İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan erməniləri ayıltmaq istədi, parlament rəhbərliyindən sərt reaksiya gəldi

5890 31.10.2020 20:42 Son xəbər A A

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan keçmiş prezident Levon Ter-Petrosyana cavab verib.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir.

“Əgər Ter-Petrosyan Putinin nə demək istədiyini bilmək istəyirsə, qoy ona zəng eləsin və bilsin ki, kim az qala hər gün Putinlə  danışır”, - deyə Simonyan bildirib.

Vitse-spiker daha sonra deyib ki, Putinə yazılan məktubun mətni mübahisə predmeti deyil. “Putinin Paşinyana məktubu müasir rus dilində yazılıb. Bununla bağlı Ermənistan XİN müasir erməni dilində xəbər yayıb. Rusiya XİN Ermənistan XİN-in yaydığı məktuba müasir rus dilində cavab verib”, deyən A.Simonyan daha sonra Ter-Petrosyana ironiya edib. Təklif edib ki, L.Ter-Petrosyan Dağlıq Qarabağ məsələsinin tənzimlənməsilə bağlı mövqeyini, mövcud vəziyyətdən çıxış yollarını açıqlasın. “Sirli eyhamlara ehtiyac yoxdur. Prezidentin mətbuat katibi dünən bildirdi ki, hökumət bütün təklifləri müzakirə etməyə hazırdır. Hələlik bir təklif alınıb - Moskvaya getməklə bağlı. Baş nazir təklifi qəbul edib, hansı ki, bu günə qədər həyata keçirilməyib”, deyən Simonyan, daha sonra Ter-Petrosyana sataşıb.

Qeyd edək ki, eks-prezident N.Paşinyanın Rusiya prezidenti Vladimir Putinə məktubuna və müraciətə Rusiya XİN-dən verilən cavaba münasibət bildirərkən bunları qeyd edib: “Nikol Vladimir Putinə bir xahişlə bağlı məktub göndərib. Putin bu məktuba Rusiya Xarici İşlər Nazirliyinin vasitəsi ilə cavab verib. Siz başa düşmürsünüz onun nə dediyini? Bunu da başa düşmürsünüzsə, vay bizim halımıza! O, bütün səmimiyyət və nəzakəti ilə yalnız bunu söyləyib: “Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, amma başa düşün ki, sizin əvəzinizə Qarabağ məsələsini həll edə bilmərəm”.

L.Ter-Petrosyan növbəti dəfə Ermənistanı uçurumun başından geri qaytarmağa və erməni xalqını xilas etməyə çalışır, Putinin işğalçı Ermənistana yardım etməyəcəyi xəbərdarlığını edir. Ancaq parlament rəhbərliyindən gələn reaksiyadan məlum olur ki, Ermənistan hakimiyyəti ter-Petrosyanın budəfəki xəbərdarlığını da nəzərə almaq niyyətində deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR