Bu gün axşam radələrində Ermənistan paytaxında növbəti aksiya başlayıb.
Azadlıq meydanında keçirilən aksiyanın təşkilatçısı “Konqres-Ermənistan Xalq Partiyası” blokudur. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun kütləvi aksiyada keçmiş prezident özü iştirak etmir.
Amma çıxış edənlər xalqı Ter-Petrsoyana, onun rəhbərlik etdiyi seçki blokuna səs verməyə çağırır. Milli Konqresin sədr müavinləri Aram Manukyan, Levon Zurabyan, həmçinin Ermənistan Xalq Partiyasının lideri Stepan Dəmirçiyan mitinqdə çıxış edib. Erməni mənbələri bildirir ki, Ter-Petrosyan seçki təbliğatının ilk günündən mitinqlərdə iştirak etməyib, yalnız iki dəfə telekanallara müsahibə verməklə kifayətlənib. Ancaq onun müsahibələri təkcə ölkə daxilində deyil, xaricdə də rezonans doğurub. Mitinqin ardınca dinc yürüş başlayıb. Əllərində Ermənistan bayrağını tutan yürüşçülər İrəvanın küçələrində və Respublika meydanında Ter-Petrosyanla bağlı şüarlar səsləndirib. Manukyan deyib ki, Milli Konqres 30 ildə ilk dəfədir dinc yürüş keçirməyə müvəffəq olur.
Cavid TURAN,
Musavat.com






