İnsanlara hürriyət, millətlərə istiqlal!

Liderlərin Vyana görüşü ərəfəsində “atəş” əmrini kim verib?

2648 28.03.2019 10:00 Qarabağ xəbərləri A A

Avstriya paytaxtında keçiriləcək Qarabağ danışıqlarını kim və niyə pozmaq istədi? Politoloq: “Qarabağ separatçıları İrəvandan çox Rusiyadakı siyasi-hərbi mərkəzlərin tapşırıqlarını yerinə yetirirlər...”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə növbəti dəfə bir araya gələcəklər. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Bundan əvvəl liderlər Davos Forumu çərçivəsində görüşərək Qarabağ məsələsini müzakirə etmişdilər. Ancaq bu görüşdən sonra Ermənistan daxilindəki əleyhdarlarının “xəyanət” ittihamına məruz qalan N.Paşinyan qeyr-konstruktiv mövqe sərgilməyə başladı. Hətta Düşənbə görüşündə əldə olunan atəşkəsin qorunub-saxlanması barədə razılaşmanı “unudaraq” radikal mövqe sərgilədi. Ermənistan baş naziri növbəti dəfə danışıqların formatının müzakirə olunması zərurətindən bəhs etdi ki, bu da onun danışıqları pozmaq niyyətindən irəli gəlirdi. Ancaq görünür, Avropa İttifaqından və həmsədrlərdən danışıqların formatının dəyişilməsinin mümkünsüzlüyünü özündə əks etdirən mövqelərin gəlməsi Paşinyanı geri çəkilməyə vadar etdi. Vyana görüşünün razılaşdırılması barədə xəbərin ilk olaraq İrəvandan yayılması da təsadüfi deyil. Hətta Rusiya XİN bundan əvvəl mətbuatın sualına cavab olaraq bəyan etmişdi ki, danışıqların formatı tərəflərin razılığı əsasında dəyişdirilə bilər. Azərbaycan isə prinsipial olaraq Qarabağ ermənilərinin danışıqlar masası ətrafında yalnız Azərbaycan icması ilə danışmasını mümkün sayır. Deməli, İrəvanın cəhdləri faydasızdır.

Qeyd edək ki, Avstriya prezidenti Van der Belen martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş olacağını bildirib. Həmin tarixdə Vyanada hansısa beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Deməli, bu görüş ancaq Qarabağ məsələsinə həsr olunacaq.

Avstriya görüşü ərəfəsində təmas xəttində düşmənin təxribatlar törətməsi də təsadüfi deyil. Xəbər verildiyi kimi, martın 26-da Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub. Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb. Müdafiə Nazirliyi bununla bağlı iddiaları təkzib edib: “Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Azərbaycan ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb. Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.

Təxribat hadisəsindən bir gün əvvəl isə İrəvanda, Ermənistan Müdafiə Nazirliyinin və qondarma qurumun “komandanlığı”nın birgə toplantısı, ardınca N.Paşinyanın da iştirak etdiyi qapalı müzakirələr olmuşdu. Həmin müzakirələrdə Paşinyanın müharibəyə hazırlaşmaq tapşırığı verdiyi iddia olunurdu. Bundan bir neçə saat sonra hərbçimizin qətlə yetirilməsi arasında əlaqə istisna deyil. Ancaq bəzi müşahidəçilər hesab edir ki, vəziyyəti N.Paşinyanın ən ciddi rəqibləri də gərginləşdirə bilər. Söhbət təlimatları Rusiyadakı ayrı-ayrı dairələrdən alan “Qarabağ klanı”ndan gedir. Bu klanın rəhbərlərindən biri Serj Sərkisyanın eyni gündə üzə çıxması da maraqlıdır. Orduda isə Sərkisyan-Köçəryan cütlüyünün kifayət qədər dayaqları var və onlar hər zaman hərəkətə keçə bilər. Üstəlik, Vyana görüşü ərəfəsində Ermənistan XİN başçısının Rusiya XİN rəhbəri S.Lavrovla Moskvada bir araya gəlməsi də düşündürücüdür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, burada hansısa əlaqənin axtarılması məntiqlidir: “Liderlərin budəfəki görüşü Moskvada olmayacaq. Buna görə də Kreml bir az narahatdır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri bir müddət əvvəl erməni həmkarıyla telefonla danışmışdı. Görünür, Moskva İrəvana qırmızı çizgiləri izah edib. Qarabağ separatçıları hazırda İrəvanın çox, Rusiyadakı siyasi- hərbi mərkəzlərin tapşırıqlarını yerinə yetirirlər. Ona görə ”atəş açın" əmri şimal qonşumuzdan da gələ bilərdi".

Bununla belə, E.Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Vyana görüşünün əhəmiyyətini şişirtməyin əleyhinə olduğunu vurğuladı: “Həmişə necə olurdusa, indi də elə olacaq. Nəticəsiz danışıqlar davam edəcək”.

Politoloq təmas xəttində gərginliyin yaranmasından öncə ATƏT sədrinin Qarabağdakı  nümayəndəsi Anjey Kasprşikin Ermənistan rəhbərliyi ilə bir araya gəlməsinə də diqqət yetirməyi vacib sayır: “Rəsmi Bakı Anjey Kasprşiki ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi vəzifəsindən uzaqlaşdırmaq istədiyi və ya belə bir niyyətini ortaya qoyduğu halda, o, nümayişkaranə şəkildə Ermənistana səfər edib bu ölkənin rəsmiləri ilə müzakirələr aparır. Növbəti dəfə Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb. Görüşdə təmas xəttindəki və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Şəklə diqqətlə baxın, elə bil yaxın qohumu ilə görüşür. ATƏT-də bizi eşitmədilər. Həmsədrlər son bəyanatlarında Kasprşiki müdafiə edən cümlələr işlətdilər. Elə ATƏT-in hazırkı sədri də Kasprşiklə fəaliyyətinə davam etmək istəyir. Biz bu şəxslə əməkdaşlığa necə davam edəcəyik? Əsas sual budur. Çünki Azərbaycan Nazirlər Kabinetinin hazırladığı son hesabata görə, Kasprşikin 23 ildə hazırladığı bütün monitorinqlər Azərbaycanın əleyhinə, separatçıların xeyrinə olub. Kasprşikin vəzifəsi atəşkəsi qorumağa yönələn hesabatlar hazırlamaqdır. Ancaq hansı atəşkəsi? Kasprşik torpaqlarımızın işğal altında qalmasını uzadan atəşkəsə xidmət edir, bu isə bizim maraqlarla tərs düşür. Kasprşikin yerinə gələn də eyni vəzifəni yerinə yetirəcək. Ancaq heç olmazsa yeni sima görərik. Ona qalsa, 25 ildə həmsədrlər də məsələni həll etməyiblər. Ancaq ən azı həmsədrlər tez-tez dəyişir. Kasprşik isə bu vəzifədən elə yapışıb ki, qopmaq bilmir”.

****

Ä°lgili resim

Ermənistanın təxribatları martın 27-də də davam edib. Politoloq E.Şahinoğlu hesab edir ki, atəşkəsin qorunmasında ən çox Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan maraqlı olmalıdır. “Çünki Paşinyan bilir ki, Azərbaycan ordusunun istənilən itkisi cavabsız qalmayacaq, cavab olaraq qarşı tərəf də itki verməlidir. Başqa cür mümkün deyil. Belə olan halda ermənilər bu gün cəbhənin Füzuli rayonu istiqamətində niyə atəşkəsi pozaraq hərbçimizi şəhid etdilər? Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri bir neçə gündən sonra Vyanada görüşməlidirlər. Hərbçimizin görüş ərəfəsində şəhid edilməsi danışıqların pozulmasına və ya nəticəsiz qalmasına yönəlib. Danışıqların başlamamış pozulması ən çox Qarabağdakı separatçıların və Ermənistanda kök salmış ”Qarabağ klanı"nın maraqlarına xidmət edir. Paşinyan bu iki qüvvənin qorxusundan Azərbaycan prezidenti ilə görüşlərdə Qarabağ mövzusunun detallı müzakirəsindən yayınır. Buna baxmayaraq, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi pozurlar. Bizim üçün isə fərqi yoxdur, atəşkəsin pozulması əmrini İrəvanda, yoxsa Xankəndində verirlər. Müdafiə nazirimiz Zakir Həsənovun “hər itkimizin on qat cavabını alacaqlar” əmrinin yerinə yetirilməsini gözləyirik".

Ermənistanda isə etirazlar günbəgün artır. Ötən gün ölkədəki lombard və valyutadəyişmə məntəqələrinin işçiləri hökumət binasının qarşısında yenidən etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik olunmasını tələb ediblər. Bu qanunda dövlət rüsumu 60 dəfə, yaxud 6 000 faiz artırılıb. Aksiya iştirakçıları əllərində “Bizi işsiz qoymayın!”, “Belə ölkə qurmaq olmaz!” kimi şüarlar yazılan plakatlar tutublar (“Report”). 

Siyasi şərhçi Qabil Hüseynli isə bildirib ki, Vyana görüşü ilk görüş olduğu üçün çox şey gözləməyə dəyməz: “Hələ ki Paşinyan danışıqların formatının dəyişdirilməsi ilə bağlı bəyanatlar verməkdə davam edir. Hətta qeyd edir ki, görüş zamanı yeni format haqqında İlham Əliyevlə müzakirə aparacaq. Amma formatla bağlı artıq Avropa İttifaqının da, Avropa Şurasının da ATƏT-in Minsk Qrupunun da birmənalı mövqeyi var. Danışıqların həminki formatda aparılması qəti şəkildə hər iki tərəfin nəzərinə çatdırılıb. Ermənistandan isə buna əməl olunması tələb edilir. Müşahidələrimə əsasən, deyə bilərəm ki, Ermənistan zorla müzakirələrə cəlb edilir. Danışıqlara həvəslə getmirlər. Danışıqlar ərəfəsində də Paşinyanın bəyanatları göstərir ki, müzakirələrdə mühüm məsələləri masaya qoymaq niyyətində deyillər. Xüsusilə, danışıqlara bir neçə gün qalmış Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın Moskvaya getməsi, orada rusiyalı həmkarı Sergey Lavrovla görüşməsi onu göstərir ki, onlar yenə də Moskvanın təlimatı ilə oturub-dururlar. Danışıqlar prosesi bilavasitə Rusiyanın rejissorluğu ilə aparılacaq. Əlbəttə, danışıqlar prosesinin yenidən bərpa edilməsi müsbət haldır. Lakin burada pozitiv nəticələrin olacağını gözləmək çətindir. Bu, daha çox danışıqlar xatirinə danışıqlara oxşayır. Ermənistan tərəfi vaxt udmaq üçün danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutacaq. Beləliklə də müzakirələrin nəticəsiz bitməsinə bu və ya digər formada şərait yaratmış olacaqlar”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Siyasi şərhçi Publika.az-a deyib ki, Azərbaycan tərəfi həddindən artıq çox sayda olan tələblərini dilə gətirəcək: “Tələblərin başında isə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasıdır. Bölgədə sülhün təmin edilməsi prosesinin inadla, sürətli şəkildə aparılması da buraya daxildir. Azərbaycan tərəfi özünün platformasını, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, bu ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ali status verilməsi məsələsini Paşinyanın diqqətinə çatdıracaq. Əgər nəticəli danışıqlar olmasa, məsələnin müharibəyə gətirib çıxarlması haqqında fikirlərini də bildirəcək. Erməni tərəfinin məsələyə münasibətini isə yalnız görüşdən sonra öyrənməyə imkanımız olacaq”.

İşğalçı ölkənin ordusunda da acınacaqlı vəziyyət hökm sürür. Mehridəki hərbi hissədə qiyam etmiş əsgərlərin cəza olaraq Qarabağa göndərilməsi də sərt etirazlar doğurub. Ermənilər artıq Qarabağ uğrunda ölmək istəmir, N.Paşinyan görüntü üçün oğlunu Azərbaycan ərazisinə “xidmət”ə göndərsə də... Digər tərəfdən, orduda özbaşınalıqlar tüğyan edir. Martın 26-da hərbçi yoldaşının açdığı atəş nəticəsində kiçik çavuş A.Arakelyan aldığı güllə yarasından ölüb, kiçik çavuş Andranik Koşkyan isə atəş nəticəsində yaralanıb. Erməni mediası yazıb ki, Arakelyanın ölümündə şübhəli bilinən bir hərbçi saxlanılıb. Bu kimi ciddi problemləri olan ölkənin başına gələn Paşinyanı heç də yaxşı günlər gözləmir. Erməni baş nazir Vyanaya belə bir ovqatda, daxildə hər an nələrinsə baş verə biləcəyindən doğan səksəkə içində gedir.

Elşad PAŞASOY,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR