London-Azərbaycan Qadınlar Klubu Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı tədbir keçirib. Musavat.com təşkilatın rəhbəri Sevil Aslanovaya istinadən xəbər verir ki, “Hazev” türk restoranında baş tutan tədbirə Londonda məskunlaşan azərbaycanlı qadınlarla bərabər, Türkiyə diasporundan da bir çox qonaqlar qatılıb.
Dünyanın bir çox ölkəsində qurulan Azərbaycan təşkilatlarının ölkəni təqdim və təbliğ etmədə önəminə toxunan klubun sədri Sevil Aslanova Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. O qeyd edib ki, bu cür tədbirlərin hər il keçirilməsi və iştirakın yüksək səviyyədə olması Azərbaycan adət - ənənələrinin təbliği, həmçinin Qarabağ probleminin bütün dünyaya çatdırılması üçün mühümdür. “Azərbaycan bizim üçün hər şeydir. Biz hər il olduğu kimi, bu il də Londonda çalışırıq ki, bütün siyasi və ənənəvi bayramlarımızı qeyd edək. Bu yaxınlarda Avropa Azərbaycanlılar konqresinin təşəbbüsü ilə Belçikada böyük bir tədbir keçirtdik və millətimizi tanıtmaq üçün böyük işlərə imza atdıq. Biz Avropa Parlamentində Azərbaycanı təqdim etdik və Qarabağ problemimizi onlara izah etdik”.
2018-ci ildə baş tutacaq tədbirlər haqqında da qısa məlumat verən Sevil Aslanova, tədbirə qatılan hər kəsə təbrik çıxışı üçün söz verdi. Milli mahnıların birgə oxunduğu tədbirdə daha sonra xanımlar, Azərbaycan mahnılarının sədaları altında rəqs ediblər.
Musavat.com






