Erməni ekspertlər hesab edirlər ki, ölkə məqsədli şəkildə “İslam Dövləti”nə hədəf seçilib; Ermənistanın “bir gündə Moskvadan iki zərbə” aldığı deyilir
Rusiya XİN başçısı Sergey Lavrovun Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının İŞİD-lə mübarizəyə hazır olduğu barədə bəyanatı Ermənistanda təşvişlə qarşılanıb. Ölkənin siyasi ekspertləri həyəcanla bunun yolverilməzliyini bəyan edir, hakimiyyəti Moskvanın bu planına qarşı çıxmağa çağırırlar.
“Ermənistan ərazisində dislokasiya olunmuş Rusiyanın 102-ci hərbi bazası müstəqil fəaliyyət göstərə bilməz”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu politoloq Qaqik Ambaryan Rusiya XİN rəhbəri Sergey Lavrovun fikirlərini şərh edərkən deyib. Erməni ekspertin sözlərinə görə, Rusiya hərbi bazasının əməliyyatları haqqında rəsmi İrəvan da xəbərdar edilməlidir, ona görə ki, baza Ermənistan ərazisində yerləşir.
“Mən cənab Lavrovun bəyanatından çox narahatam. Çünki Lavrov birincisi, hərbi bazadan İŞİD-ə qarşı mübarizədə istifadə olunacağı halda Ermənistanın təhlükəsizliyinə 100 faiz təminat verməlidir. Amma cənab Lavrov bu təminatı verə bilməz. Ona görə ki, terrorizmə qarşı mübarizə böyük risklər vəd edir. Hətta Suriyada döyüşən Rusiya öz ərazisində təhlükəsizliyə təminat verə bilmir. Belə olduğu təqdirdə Ermənistan barədə nəsə demək artıqdır”-Ambaryan əlavə edib.
![]()
Erməni politoloq xatırladıb ki, 2010-cu ildə hərbi bazanın dislokasiyası ilə bağlı Rusiya və Ermənistan arasında 49 illiyinə imzalanan müqavilədə antiterror əməliyyatlarında iştirak haqqında qeyd yoxdur.
“Mən inanıram ki, Ermənistan hakimiyyətii öz mövqeyini dəqiq ifadə edəcək və Rusiyanın Gümrüdəki bazasından antiterror mübarizəsində iştirakına icazə verməyəcək. Mübarizə aparmaq istəyirsinizsə, bayraq sizin əlinizdədir, ancaq təkcə Ermənistanda yox. Ona görə ki, Ermənistan bölgədə yeganə ölkədir ki, İŞİD-lə heç bir əlaqəsi yoxdur. Qonşu Gürcüstan və Azərbaycanın, həmçinin Rusiyanın belə problemi var, . Bu üç ölkənin vətəndaşları terrorçu təşkilatın tərkibində döyüşürlər” -politoloq iddia edib.
Ambaryan daha sonra bildirib ki, Ermənistanın daha aktual problemi var-Qarabağ konflikti. “Bizim qonşuluğumuzdakı Azərbaycan isə daim bu münaaqişəyə dinlərarası rəng vurmağa çalışır”-Ambaryan cəfəng iddialarının davamı olaraq deyib.
Ekspertə görə, “İslam Dövləti” ilə mübarizədə Türkiyənin Gümrü bazasından faydalanmasına imkan vermək olmaz. Erməni politoloq belə olan halda terrorçuların Ermənistanı hədəf seçəcəyindən təşvişini gizlətməyib. “Bizim bu terror təşkilatının hücumlarına tab gətirməyə nə gücümüz, nə də onunla mübarizə arzumuz var”-Ambaryan həyəcanla qeyd edib.
“Məsələni şərh etmək üçün xüsusi bir şey yoxdur. Əgər Ermənistanda Rusiya bazası varsa, Moskva bu siyasəti bəyan edirsə, onda Ermənistan istər-istəməz Rusiyanın bu strateji layihəsində iştirak edəcək. Heç bu barədə Ermənistandan soruşan olmayacaq”. Bunu isə Erməni strateji və milli araşdırmalar mərkəzinin rəhbəri Manvel Sarkisyan deyib.
![]()
S.Lavrovun bəyanatı ilə eyni arada Rusiya prezidenti Vladimir Putinin Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bir araya gəlməsi və iki ölkə arasındakı problemlərin aradan qaldırılması istiqamətində mühüm razılaşmaların əldə olunması da işğalçı ölkəni qəm dəryasına qərq edib. Erməni politoloqlar baş verənləri şərh edərkən “bir gündə Moskvadan iki zərbə” aldığını bəyanlayıblar. Üstəlik, ATƏT-in İrəvan ofisinin qapadılmasının arxasında digər maraqların dayandığı, Ermənistanın rəzil günə salındığı barədə narahatlıqlar da mövcuddur. İddialar var ki, Rusiya Azərbaycanla birlikdə Ermənistanı beynəlxalq aləmdən təcrid siyasəti yürüdür. Erməni politoloqlar Rusiya-Türkiyə yaxınlaşmasından 1921-ci ilin qoxusunun gəlməsindən əndişələnirlər. “Rusiya Ermənisanın suverenliyini inkar edir”-erməni mətbuatında vurğulanır.
E.PAŞASOY,
Musavat.com






