İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lənət şeytana, ipə bax..." - 22 milyonluq mənimsəmə işində şahidlər dindirildi

768 15.12.2021 13:48 Kriminal A A

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədrinin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Musavat.com xəbər verir ki, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər ifadə verib.

Bu gün keçirilən məhkəmədə ifadə verən şahid Durhəsən Rzayev deyib ki, onun xəbəri olmadan adına şirkət açılıb, pul köçürmələri edilib.

"Oxuya bilməsəm də Allaha and olsun düz danışacam. Onun-bunun əlinin altında fəhlə işləyən adamam. İşsiz olduğum üçün tanışlardan biri iş təklif elədi. Sənədlərə imza atmaq üçün Nərimanova getdim. Adıma şirkət açdılar. İndi deyilir ki, zavoda ip almışam. Vallah məni vergi aldatdı. Efirlərə çıxacam. Vallah mən nə ip görmüşəm nə də başqa bir şey. Mən Sumqayıt yolunu belə tanımıram. Lənət şeytana... İpə baxe... ip dərdi, nə bilim, yol dərdi..."- deyə şahid bildirib.

Digər şahid "Azərxalça" ASC-də əvvəl anbardar sonra satınalma şöbəsində işləyən Emin Xəlilov olub. O, çalışdığı müddətdə qanunsuz hərəkətlərə yol vermədiyini deyib.

Şahid bəzi hallarda tenderlərin keçirilmədiyini də söyləyib.

Digər şahid "Azərxalça"nın Sumqayıt və İsmayıllıda yerləşən xalça emalı sexində işləmiş Afər Soltanov olub.

Şahid bildirib ki, bütün aparılan işlərdə göstərişi sifarişçilər verib: "Mən Sumqayıtda tikilən obyektlərin birində nəzarətçi işləmişəm. Bundan sonra isə İsmayıllıya getdim. Mən aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm. Bəzi şirkət rəhbərlərinin götürülən pullardan Vidadi Muradova verməsini də eşitməmişəm".

Dövlət ittihamçısı şahidə xatırladıb ki, onun çalışdığı müddətdə 3 milyon 452 min manat vəsait mənimsənilib. Şahid bu barədə məlumatsız olduğunu deyib.

Xatırladaq ki, həbs edildikdən sonra xəstəlikdən vəfat edən V.Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.

V.Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyini həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınmasına görə formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR