İnsanlara hürriyət, millətlərə istiqlal!

Lirə və rubl ucuzlaşır, manat isə... - Azərbaycanda qiymətləri nə gözləyir?

2088 10.06.2023 10:16 İqtisadiyyat A A

İdxal məhsullarının ucuzlaşması ölkədə inflyasiyanı azaldacaqmı...

Azərbaycanın iki ən böyük ticarət tərəfdaşı və qonşusu olan ölkələrdə - Rusiya və Türkiyədə milli valyutaların kəskin ucuzlaşması müşahidə olunmaqdadır. Qardaş ölkədə kritik seçkilər bitər-bitməz, milli valyuta olan lirə ABŞ dolları qarşısında qısa zamanda təzədən dəyər itirməyə başlayıb. Artıq bir ABŞ dolları 24 lirəyə mübadilə olunur. Bu isə ölkədə inflyasiyanın, bahalaşmanın yeni dalğası deməkdir.

Ukraynada işğalçı müharibə aparan Rusiya iqtisadiyyatında Qərbin ağır sanksiyalarının təsirləri getdikcə artır. Ölkə büdcəsində bu ilin ilk beş ayında 3 trilyon rubldan yuxarı kəsir yaranıb. İşğalçı müharibə nəticəsində Rusiya büdcəsindən gündəlik xərcləmələr rekord həddə çatıb, bunun qarşılığında büdcənin neft-qaz gəlirlərində kəskin azalma baş verir. Nəticədə son 1 ayda rubl dollara nisbətən 7.0 faizə yaxın dəyərsizləşib.

Qeyd edək ki, Rusiya və Türkiyə Azərbaycanın qeyri-neft ixracının yarıdan çoxunun reallaşdığı ölkələrdir. Belə ki, bu ilin yanvar-aprel aylarında 1.2 milyard dollar təşkil edən qeyri-neft ixracımızın 405,4 milyon dolları Türkiyəyə, 285,2 milyon dolları isə Rusiyaya reallaşıb. Bundan əlavə, Azərbaycan idxaldan asılı olduğu məhsulların, xüsusilə də ərzaq məhsullarının mühüm hissəsini məhz bu ölkələrdən alır. Belə bir şəraitdə iki qonşu ölkənin milli valyutalarının məzənnəsindəki dəyişikliklər Azərbaycan üçün hansı problemlər və üstünlüklər yaradır? Lirə və rublun dəyərsizləşməsi Azərbaycan manatı üçün nə vəd edir?

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, hər iki valyutaya təzyiqlər davam edir: “Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə qeyd edim ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Qeyd edək ki, ərzaq məhsulları idxalımızda mühüm payı olan ölkələrdə milli valyutanın dəyərsizləşməsi Azərbaycanda inflyasiyanın sürətinin azalmasına müsbət təsir göstərən amillər sırasındadır. Belə ki, Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, ölkədəki inflyasiyanın 60 faizə yaxını məhz idxal inflyasiyasının, əsasən də ərzaq inflyasiyasınındır. Yəni inflyasiyanın sürətlənməsində əsas rolu idxal olunan məhsullar oynayır. Bu günlərdə bu barədə danışan millət vəkili Vahid Əhmədov idxaldan asılılığı azaltmaq üçün addımlar atılmasının gərəkdiyini bildirib: “Bizdə əsasən idxal inflyasiyasıdır. İdxaldan azad olunmaq üçün hansı işlər görülür? Bir neçə dəfə demişəm ki, idxalın strukturu üzərində işləməliyik. Azərbaycanda hansı məhsulları istehsal etmək mümkündürsə, 3-5 il müddətində istehsal edək”.

Millət vəkili bildirib ki, 2023-cü ildə inflyasiyanın 10,4 faiz olacağı proqnozlaşdırılır: “Amma inanmıram ki, inflyasiyanı saxlaya bilək. Gedən proseslər onu göstərir ki, inflyasiya yüksək olacaq. Heç olmasa ərzaq və dərmanla əlaqədar əhalinin tələbatını ödəməliyik. Bu iki əsas səbəbi aradan qaldıraq ki, insanlar əziyyət çəkməsin. Bu iki məhsulu insan ala bilirsə, müəyyən qədər problemlərdən azad oluruq. Əgər bunun öhdəsindən gələ bilmirsə, problemlər kifayət qədər böyüyür”.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycana 2021-ci ildə 1 milyard 929 milyon 891 min dollar, 2022-ci ildə 2 milyard 363 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. Başqa sözlə desək, 2022-ci ildə yeyinti məhsullarının idxalı 12,2 faiz artıb.

Ötən il Azərbaycan xaricdən 175 milyon 147,9 min dollar dəyərində (artım 20,2 faiz) 332,294 min ton şəkər xammalı və şəkər (artım 6,1 faiz), 238 milyon 762,5 min dollar dəyərində (artım 31,6 faiz) 142,489 min ton bitki yağı (artım 9,5 faiz), 75 milyon 469,5 min dollar dəyərində (artım 22 faiz) 14,406 min ton çay (artım 3,2 faiz), 108 milyon 181,9 min dollar dəyərində (artım 37,2 faiz) 18,562 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 23,5 faiz) alıb.

2022-ci ildə həmçinin 21 milyon 730,8 min dollar (azalma 2,6 faiz) 4,818 min ton iribuynuzlu heyvan ətinə(azalma 15,8 faiz), 54 milyon 610,3 min dollar (artım 32,2 faiz) 34,75 min ton quş əti və quş əti məhsullarına (artım 12,4 faiz), 130 milyon 105,5 min dollar (artım 10,8 faiz) 129,344 min ton meyvə (artım 12,6 faiz), 16 milyon 644,7 min dollar (azalma 19 faiz) 27,067 min ton tərəvəz (azalma 31,7 faiz), 55 milyon 185,7 min dollar (azalma 11,1 faiz) 197,687 min ton kartof (azalma 8 faiz) idxalına xərc çəkilib.

Yeyinti məhsulları idxalında artım 2023-cü ildə də davam edir. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 748 milyon 212 min dollar dəyərində belə məhsullar idxal edilib. Bu idxal 2022-ci ilin yanvar ayı ilə müqayisədə 44 milyon 311 min dollar və ya 6,2 faiz artıb. Ötən ilin yanvar-aprelində Azərbaycana 703 milyon 901  min dollar dəyərində yeyinti məhsulları idxal olunmuşdu.

Azərbaycan hökumətində hesab edirlər ki, ərzaq məhsullarının idxalındakı asılılıqdan tam azad olmaq mümkün deyil. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin dediyinə görə, Azərbaycanın ərzaq məhsulları ilə özünü tam təmin etməsi mümkün olmayacaq: “Biz istəsək də, istəməsək də ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq, bu birmənalıdır. Həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq. Biz hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq. Əvvəllər Ukraynadan, Rusiyadan, Qazaxıstandan hər hansı məhsul idxal edirdiksə, bu gün biz o məhsulu Braziliyadan idxal edirik. Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir. Bunlar olacaq”.

Qeyd edək ki, ötən ildən başlayaraq hökumət ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra mexanizmlər işə salıb. Baş nazir Əli Əsədov hökumətin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı təqdim edərkən bildirib ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib ki, bu da 2021-ci ildən 18.8 faiz çoxdur: “Cənab Prezidentin ”Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat nəzərdə tutulub. Hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 milyon manat vəsait ayrılmışdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69 faizi aqrar sektora yönəldilmişdir".

2023-cü ildə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına ümumilikdə 625 milyon manat xərclənməsi nəzərdə tutulur. Baş nazir 2023-cü ilin büdcəsinin müzakirələri zamanı deyib ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilib, 90 günlük mal ehtiyatları yaradılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR