Bəs müxalifət düşərgəsində bu işin analoqu varmı? Demokratiya liderləri üçün mahnılar bəstələnirmi, şeirlər yazılırmı? Bu sualla işə başlayan kimi, rastımıza ilk çıxan mərhum Əbülfəz Elçibəyə yazılmış məşhur “Daş” bəstəsi oldu. Azərbaycanın, Elçibəyin və demokratiyamızın ən çətin günlərində görkəmli şairimiz Ramız Rövşənin qələmə aldığı şeirə məşhur bəstəkar Cavanşir Quliyev gözəl bir musiqi bəstələmişdi. Nisbətən yaşlı nəslə aid jurnalistlər danışır ki, bu şeir və bəstə 1993-cü il qiyamından az sonra Azərbaycanda olduqca populyar idi:
“Sənə bir daş atar yerindən duran
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran...
Daş atan bilirmi nə günah eylər..."
Elə həmin vaxtlarda Azərbaycanın və milli azadlıq hərəkatının başqa bir liderinə - İsa Qəmbərə də bu görkəmli ikili şeir və mahnı həsr etdilər. Həmin zamanlarda İsa Qəmbər həbsxanada olub:
“Tanrı elçisidi Məhəmməd, İsa,
Yenə bu müqəddəs adlar dirilir..."
Elçibəyin Kələkidə, İsa Qəmbərin zindanda olması, eyni zamanda bu şeirlərə və bəstələrə iki dahinin müəllifliyi ilə yanaşı, böyük sənətçimiz Flora Kərimovanın nəfəs verməsi (ifa etməsi) onları xalq arasında populyar etmişdi...
Bunları redaksiyadakı məndən yaşlılar müəllif olaraq mənə danışıblar; onlardan eşidib, bildim. Bəs görəsən, bu liderlərin tərəfdarları, partiyasının üzvləri həmin bəstələrin sözlərini və musiqisini indi xatırlayırlarmı? Digər partiyalarda necədi vəziyyət; başqa siyasi liderlərə də mahnılar qoşulubmu?
***
Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı başqan İsa Qəmbərə mahnı həsr olunub-olunmamasından xəbərsiz olduğunu dedi: “Mən eşitməmişəm. Ancaq İsa Qəmbərə Ramiz Rövşənin həsr etdiyi şeir var. Həmin şeir kitabda çap olunmadığı üçün onu oxumamışam. Ümumiyyətlə, həyatda olan insana mahnı bəstələmək düzgün deyil. Mən buna avtoritarizmin əlaməti kimi baxıram”.
Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə partiya sədri İqbal Ağazadənin adına mahnı qoşulmadığını dedi: “Mən partiya rəhbərinin adına mahnı qoşulmasını şəxsiyyətə pərəstiş kimi qiymətləndirirəm. Bu, nəyə lazımdır axı?! Təbliğatın bu cür aparılmasını düzgün hesab etmirəm. Ancaq rəhbərimiz həbsdə olduğu vaxtlar onun adına müxtəlif şeirlər yazılmışdı. Təəssüf ki, həmin şeirləri və müəlliflərini indi xatırlamıram”.
Vətəndaş Həmrəyliyi Partiyası təşkilat şöbəsinin müdiri Samir Əsədli sədr Sabir Rüstəmxanlıya mahnı bəstələnmədiyini dedi: “Mahnı yazan olmayıb. Səbəbini isə bilmirəm. Ancaq Sabir Rüstəmxanlı haqqında onlarla şeir yazılıb. Bəxtiyar Vahabzadə ”İnqilab istəmirəm", Xəlil Rza Ulutürk “Rüstəmxanlı şəlaləsi” şeirlərini yazıblar. Bu şeirlərin bir parçası Sabir bəyin yubileyində və ona həsr olunan tədbirlərdə səsləndirilib. Ondan bir parça deyə də bilərəm". Gerçəkdən də gözəl bir parçanı əzbərdən deyir.
Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev də partiya lideri Sərdar Cəlaloğlunun adına mahnı qoşulmadığını deyib, bunu şəxsiyyətə pərəstişin elementi saydığını qeyd etdi: “Hansısa şəxsi bütləşdirməyi, ilahi qüvvə zirvəsinə yüksəltməyi yersiz hesab edirəm. Bizim partiya rəhbərinin adına heç bir mahnı qoşulmayıb. Düzdür, vaxtilə Rəsul Quliyev partiyanın rəhbəri olduğu vaxt ona mahnı qoşulmuşdu. Ancaq indi belə bir şey yoxdur”.
Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucov isə sorğumuza fərqli cavab verdi. O, AMİP lideri Etibar Məmmədovun adına mahnı olduğunu dedi: “2003-cü il seçkilərində partiya rəhbərinin adına ”Etibarlı gələcək, Etibarla gələcək" adlı mahnı qoşulmuşdu. Xəlil Rza Ulutürk də Etibar bəyə şeirlər yazıb. Ancaq indi o mahnı və şeirlər gündəmdə deyil. Ümumiyyətlə, partiya rəhbərlərinin adına mahnı yazmaq indi öz aktuallığını itirib. Bu, sovet dönəmindən qalma bir şeydir. Bu da təbliğatın bir formasıdır".
Qeyd edək ki, bizim partiya funksionerlərinin “keçmişin qalığı” kimi qiymətləndirdiyi məsələ Türkiyə siyasətində təbliğat kampaniyasının mühüm elementi hesab olunur. Onu bütün tərəfdarlar əzbərləyərək, meydanlarda birgə oxuyurlar. Orada az qala hər liderin bir neçə populyar mahnısı var. Bizdə isə partiya üzvləri vaxtilə Elçibəyə və İsa Qəmbərə qoşulan mahnıların varlığından da xəbərdar deyillər. Radio və televiziyalar da onları məlum səbəbdən efirə vermirlər.
Bu yazını yazaraq, onu da bildiririk ki, bu həftənin sonunda AXCP və Müsavat funksionerlərinə bir daha müraciət edəcəyik. Kim öz liderinin mahnısını oxuya və söyləyə bilsə, onlara xüsusi mükafatımız olacaq.
Vaxta var...






