Lombardlara üz tutanların sayı artıb: “Müştərilərimizin çoxu bank kreditlərini ödəmək üçün gəlir” REPORTAJ, FOTOLAR
Son devalvasiyadan sonra bank sektorunda yaranan çətinliklər, problemli kreditlərin artması hökuməti kredit şərtlərini sərtləşdirməyə vadar etdi. Mərkəzi Bank tərəfindən banklara kredit verilməsinin çətinləşdirilməsi göstərişi verildi. Hazırda banklarda kredit yalnız maaş kartı ilə yüksək məbləğdə məvacib alanlara verilir. Əhalinin aztəminatlı hissəsi isə demək olar ki, tam şəkildə kredit almaq imkanlarından məhrumdur. Bundan başqa, banklara borcu olanlara da kredit verilmir.
Belə olan halda əhalinin orta və kasıb təbəqəsi lombardlara üz tutmaq məcburiyyətində qalır. Çünki, lombardlar daha asan şərtlərlə işləyir, borcalandan heç bir arayış tələb olunmur. O da məlumdur ki, istənilən azərbaycanlı ailəsinin müəyyən qədər zinət məqsədi ilə istifadə olunan qızılı var. Bu baxımdan bankların kredit şərtlərini çətinləşdirməsi lombardlara tələbatı artırır.
Lombardlarda vəziyyət necədir? Borclar hansı faizlə verilir? Borcların qaytarılmasında problem yaşanırmı?
Bu sualların izi ilə musavat.com-un müxbiri paytaxt Bakıda fəaliyyət göstərən bir neçə lombarda baş çəkib.
Paytaxtın mərkəzində lombard işlədən sahibkarlardan biri Abbasqulu Abbasov da bildirir ki, son dövrlər lombardlara tələbat artıb: “Müştərilərin çoxu banklardan narazılıq edir ki, komission haqqı çox tuturlar, prosedur uzun çəkir, çoxlu sənədlər tələb olunur. Banklar faizləri də çox artırıblar. Bu baxımdan narazılıq artıb. Əksər bank filiallarında nağd pul az olduğundan, müxtəlif bəhanələrlə müştəriləri geri qaytarırlar. Bu səbəbdən bizə müraciət edənlərin sayı artıb. Sənədləşmə və prosedur baxımından lombardlar daha əlverişlidir. Aylıq 7-8 faizlik ödənişlər yalnız faizə hesablanır, məbləğ isə yerində qalır. Nə vaxt imkan varsa, borcu birdəfəlik qaytarıb girovu götürə bilərsən. Günün birinci yarısında ödəniş olunubsa, axşama kimi girov qoyulan mal müştəriyə qaytarılır. Bu mənada heç bir narahatlığımız olmayıb”.
Həmsöhbətim deyir ki, lombarda müraciət edənlərin əksəriyyəti banklara kredit borcunu ödəmə ilə bağlı çətinlik yaşayanlardır: “Bundan əlavə, cərimə borclarının ödənilməsi ilə bağlı lombardlara müraciət edənlər də var. Lombardlardan pul götürənlərə toy və yas mərasimlərinin keçirilməsi üçün çətinlik çəkənlər də daxildir. Həmçinin ticarətlə məşğul olanlar da tez-tez kiçik məbləğlərdə borc götürürlər”.
Hazırda lombardlarda rus qızılı 27 manatdan, italyan qızılı 33- 34 manatdan dəyərləndirilir. Faizlər isə məbləğdən asılı olaraq dəyişir. Borcun məbləği ilə faiz tərs mütənasiblik təşkil edir. Borcun məbləği artdıqca faiz azalır: “Bizdə faizlər məbləğdən asılıdır. Əsasən 7-8 faizlə borc veririk. Əgər borc 100 manata qədərdirsə 8 faizlə veririk. 300-500 manat arası borclar isə 6-7 faizlə verilir. Məbləğ lap böyük olsa, məsələn 3000-5000 arası olsa, onda 3 faizlə verilir. Düzdür, praktikada az hallarda bu məbləğdə borc verilir. Çünki indi o boyda məbləği heç bir lombard vermir.
Vətəndaşlar əsasən kiçik məbləğdə borclara üstünlük verirlər. Daha çox 200-300 manat götürürlər. 1000-2000 manat üçün gələnlər də olur, ancaq çox az hallarda. 1000 manat borc götürmək üçün 35-40 qram rus qızılı və ya 30 qram italyan qızılı olmalıdır. Ərəb qızılını isə 45 manatdan hesablayırıq”.
Lombard sahibinin sözlərinə görə, borcun vaxtında qaytarılması ilə bağlı problemlər tez-tez yaşanır: “Gecikmələr bizdə də çox olur. Çünki, əhalinin ümumi vəziyyəti çox aşağıdır. Hamı borc içindədir. Belə hallarda çalışırıq ki, insanları da pis vəziyyətdə qoymayaq, müəyyən qədər güzəştlər edirik. Girovu satmaq və ya hansısa problem yaranan zaman hüquq-mühafizə orqanlarına müraciət etmək bizim atacağımız ən son addımdır”.
Əhalinin gəlirlərinin aşağı düşməsi lombard faizlərinə də təsir edib. Ötən illə müqayisədə lombardlarda faizlər düşüb.
Abbasqulu Abbasov bunun səbəbini belə izah etdi: “Faizlər yüksək olandan əhalinin borc götürməyə, ödəniş etməyə gücü çatmırdı. Biz də işimizin xətrinə faizləri azaltmalı olduq. Çünki, bilirdik ki, əvvəlki faizlərlə davam etsək müştəri gəlməyəcək və ziyana işləməli olacağıq. Ona görə də, 1 faiz də xeyrimiz qalsa işləyirik”.
Lombardlara müraciət edən müştərilər demək olar ki, birmənalı olaraq borcu manatla götürürlər. Bu baxımdanəksər lombardlar manatla işləmək məcburiyyətində qalırlar.
Bir xatırlatma da edək ki, banklardan fərqli olaraq, lombardlarda aldadılma halları da ola bilər. Belə ki, əgər lombard sahibi müştərinin girovunu dəyərindən bir neçə dəfə aşağı qiymətləndirirsə, o lombarddan uzaqlaşmaq məsləhətdir. Çünki belə olan halda bəzi fırıldaqçı lombard işlədənlər müştərinin borcu qaytarmasında maraqlı olmur və insanları aldadırlar. Bu baxımdan müştərilər lombarda yaxınlaşarkən onun dövlət qeydiyyatının olub-olmaması ilə, sənədləri ilə tanış olmalıdırlar. Bu durum elə lombard sahiblərini də narahat edir. Onların sözlərinə görə, bir-iki nəfər belə fırıldaqçı düzgün işləyən lombardların da etibarını azaldır.
Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir






