İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Yunus prokurorluqda, Arif Yunus reanimasiyada… (VİDEO, FOTOLAR, Yenilənib)

15941 29.04.2014 14:38 Son xəbər A A

14.37.

Leyla Yunusun axşam saatlarına qədər dindiriləcəyi bildirilir. Məhkəmə önündə insanlar azlıq təşkil edir. Həmkarlarlarından heç kim gözə dəymir.

Gənc siyasətçi xanım Yeganə Hacıyeva bu hadisəni demokratik düşərgəyə bir hücum kimi qiymətləndirdi:"Leyla xanımın saxlanılmasına münasibətim olduqca pisdir. Bu prosesin davam edəcəyini düşünürəm. Rauf Mirqədirovun həbsindən sonra bu həbs gözlənilirdi. Çox düşündürücüdür.  Xalqın içərisində casus axtarmaq hakimiyyətin xalq diplomatiyasına göstərdiyi münasibətdir".

12.30

Musavat.com-un əməkdaşı xəbər verir ki, səhər saat 7:30 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilən hüquq müdafiəçisi hələ də dindirilir. Vəkil Xaliq Bağırov da dindirmədə iştirak edir. Binanın qarşısında polislər və maşınların içərisində mülkü geyimlilər var. 

Jurnalist Şahvələd Çobanoğlu Leyla xanımdan intiqam alındığını bildirib:"Təbii ki, Leyla xanımdan intiqam alırlar. O, hüquqi pozan yox, hüquqi müdafiə edən insandır. Başqa bir bəhanə tapmırlar. Yəqin ki, ictimai fəallar kimi onu da ləkələyərək uydurma bir ittihamla həbs edəcəklər. Hələlik bunu ehtimal edirik".

İstintaq idarəsinin qarşısında jurnalistlər, az sayda hüquq müdafiəçiləri var. Ölkənin tanınmış simaları da bina önünə gəlirlər.

***

10.55


“1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun vəziyyəti hazırda stabilləşib”. Bu barədə Lent.az-a xəstəxananın reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumatda o da deyilir ki, xəstə qan təzyiqi ilə əlaqədar reanimasiyaya yerləşdirilib: “Bura daxil olanda vəziyyəti orta ağır idi. İndi huşu özündədir. Şikayəti zəifliyindəndir”.
 
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı A. Yunus aeroportda saxlanıldıqdan sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

***

10.49

Leyla Yunus və  həyat yoldaşı Arif Yunus mühafizə altında  gecə saatlarında hava limanından evlərinə gətirilib.  “Amerikanın səsi” xəbər verir ki, orada onları vəkil Xalid Bağırov, jurnalistlər və hüquq müdafiəçiləri gözləyirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yunusların evlərində axtarış aparılacağını bildirib.
  
Vəkil və Leyla Yunus öncə prokurorluq əməkdaşlarından axtarış haqqında qərar tələb ediblər.
 
Yunus saxlanılmaları və axtarış aparılması barədə sənədin onlara təqdim edilmədiyini bildirib. “Bizə saxlanmağımızın səbəbini izah etməyiblər. Hava limanında saxladılar. Bütün sənədlərimizi, hətta əlimizdəki bütün kağızları alıblar.  Çemodanlarımızda, çantalarımızda axtarış aparıblar, kompüterimizi alıblar. Tələb etməyimizə baxmayaraq vəkilimizi içəri buraxmayıblar. Hətta bizi tualetə belə buraxmadılar”, o qeyd edib.
 
Bir qədər keçdikdən sonra Arif Yunusun səhhəti pisləşib və o xəstəxanaya aparılıb. Son məlumatlara görə Arif Yunus reanimasiyadadır.
 
Leyla Yunus həmçinin evində axtarışda azı 4 nəfər yaxınının və ya hüquq müdafiəçisinin iştirak edəcəyini tələb edib. “Mənim dörd otağım var. Hər otaqda bir nəfər gözləməlidir ki, evimə narkotik və ya başqa əşya yerləşdirməsinləır”, deyə axtarış aparacaq şəxslərə bildirib.
 
Beləliklə, bir neçə saat keçməsinə baxmayaraq axtarış baş tutmayıb və saat 7 radələrində Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. Hazırda Leyla Yunus  bu idarədədir.   

Hüquq müdafiəçisi Samir Kazımlı hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında hüquq müdafiəçisi Leyla Yunusun dindirilməsi ilə bağlı müşahidə aparır. O Leyla və Arif Yunusovlarla bağlı ötən gecə baş verənləri müşahidə edib. Hüquq müdafiəçisi Amerikanın Səsinə video müsahibəsində bunları deyib.


Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR