İnsanlara hürriyət, millətlərə istiqlal!

Litvadakı Azərbaycan diasporu təcavüzkar ermənistanı cəzalandırmağı tələb edib

727 06.08.2014 21:50 Siyasət A A

Litva Azərbaycanlıları Cəmiyyəti işğal edilmiş Azərbaycan ərazilərindəki təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən son günlərdə törədilən təxribatlarla bağlı, eləcə də regionda vəziyyəti daha da gərginləşdirmək və yenidən genişmiqyaslı müharibəyə başlamaq məqsədi ilə Ermənistan başçılarının atdıqları təcavüzkar addımlara reaksiya olaraq bu ilin avqustun 5-də Litvanın Dövlət və Hökumət rəhbərlərinə müraciət etmişdir. Bu barədə musavat.com-a Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin imzası ilə məlumatlandırma məktubu daxil olub.  

Məktubda deyilir: 

„Müraciət Litva Respublikasının Prezidenti Zati-Aliləri xanım Dalya Gribauskayteyə, Litva Respublikası Seyminin Sədri xanım Loreta Graujineneyə, Litva Respublikasının Baş Naziri cənab Algirdas Butkyaviçyusa və Litva Respublikasının Xarici işlər naziri cənab Linas Linkyaviçyusa ünvanlanmışdır. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən imzalanmış həmin sənəddə deyilir:

        
 “Bu ilin 1-2 avqust tarixlərində Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazi dərinliklərinə soxulmaq üçün növbəti dəfə cəhdlər etmişdir. Heç bir səbəb və əsas olmadan təşkil edilmiş həmin hücumları dəf edən zaman çoxlu sayda Azərbaycan hərbçiləri həlak olmuşdur. 

         
Ermənistanın və onun qəyyumu Rusiyanın belə hərəkətləri artıq çoxdandır ki, beynəlxalq aləmdə təəccüb doğurmur. Lakin, bir para demokratik dünya dövlətləri siyasətçilərinin və bəzi ölkələrin ictimai-siyasi institutlarının bu olaylarla bağlı verdikləri açıqlamaları və ünvanladıqları müraciətləri mövcud durumla müqayisədə əsla adekvat başa düşmək olmur. Belə ki, onların çıxışlarında təcavüzə məruz qalmış Azərbaycan dövləti təcavüzkar Ermənistanla eyni tərəziyə qoyulur və yüz birinci dəfə sülhə çağırışlar edilir. Sözsüz ki, bu cür çağırışlar və boş müraciətlər mürtəce dövləti gələcəkdə də cəzalanmadan digər təcavüzkar addımlar atmağa şövqləndirir. 

 Litva Azərbaycanlıları Cəmiyyəti danılmaz və çox mühüm belə bir fakti bir daha konstatasiya etməyə israrlıdır ki, dünyanın bütün ölkələri və ən ali beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü birmənalı surətdə tanıyırlar. Odur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları heç bir vəchlə mübahisəli (yəni, “sahibsiz”) ərazilər sayıla bilməz. Belə olan halda, Azərbaycan dövləti zəbt edilmiş ərazilərini mümkün olan hər bir qanuni yolla azad etmək və doğma torpaqlarda işğal nəticəsində yaranmış faciəli vəziyyəti aradan qaldırmaq istiqamətində əsaslı addımlar atmaq üçün heç bir şəkk-şübhə doğurmayan mütləq hüquqa malikdir.  

 Ermənistanın Azərbaycana (Qarabağa) qarşı tutduğu işğalçı mövqe, Rusiyanın geosiyasi baxımdan Ukrayna (Krım və Donbas) və eləcə də Gürcüstan (Abxaziya və Sxinvali) əleyhinə sərgilədiyi mürtəce mövqe ilə demək olar ki, eynilik təşkil edir. Belə ki, “Dağlıq Qarabağ respublikası” kimi Donetsk və Lugansk “xalq respublikaları” da qeyri-qanuni və süni surətdə yaradılmiş saxta qurumlardır. Bu cəhətdən Ermənistan və Rusiya yeganə Avropa dövlətləridir ki, qonşu ölkələrin ərazi bütövlüyünə qarşı iddialarla çıxış edirlər və uzun illər ərzində sabitləşmiş beynəlxalq təhlükəsizlik sistemini kobudcasına dağıdaraq Bəşəriyyəti bu yolla Üçüncü Dünya müharibəsinə tərəf itələyirlər. 

Biz Litva Azərbaycanlıları Cəmiyyəti olaraq, Litvanın Dövlət və Hökumət rəhbərlərindən yuxarıda təqdim edilmiş argumentləri nəzərə almaqla, son günlər ərzində Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzkar əməlləri beynəlxalq hüquq qaydalarına söykənən ədalət və bəşəri prinsipiallıq mövqeyindən dəyərləndirib zəruri addımlar atmağı rica edirik. Bununla bağlı həmçinin Ermənistan əleyhinə Qərb ölkələri tərəfindən siyasi və iqtisadi sanksiyaların tətbiq olunması üçün Litva dövlətinin səlahiyyətli qurumları adından təşəbbüslə çıxış edərək Avropa Birliyinin aidiyyatı olan institutları qarşısında müvafiq vəsatət qaldırmağı təklif edirik”. 

Qeyd etmək istərdik ki, sözügedən müraciət Litva KMV ilə də yayımlanmışdır”.

Musavat.com 


        

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR