İnsanlara hürriyət, millətlərə istiqlal!

Leninqradı aclıqla ram etmək istəyən general – 630 min insanın qatili Leebə 3 il cəza kəsilib

3610 02.11.2021 13:55 Yaxın tarix A A

Kifayət qədər təcrübəli və peşəkar hərbçi olan Vilhelm Leeb nasist partiyasının siyasi kursunu qəbul etməsə də, Adolf Hitler onu Almaniya ordusunda yüksək vəzifədə görmək istəyib. I dünya müharibəsinin iştirakçısı olan, ağır döyüş yolları keçən Vilhelm Leeb dünya hərbçiləri arasında tanınmış simalardan sayılıb. Onu hərbi nəzəriyyə ilə bağlı müəllifi olduğu “Müdafiə” kitabı təkcə Almaniyada deyil, həm də ABŞ və sovet ordusunda dərslik kimi istifadə olunub.

V.Leeb 1876-cı ildə Bavariyada hərbçi ailəsində anadan olub. O, hərbi xidmətə 1895-ci ildə 4-cü Bavariya səhra artilleriya alayında başlayıb. Bavariyada hərbi akademiyada təhsil aldıqdan sonra xidmətini Münhendə və Berlində davam etdirib.

I dünya müharibəsi başlananda 1-ci Bavariya ordu korpusunun qərargah rəisi vəzifəsinə təyin edilən Vilhelm müharibə dövründə bir çox uğurlu hərbi əməliyyatları ilə fərqlənib, yüksək dövlət mükafatları ilə təltif olunub.

778-1.jpg (75 KB)

II dünya müharibəsinə qədərki dövrdə o, ayrı-ayrı ordu korpuslarına rəhbərlik edib, general rütbəsinə qədər yüksəlib. Hitler hakimiyyətə gəldikdən sonra o, Leebi 2-ci qoşun qrupuna komandan təyin edib.
1938-ci ilin sonlarında Almaniyada nasist partiyası ölkənin daxili və xarici siyasətinə bütövlükdə müdaxilə etmək səlahiyyəti əldə edəndə, “Friç-Blomberq işi” adı ilə tarixə düşən hadisələrdə V.Leeb Hitlerin göstərişi ilə ordudan tərxis olunub. Amma bir il keçməmiş fürer qərarını dəyişib. Leeb yenidən Vermaxta dəvət olunub.

26 avqust 1939-cu ildə V.Leeb cənub cəbhəsində dislokasiya olunan “S” ordu qrupuna komandan təyin edilib. 1941-ci ildə “S” ordu qrupunun adı dəyişdirilərək “Şimal” ordu qrupu adlandırılıb. V.Leebin komandan olduğu bu qrupun qarşısına Baltikyanı ərazilərin və Leninqradın işğal edilməsi vəzifəsi qoyulub.

V.Leeb iki ay ərzində Leninqradın sərhədlərini qapayaraq şəhəri mühasirəyə salıb.

5-67.jpg (51 KB)

Sonralar arxivlərdən Vilhelm Leebin Hitlerə göndərdiyi qısa məruzələri aşkar olunaraq ictimaiyyətə təqdim edilib. General-feldmarşal fürerə aşağıdakı məzmunlarda məruzələr göndərib:
“Leninqrad cəbhəsinə əlavə canlı qüvvələr və silah-surhat göndərməyə ehtiyac yoxdur. Şəhər aclıq nəticəsində özü təslim olacaq...”

“Leninqradlılar üçün ikinci çıxış yolu yoxdur. Onlar ağ bayraq qaldırmağa məcbur olacaqlar...”
“Biz Leninqradı darmadağın etmək gücündəyik. Amma texnika və silah-sursata qənaət etmək üçün bu yolu seçmirik. Bu şəhər acından öləcək, Leninqrad məhvə məhkumdur...”

391348-main.jpg (92 KB)

V.Leeb “aclıq” planını həyata keçirmək üçün çox da baş sındırmayıb, Leninqradda yerləşən ərzaq, əşya, yanacaq anbarlarını partlatmaqla şəhər əhalisini iflic vəziyyətə salıb.

Beləliklə, general-feldmarşalın “peşəkarlığı” sayəsində Leninqradda 630 min insan həyatını itirib.
1942-ci ildə V.Leeblə Hitler arsında yenidən fikir ayrılığı yaranıb. Bu dəfə də general-feldmarşal nasist partiyasının fəaliyyətini tənqid etməklə fürerin qəzəbinə düçar olub. 65 yaşlı Leeb səhhətində yaranmış problemləri bəhanə gətirərək Hitlerə yazılı məruzə ilə müraciət edib. O, fürerdən ordudan tərxis olunmasını xahiş edib. Fürer onun mürəciətinə müsbət cavab verərək general-feldmarşalı istefaya göndərib.

440px-Bundesarchiv_Bild_101I-212-0214-08A,_Russland-Nord,_v._Leeb_u.a._beim_Kartenstudium.jpg (81 KB)

V.Leeb Bavariyaya qayıdaraq müharibəyə və siyasi proseslərə müdaxilə etmədən ömrünü davam edib. Amma bu sakit həyat uzun sürməyib. 2 may 1945-ci ildə V.Leeb ABŞ qoşunları tərəfindən həbs olunaraq hərbi cinayətkar kimi istintaqa təhvil verilib.

General-feldmarşalın işinə Nürnberq məhkəsində baxılıb. Maraqlı məqamlardan biri odur ki, 630 min insanın ölümünə səbəb olan Vilhelm Leebə mənkəmə üç il azadlıqdan məhrumetmə cəzası verib. Leebin vəkili məhkəmədə sübut edib ki, beynəlxalq humanitar hüquqda aclığın müharibə silahı kimi istifadəsini qadağan edən norma yoxdur. General-feldmarşal məhkəmə zalından azadlığa buraxılıb. Belə ki, onun həbs olunduğu vaxtdan 3 il keçdiyinə görə cəzası bitmiş hesab olunub.

440px-Bundesarchiv_Bild_183-2007-0316-504,_Beobachtungsposten,_v._Leeb,_Küchler.jpg (96 KB)

Məhkəmə prosesində general-feldmarşalın çıxışı və verdiyi ifadələr maraqla qarşılanıb. O, çıxışının əsas hissəsini prosesə aid olmayan bir məsələyə, nasist partiyasının fəaliyyətinə həsr edib və Hitleri sərt tənqid atəşinə tutub.

Vilhelm Leeb ömrünün son illərində memuarlar və hərbi nəzəriyyə ilə bağlı kitablar yazmağa həsr edib. General-feldmarşal 29 aprel 1956-cı ildə, 79 yaşında Bavariyada vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR