İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun Qarabağ bəyanatı İrəvanı qarışdırıb: növbəti oyun, yoxsa...

2248 27.04.2020 18:37 Region A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son açıqlaması Ermənistanda hay-küyə səbəb olub. 

Hərçənd rəsmi Moskva İrəvandakı reaksiyalara cavabında bəyan etdi ki, Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində baxılmış və baxılan sənədləri, təklifləri sadalayıb. Yəni Rusiyanın baş diplomatının dediklərində qeyri-adi heç nə yoxdur. 

Amma erməni tərəf yenə də kirimir. Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması ilə bağlı verdiyi bəyanata cavab olaraq “Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək” deməklə açıq həyasızlıq nümayiş etdirdi. 

Rusiya XİN bəyan etdi ki, nizamlanmanın elementləri sırasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, eləcə də Dağlıq Qarabağın yekun statusunun əhalinin iradəsi yolu ilə müəyyən olunması var. Erməniləri nə Rusiya XİN-in izahatı, nə də Ermənistan XİN rəhbərinin həyasız açıqlaması sakitləşdirmədi. 

Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri David Şahnazaryan da iddia edib ki, Paşinyan xalqını aldadır və o,  mərhələli variantı müzakirə edir. Şahnazaryan iddia edib ki, ətraf rayonlar azərbaycanlılara qaytarılacaq. Bununla da o, Ağdamı “təhlükəsizlik zolağı” kimi təqdim edən Ermənistan rəhbəliyini ifşa etməyə çalışıb. 

Сергей Лавров (МИД) – биография, фото, карьерный путь, семья, жена ...

“Sergey Lavrovun bu bəyanatı konkret təklifdən çox siyasi alverin bir tərkib hissəsidir. Onun dediklərində yeni bir şey yoxdur və zatən 2000-ci illərin əvvəllərindən ATƏT-in Minsk Qrupunun irəli sürdüyü Madrid prinsiplərinə uyğundur”. Bunu Ermənistandakı “Qafqaz” institutunun direktoru Aleksandr İsgəndəryan bildirib. 

Onun fikrincə, “Madrid prinsipləri” əslində “statusun əvəzinə əraziləri” nəzərdə tutur.  Lragir.am saytının baş redaktoru Naira Ayrumyan isə Sergey Lavrovun sözügedən bəyanatla Ermənistan rəhbərliyinə ABŞ və Qərbi Avropa ölkələri ilə yaxınlaşmaq cəhdlərinə görə xəbərdarlıq etdiyini bildirib.  Belə görünür ki, ermənilər ciddi şəkildə narahatdır.

Bu arada Rusiya Dövlət Dumasının deputatı Maksim İvanov da maraqlı mövqe sərgiləyib. “Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşdırılmış məsələlərə əməl edirsə, Ermənistan da bunu yerinə yetirməlidir” - İvanov bildirib. 

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır: “Hazırda müəyyən razılıq əldə olunub və bu razılaşmalarla problemin həllinə nail olmaq lazımdır”.

Məntiqlə Lavrov həmişəki kimi, yenə də ermənilərin mövqeyindən çıxış etməli idi. Nə baş verir? Lavrov Ermənistandan üz döndərib, yoxsa bu, hansısa ssenariyə uyğun hazırlanmış oyundur? İndiki halda Moskvanın Qarabağ planı necədir?

Böyük müharibə hazırlanır, ABŞ Azərbaycana təzyiqlər edəcək ...

Politoloq Hikmət Hacızadə Musavat.com-a bildirdi ki, əslində S.Lavrov yeni bir şey demədi: “Sadəcə, illərlə müzakirə olan planın detallarını səsləndirdı. Bəlkə xəstə erməni cəmiyyəti öz-özünü aldadaraq bu fikrə gəlmişdi ki, ortada heç bir plan yoxdur, heç nə müzakirə olunmur və Ermənistandan heç nə, heç bir güzəşt tələb olunmur. Bunlar sanki bir şirin yuxuya getmişdilər. Birdən Lavrov onları ayıltdı. Ermənilərə xatırlatdı ki, plan var!” Politoloq qeyd etdi ki, Ermənistanın hərbi qüvvələri işğal altındakı rayonları boşaltmalıdır və sonra da mərhələ-mərhələ sulh bərpa olunmalıdı”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə Ermənistan hakimiyyətinin iddialarını əsassız saydı: “Bir şeyi tərəddüdsüz söyləmək olar ki, Dağlıq Qarabağ probleminin nizamlanması üçün ortada olan Madrid prinsipləridir, onun “paket variantı” və “mərhələli həll” planları və bunlardan irəli gələn mexanizmlərdir. Təklif olunan başqa bir alternativ yoxdur. Bundan əvvəlki variantlardan imtina - təxminən 6 variantdan - etmişik və onlara dönmək üçün ermənilərin cəhdləri əbəsdir və bununla bağlı Paşinyanın “diplomatik fəaliyyətləri”, Lavrovun sözlərinə inansaq, qəbul edilməmişdir. Paşinyan hakimiyyətə gələndən sonra Madrid prinsiplərinə “özünəxas” dəyişiklik etmək istədi, dedi ki, Dağlıq Qarabağ tərəf kimi təmsil olunsun. Amma bunu nəinki Azərbaycan, heç həmsədr ölkələr də qəbul etmədilər. Daha sonrakı mərhələdə Ermənistan bu prinsiplər əsasında danışıqların irəli getməsinə mane olan bəyanatlar verdi və onlardan biri də “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” idi. Bunun cavabı isə ən yüksək səviyyədə verildi. Sonra Rusiya tərəfindən Ermənistana başa salındı ki, bu məsələni sülh yolu ilə həll etmək istəyirsə, Madrid prinsiplərindən başqa variant yoxdur, onun maddələri tədricən razılaşdırıldı və indi məsələnin mahiyyətindən xəbəri olan adamların dediklərinə inansaq, razılaşdırılmayan bir-iki məsələ qalıb”. 

Q.Çaxmaqlı da hesab edir ki, əslində Lavrovun son bəyanatında yeni heç nə yoxdur: “Niyə bu bəyanat tələsik verilir, o, ayrı bir mövzudur. “Mərhələli həll” onu nəzərdə tutur ki, qısacası ilkin mərhələdə Azərbaycanın işğal olunmuş 5 rayonu boşaldılacaq, buna cavab olaraq bütün kommunikasiyalar açılacaq, qaçqınların öz torpaqlarına qayıtmasına şərait yaranacaq. Daha sonra Dağlıq Qarabağın statusu müəyyən olunur.  Ermənistan elə bu ilkin mərhələyə də etiraz edir. Status isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq. Yalnız bundan sonra Kəlbəcər və Laçın rayonlarının boşaldılıb Azərbaycana verilməsi nəzərdə tutulur. İlk baxışda bu plan Azərbaycana sərf edir kimi görünə bilər. Amma Madrid prinsiplərinin razılaşdırılmış əsas məqamı Dağlıq Qarabağda nəzərdə tutulan referendumdur və ya plebisid. O referendumdan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması planlaşdırılır. Bu isə Dağlıq Qarabağ Azərbaycanın tərkibində görünsə də, onun Azərbaycana tabe olmayacağı qənaətini doğurur”. Politoloq hesab edir ki, referendum ermənilərin xeyrinə olacaq:  “Yəni burada yaşayan əhali öz müqəddəratını təyinetmə haqqı alacaq və faktiki olaraq bu, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının hüquqi şərtlərini diktə edəcək. Bu, Azərbaycana sərf edirmi? Əlbəttə, yox və ona görə danışıqlar prosesi uzanır. Danışıqların dalana dirənməsinin səbəblərindən biri budur”. 

Bəs bu variant Ermənistana niyə “sərf etmir?” 

Q.Çaxmaqlı bu suala belə cavab verdi: “Ermənistan işğal etdiyi əlində olan torpaqların heç də hamısını deyil, bir qismini Dağlıq Qarabağla dəyişmək istəyir və bu, Rusiya və digər həmsədr ölkələrə meydan oxumaqdır. Keçmiş Təhlükəsizlik Şurasının sədri olmuş David Şahnazaryan deyir ki, Paşinyan gizlicə Rusiya ilə bu məsələlərin bəzilərini razılaşıb, xalqa bildirmir. Amma mənim müşahidələrim göstərir ki, elə şey yoxdur. Ermənilər yeni bir oyun oynamaq istəyirlər və o da münaqişənin həllinin uzadılmasına hesablanıb. Demək, müxalif və başqa antipaşinyan qüvvələr onu gizli danışıq aparmaqda ittiham edəcəklər və o da başda Rusiya olaraq digər maraqlı ölkələrə bildirəcək ki, hər şeyə hazırdır, amma Ermənistan cəmiyyəti bunu istəmir. Bir müddət Ermənistan öz xalqını, erməni cəmiyyətini bunlara razılaşdırmağa vaxt istəyəcək. Amma sonra deyəcək ki, radikallar  – Yerkrapa, Sasna Tsrer, Sardarapat və başqa qüvvələr buna razı deyillər, onlar müharibə istəyirlər. Beləliklə, danışıqlar uzanacaq... Rusiya bəlkə hadisələrin bu səmtə yön almasını istəyir”. 

Rusiya necə, məsələni qərarlı şəkildə həll etmək mövzusunda səmimidirmi? 

Karabakh.TV | Ermənişünas alim ermənilərin məkrli planını ifşa etdi

Q.Çaxmaqlı bununla bağlı maraqlı fikirlər söylədi: “Dünənə qədər Ermənistanın vəkili kimi çıxış edən Lavrov birdən-birə anti-Ermənistan bəyanatlara imza atır. Bu, “timsahın göz yaşları”ndan başqa bir şey deyil. Ermənilər Lavrovu hədəfə alsalar da, onun keçmişdə Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar deməyə əsas verir ki, Rusiya XİN başçısı daha çox ermənilər üçün çalışıb. Bundan sonra da elə olacağına əminəm. Adamın anası ermənidir. Rusiyanın əslində Aleksandr İskəndəryanın dediyi kimi, Ermənistana təzyiq imkanları çoxdur. Qazın qiymətlərindən tutmuş, Azərbaycanla savaş durumunda onun yanında durmamağa qədər bu vasitələr istənilən qədərdir. Rusiya istəsə, bircə günə məsələni yoluna qoyar. Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması Rusiyanın bölgədəki maraqlarına ziddir. Ən azı bu, keçən müddətdə belə olub. Belə olan halda nə baş verib ki, Rusiya koronavurusun tüğyan etdiyi bu günlərdə belə fəallaşdı? Gəlin görək təklif olunan variantlar Azərbaycan üçün məqbuldurmu? “Paket vatriant” nə dərəcədə Azərbaycanın maraqlarına cavab verəcək ? Son vaxtlar cərəyan edən olaylara baxsaq, sanki Rusiya Azərbaycanın vəkilidir və hər şey elə bil ki, Azərbaycanla razılaşdırılıb... Ən azından Rusiya və Lavrovun bəyanatı belə fikir doğurur. Bəllidir ki, Madrid prinsiplərində Azərbaycanın razılaşmadığı məqamlar var. Onları isə Ermənistan və onun havadarları bizə diktə eləmək istəyirlər. Ermənistan XİN rəhbərinin 2014-cü il sənədinin ortada olmadığı barədə bəhanəsi də bu qəbildəndir. Əgər Ermənistan bundan 6 il əvvəlki varianta “qayıtmağı”  təklif edirsə, demək, danışıqların pozulması üçün əsaslar axtarışındadır. Bizim bu situasiyada, Lavrovun da xatırlatdığı BMT Təhlükəsizlik Şurasının qətnamələrini önə sürüb, Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasını tələb etməyimiz indiki anda ən təsirli vasitə ola bilər. Əks təqdirdə, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüququn ona verdiyi imkanları işə salmalıdır. Lavrovun bu bəyanatından sonra Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatları keçirmək imkanları yaranıb. Biz tarixin verdiyi fürsətləri dəyərləndirməliyik. Ermənistan bu danışıqların pozulmasına çalışır. Bu ölkədə inanırlar ki, Qarabağ Azərbaycana verilməyəcək, üstəlik, “azad olunmuş” torpaqlar da onlarındır. Bu fikri dəyişdirmək üçün fikrimcə, tarixin verdiyi fürsətlər dəyərləndirilməlidir”.

Rusiyanın Qarabağ məsələsini həll etməkdə nə dərəcədə “israrlı” olduğunu ötən illərin acı təcrübəsində müşahidə etmişik. Bu mənada ermənilərin, sadəcə, vay-şivən qoparmağa adətkar olmaları səbəbindən hay-küy qaldırdığını demək olar. 

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR