“Üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycanda 2 minə yaxın şəxs minaya düşüb”.
Musavat.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən konfransda deyib. O qeyd edib ki, minaya düşənlər arasında hərbçilər və mülki şəxslər də var:
"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 30 il ərzində qanunsuz olaraq minalar yerləşdirib. Heç bir hərbi səbəb olmadan Azərbaycan hökumətinin üzləşdiyi təhlükənin miqyası bu cürdür. Azərbaycan hökuməti humanitar mina təmizləmə üçün çox böyük vəsait ayırıb. Biz insan həyatından danışırıq. Minaları təmizləməliyik ki, insanlarımız öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıda bilsinlər.
Humanitar mina təmizlənməsi həm də sülh və əmin-amanlığı təmin edəcək, regionda dayanaqlı inkişafa çevriləcək".
Leyla Abdullayeva xatırladıb ki, konfrans iştirakçıları ötən gün Ağdama səfər ediblər:
"Onlar öz gözləri ilə minadan çirklənən ərazilərin genişliyini, bizim üzləşdiyimiz problemin nə qədər böyük olduğunu gördülər.
Hökumət səviyyəsində tədbirlərin əlaqələndirilməsi üçün Prezident administrasiyası və Nazirlər kabineti ANAMA- ya müvafiq dəstəklər göstərir. O cümlədən digər milli, kommersiya və yerli təşkilatların potensialından istifadə olunur".
Leyla Abdullayeva qeyd edib ki, ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi mina təmizlənməsində iştirak edir:
"2021- ci ildə ANAMA artıq 19 min hektarı minadan təmizləyib, yaxud da təmizlənməsini əlaqələndirib. 50-dən çox mina və digər sursatları zərərsizləşdirib. Təsəvvür edin ki, bu, təsdiq olunmuş və şübhə olunan minalı sahələrin 2 faizidir. Azərbaycan hökuməti beynəlxalq tərəfdaş və vətəndaş cəmiyyəti təşkilatları ilə böyük işlər həyata keçirir".
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com






