərbaycan “radikal düşərgə” təmsilçilərini Londona toplayan? Heyətdə başqa kimlər var və söhbət hansı tədbirlərə qatılmaqdan gedir? Əgər qatılacaqları toplantı, keçirəcəkləri görüşlər leqal xarakterlidirsə, onda  ənənələrinə sadiq qalıb təbliğat qurar, piar edib  yararlanardılar. Əksi olardısa, toplantını məxvi saxlayar,  informasiya sızıntısına yol verməzdilər. Amma Gültəkin Hacıbəylinin Londona gəlməsi barədə informasiyanı mediaya özləri sızdırıblar. Detalları açmasalar da, ümumi bilgini yayıblar. Nəticə çıxır ki, düşərgə təmsilçiləri Londonda toplaşdıqlarının  bilinməsində maraqlıdırla, amma detalları  qapalı saxlamağa çalışırlar. Bəllidir ki, London ayrı-ayrı ölkələrin müxalif siyasi çevrələrinin  toplaşdıqları ənənəvi  məkan deyil. Bunun üçün Avropada “ixtisaslaşmış şəhərlər” mövcuddur.   Müxalif cərəyanlar  adətən Varşava, Praqa, Strasburq, Brüssel, Paris  və digər mərkəzlərdə təlimatlandırılır, koordinasiya edilirlər. İndi  marşrut dəyişməyin səbəbi nədir?

Cəmil Həsənli: Tənqidçiləri aradan götürmək İlham Əliyevin siyasətində  prioritet istiqamətlərdən biridir

Cəmil Həsənli 7 noyabrda internet tv-lərə verdiyi  açıqlamasının (https://www.youtube.com/watch?v=axNmBfSB0f8 ) 5-8-ci dəqiqələrində  səfərin məqsədi barədə qısa bilgi verir. Deyir ki, Londonda toplaşmalarının məqsədi “Pandora sənədləri”nin reallığını isbatlamaq üçün faktlar toplamaqdan ibarətdir: “Səfər proqramı  bəzi demokratik təsisatlar tərəfindən təşkil edilib. Missiya çərçivəsində faktlar toplanılacaq və  Londonun rəsmi dairələrinin diqqətinə çatdırılacaq. Məqsəd Britaniya hökumətinin diqqətini Pandora sənədlərinə çəkməkdir”.

Cəmil Həsənlinin bu açıqlaması vəziyyəti aydınlaşdırmır, əksinə, yeni suallar doğurur. Səfərin “bəzi demokratik təsisatlar tərəfindən təşkil edilməsi” ifadəsi mücərrəddir,  təşkilatçının adı bilərəkdən gizlədilir. Belə yanaşma səfərin təşkili barədə gündəmdə olan digər informasiyaları qüvvətləndirir. 

Səfərin məqsədi  barədə qarışıq rəylər

“Milli Şura” sədrinin açıqlaması özünün və daxil olduğu şəbəkənin əvvəlki tezisləri ilə ziddiyyət təşkil edir. Öncəki  açıqlamaları (https://mikroskopmedia.com/2021/10/04/eliyevlerin-londonda-700-milyon-dollarliq-gizli-serveti-ortaya-cixib/ )  bu istiqamətdə qurulmuşdu ki, guya Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) və OCCPR-in (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya araşdırmaları layihəsi)  hesabatlarının (https://www.occrp.org/en/the-pandora-papers/  //  https://www.icij.org/investigations/pandora-papers/ )  “legitimliyi” Avropanın siyasi çevrələrində  şübhə doğurmur.  Rəy yaradırdılar ki, Britaniya Cinayətlər Agentliyi  ICIJ /OCCPR-lə “müştərək işləyir” ( https://toplum.tv/siyaset/muxalifet-pandora-senedleri-ile-bagli-bas-prokurorluga-muraciet-etdi). Cəmil Həsənlinin indiki açıqlaması isə qeyd edilən tezisi inkar edir. Əgər “Pandora sənədləri” legitim sənəd, istisnasız reallıq kimi qəbul edilirdisə və  Böyük Britaniya həmin hesabatı bölüşürdüsə, onda “radikalların” Londona səfər edib hökumət binalarının qapılarını bir-bir döymələrinə, kompromat qovluqlarını adbaad təqdim etmələrinə nə zərurət vardı? Həsənlinin açıqlamasından çıxan nəticə budur ki, əksinə, “radikalların London səfəri”ni təşkil edənlər  ICIJ /OCCPR-in hesabatlarının ciddiyə alınmasına çalışırlar, bunun üçün xüsusi kampaniya keçirirlər.Təşkilatçılar “Azərbaycan müxalifəti” adından müəyyən qrupu bu prosesə qatmaqla, onların adından açıqlamalar yaymaqla  rəsmi Londonda  “Pandora sənədləri”nin legitimliyi barədə rəy formalaşdırmağa çalışırlar.

Məqsəd, hədəf məhz Londonu bu proseslərə qatmaq, yaxud, ən azı, Londonun bu prosesdə olduğu görüntüsünü yaratmaqdır.         

Niyə London, nə üçün indi?

Wolt Azerbaijan” kimə mane olur?

Qubad İbadoğlu

Cəmil Həsənli və Qubad İbadoğlunun 7 noyabr açıqlamaları təkcə məntiqi baxımdan  ziddiyyətli deyil. Yuxarıda qeyd etdik ki, səfərin həm də təşkilatçısının və maliyyəçisinin adı bilərəkdən gizlədilir, üzərindən sakitcə keçilir. Amma suallar bununla bitmir. İstiqamətlər  nə üçün Böyük Britaniya paytaxtına yönəlib, səfərlər, kampaniyalar  nə üçün məhz indi təşkil edilir? Suallara aydınlıq gətirmək üçün Londonda paralel şəkildə gerçəkləşdirilən proseslərə nəzər salma lazım gəlir.

Böyük Britaniya  “44 günlük Vətən müharibəsi”ndə Azərbaycana istisnasız dəstək verib. II Qarabağ savaşının davam etdiyi günlərdə  BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqe əks etdirən bəyanat açıqlamaq niyyətində olub. Amma  Britaniya bunun qarşısını alıb. Bəyanatın mətnində  hərbi əməliyyatların dərhal dayandırılması, proseslərə üçüncü ölkələrin hər hansı formada müdaxiləsinin yolverilməzliyi və “münaqişə zonasında terrorçuların mövcudluğu”ndan bəhs olunub. Layihə birmənalı şəkildə Ermənistana dəstək xarakteri daşıyıb. Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvord sənədin qeyri-obyektiv olduğunu, Azərbaycanın öz ərazisində sülhə məcburetmə əməliyyatları apardığını və ərazi bütövlüyünü bərpa etməyə çalışdığını əsas gətirərək bəyanata veto qoyub. Bununla da problem aradan qalxıb. Ermənistanın xarici işlər nazirinin müavini olmuş Şavarş Köçəryan məlumatı  təsdiqləyib  (https://www.azerbaycan24.com/britaniya-bmt-ts-da-azerbaycan-eleyhine-beyanata-veto-qoydu/ ). Bu gün Londonda “bəzi demokratik təsisatlar” tərəfindən həyata   keçirilən kampaniyalar isə Böyük Britaniyanın Azərbaycanın haqlı mövqeyinə istisnasız dəstəyini aradan qaldırmağa hesablanıb. Bu kampaniya təkcə “Pandora sənədləri” kontekstində deyil, paralel olaraq təzyiq elementləri müstəvisində aparılır.

Böyük Britaniya Parlamentində qondarma soyqırımı dinləmələri

Britaniya parlamentində  “erməni soyqırımı”nın tanınması ilə bağlı müxtəlif zamanlarda təşəbbüslər göstərilib ( https://yeganahajiyeva.com/2021/11/05/boyuk-britaniya-parlamentind%C9%99-dinl%C9%99m%C9%99l%C9%99r/ ). Amma Lordlar Palatası  erməni lobbi qrupunun təşəbbüsünü geri çevirib,  “erməni soyqırımının tanınması, 24 aprelin  soyqırım qurbanlarının xatirəsini anma günü elan edilməsi” təklifinə qarşı çıxıb. Baronessa Karolin Koks təklifin müzakirəyə çıxarılması üçün cəhdlərini indi də davam etdirir. Qeyd edək ki, Böyük Britaniyanın dövlət arxivlərində Osmanlı tarixinin bütün dövrləri, xüsusilə də 1915-ci il  hadisələrinə dair arxiv sənədləri mövcuddur. Təsadüfi deyil ki,  “Erməni soyqırımı”nı  inkar edənlərdən biri,  ABŞ-ın Prinston Universitetinin professoru Heath Louri bu yöndə tədqiqatlarını məhz Böyük Britaniyanın Kral kitabxanasındakı arxiv sənədləri əsasında hazırlayıb. Onun hazırladığı hesabat bu gün bütün dünyada yalançı erməni soyqırımını ifşa edən əsas faktoloji hesabat kimi qəbul  olunur.

Böyük Britaniya İcmalar Palatasındakı  erməni lobbi qrupu 2020-ci ilin noyabr ayından, yəni, Ermənistanın II Qarabağ savaşında uduzmasından  sonra qondarma soyqırım təşəbüslərini yenidən gündəmə gətirib. Yaşadığımz günlərdə-2021-ci ilin oktyabr-noyabr aylarında Leyboristlər və Mühavizəkarlar  partiyalarında yer tutan erməni lobbiçiləri Azərbaycan və Türkiyə əleyhinə olan  iki müzakirə təşkil ediblər. Müzakirələrdən biri  məhz  Şuşanın azad edilməsi və müharibənin bitməsi günlərinə təyin olunub, yəni, 9-10 noyabr tarixlərinə. Noyabrın 9-da  Böyük Britaniya parlamentinin İcmalar Palatası “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb. Sözügedən qanun layihəsi Böyük Britaniya parlamentinin üzvü Tim Lotton tərəfindən təqdim edilib. Leyboristlər Partiyasının üzvü Con Spelların iştirakı ilə hazırlanmış və “1915-ci il erməni soyqırımı”nı tanımağa yönəlmiş qanun layihəsi müzakirəyə çıxarılıb (https://parliamentlive.tv/event/index/6be40a26-ff22-4c83-9a03-fcf2e342cea9?in=14%3A35%3A34&fbclid=IwAR2iXLy2XpL0TPSQ30l9v_TW07cnnDApMdhXvH5lfL3dEX29IxyKaxJe5eQ  ). Layihə  2021-ci il dekabrın 10-da İcmalar Palatasında  da müzakirəyə çıxarılacaq. Bu isə düz bir il əvvəl Türkiyə Prezidentinin də iştirakı ilə Bakıda Zəfər paradının keçirildiyi tarixdir.

Göründüyü kimi, Azərbaycanın qələbəsi üçün əlamətdar günlərə təyin olunmuş bu müzakirələr təsadüfi deyil. Böyük Britaniyanın Azərbaycan və Türkiyə əleyhinə koalisiyalarda təmsil olunması, yaxud, ən azı, Azərbaycan və Türkiyə ilə münasibətlərinin pozulması üçün geniş bir kampaniya başladılıb. Con Spelların müəllifiliyi ilə hazırlanan müzakirə mətnlərində diqqət çəkən  məqamlardan biri də Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun adının keçməsidir. O, Türkiyə xüsusi xidmət orqanları ilə yaxın təmaslarda qınanılır. İngiltərənin Türkiyədə eks səfiri olmuş, Britaniya kəşfiyyatının hazırki  rəhbəri Riçard Mur   Vətən müharibəsi günlərində Türkiyəyə səfərlər edib. Bu səfərlər indi erməni lobbisi tərəfindən onun əleyhinə çevirilir.

Təsadüfə bənzəməyən proseslər  

“Pandora sənədləri” kimi avantürist hesabatın indi açıqlanması, Britaniya Parlamentində qondarma soyqırım üzrə  dinləmələrin başladılaması,  Azərbaycanın  “radikal müxalifət” təmsilçilərinin bu dinləmələrə dəstək vermək üçün Londona çağırılması…təsadüfi deyil, sinxron hərəkətlərdir. “Milli Şura” sədrinin karyerasında belə riskli sinxron proseslərin tərkibində olmaq təcrübəsi var.  

2019-cu ildə hadisələrin ağırlıq mərkəzi ABŞ-da idi. Konqress   “erməni məsələsi”ni gündəmə çıxarmışdı. Həmin ilin oktyabr ayında  qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “xarici işlər naziri” Masis Mayılyan ABŞ-a səfər edərək  Konqresdə qalmaqallı tədbir keçirdi, “DQR-in  müstəqilliyini” qeyd etdi (https://publika.az/news/abs/294627.html ).

 

Azərbaycan diaspora nümayəndələri Konqress qarşısına toplaşıb Masis Mayılyana etiraz edəndə bəlli oldu ki, “Milli Şura” sədri Cəmil Həsənli də  Vaşinqtondadır. “Tədqiqat üçün ABŞ-a gəlmiş” MŞ sədrinin Masis Mayılyanla parallel şəkildə  konfrans keçirməsi təsadüfi idimi? Masis Mayılyan Konqresdə “DQR  müstəqilliyini” qeyd edərkən Cəmil Həsənli  “Azərbaycanda demokratiyanın olmaması barədə” danışırdı  (https://axar.az/news/gundem/418935.html ). Məhz  həmin vaxt, yəni proseslərin ağırlığı Vaşinqtonda olanda  Qubad İbadoğlu da ABŞ-ın Rutgers Universitetində çalışırdı və öz məqamından Cəmil Həsənliyə dəstək verirdi.

Bu gün isə anti-Azərbaycan və anti-Türkiyə şəbəkənin hədəfi  London üzərində cəmləşib. Cəmil Həsənlinin “tədqiqatları” da Londona köçüb. Qubad İbadoğlu da London İqtisad Məktəbində  (LSE) çalışmağa başlayıb və buradan “Milli Şura” sədrinə dəstək çıxışları edir. Paralel şəkildə erməni lobbisi Britaniya Prlamentində qondarma soyqırımı məsələsini gündəmə gətirib. ICIJ /OCCPR də öz hesabatlarını indi açıqlayıb və prosesləri London üzərində fokuslaşdırıb…Bütün bunlar Azərbaycanda qeyd edilən Zəfər Bayramı ilə paralel şəkildə təşkil olunur.

Əlbəttə, dünyada erməni şəbəkəsi güclüdür. Amma ABŞ-dan başlayıb  Britaniyaya qədər,  İrandan keçib Rusiyaya qədər,   ICIJ –dən  OCCPR-ə və oradan “Milli Şura”ya qədər hər kəsi eyni anda hərəkətə gətirib bir xətt ətrafında düzə bilməsi rasional görünmür. Açıq-aşkar görünür ki, prosesə dəstək olan başqa  güc mərkəzləri var. ICIJ/ OCCPR-in işi necə təşkil olunur? “Radikal düşərgə”ni  Londona toplayan “bəzi demokratik təsisatlar” kimlərdirlər…? Prosesin arxasında hansı güc mərkəzləri, hansı dövlətlər dayanır? Bütün bunlar barədə növbəti yazımızda.

               
                             
                     Yeganə Hacıyeva                                                           Müşfiq Ələsgərli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR