İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Ermənistana daha nələri xatırlatdı?..

1418 14.11.2019 09:40 Yazarlar A A

Rusiyanın xarici işlər naziri S.Lavrovun Ermənistana səfəri nəhayət ki, başa çatdı - artıq səfərlə bağlı mülahizələr və proqnozlar arxada qalıbdır, çünki rusiyalı nazirin “əzabkeş” dost ölkəyə səfərinin, demək olar, bütün detalları məlumdur.

Səfərin məqsədini şərti olaraq iki hissəyə bölmək olar: bilavasitə Ermənistana ünvanlanan mesajlar və “əzabkeş millət”in digər hissəsi üçün - Qarabağ ermənilər üçün nəzərdə tutulan ismarış və göstərişlər, belə ki, hal-hazırda Moskvanın marağına Ermənistanla Dağlıq Qarabağ ermənilərini ayrıca tutmaq daha çox cavab verir.

Ermənistana aid onu demək olar ki, rusiyalı nazir bu ölkənin iqtisadiyyatının spesifik göstəriciləri üzərində çox ətraflı dayandı, xüsusən də onun iqtisadi həyatında Rusiyanın dövlət və xüsusi kapitalının hansı rol oynadığını qabartmağa çalışdı. Prinsipcə, rusiyalı nazirin kommentariyaları olmadan da ermənilər Rusiya kapitalının onların ölkəsi üçün nə demək olduğunun fərqindədirlər, amma onlar bir daha anladılar ki, Rusiyanın birinci diplomatı bu məqamların, iki ölkənin münasibətlərinin iqtisadi kəsimi üzərində elə - belə dayanmadı; ermənilərə bir daha işarə edildi ki, insani münasibətlərdə unutqanlıq bəzən nankorluq kimi yozula bilir, dövlətlərarası münasibətlərdə isə o, daha təhlükəli vərdiş kimi qiymətləndirilir, xüsusən də o vaxtkı artıq qış qapını kəsdiribdi, qaz və digər enerji daşıyıcıları hər şeydən aktual bir qayğıya çevrilibdi, çünki onların qiyməti rusiyalı siyasətçilərin və diplomatların ovqatından, ən əsası, onların erməni həmkarlarının özlərini necə aparmasından asılı olaraq dəyişə bilər...

Demək lazımdır ki, Ermənistanın yeni hakimiyyəti və onun yeni hökumət başçısı N.Paşinyan cənabları artıq çoxdan özləri üçün müəyyən nəticələr çıxarıblar: onlar hətta təhlükəli “Qərb” sözünü imkan daxilində daha az işlətməyə çalışırlar ki, rusiyalı həmkarlarını qeyzləndirməsinlər və demək olar ki, bu iki ilin ərzində N.Paşinyan cənabları qorxusundan Qərb istiqamətində iki santimetr belə addım atmayıbdır.

Amma Kreml ona yad ünsür, element kimi baxmaqda davam edir və düşünürük ki, bu da səbəbsiz deyil.

Bütün hallarda, N.Paşinyan bir siyasətçi kimi MDB-də adət olunan siyasi düşərgənin təmsilçisi deyil. Belə ki, MDB müstəvisində hakimiyyətə gəlməyin fərqli üsulları dəbdə və qüvvədədir, ona görə də erməni baş naziri özgə meydanında nə qədər özünkü olmağa çalışsa da, onu qəbul etməyəcəklər və daim təzyiq göstərəcəklər, çünki belə hesab olunur ki, təzyiq altında yeni Ermənistan hakimiyyəti daha təhlükəsiz və itaətkar olacaqdır...

Səfərin bilavasitə Dağlıq Qarabağla bağlı çalarlarına gəldikdə isə, burada da düşünüləsi məqamlar çoxdur: S.Lavrov danışıqların hazırki formatı üzərində də təsadüfən dayanmadı. Ümumiyyətlə, demək lazımdır ki, səfər zamanı rusiyalı nazirin diqqəti daha çox Dağlıq Qarabağ ermənilərinə tərəf yönəlmişdi.

Mövcud formatla bağlı izahlar və qəbul olunacaq nizamlanma variantının ilk növbədə Qarabağ erməniləri üçün məqbul olması haqqındakı bəyanatlar - bunlar təsadüfi söz yığını və ya birləşməsi deyildi, Kreml siyasətçilərinin və ya diplomatlarının ovqatını əks etdirən detallar idi: bəli, nə Azərbaycan, nə də Ermənistan, əvəzində oyuncaq “DQR” - Rusiyanın bölgədəki maraqlarının ağırlıq mərkəzi tədricən bu istiqamətə dreyf edir.

Belə bir sürüşmə oyuncaq respublikadakı “ən əsas siyasi hadisə” ərəfəsində daha aktual görünür: bəlli olduğu kimi, növbəti ildə oyuncaq respublikada “prezident seçkiləri” keçiriləcək. Aydın məsələdir ki, bu konteksdə rəsmi İrəvanın da müəyyən gözləntiləri var. Məsələ bundadır ki, hazırki DQR rejimi Dağlıq Qarabağ siyasi klanının qalığıdır və hələ avqustda Paşinyan Dağlıq Qarabağ Ermənistanın bir hissəsi elan edərkən bunu daha çox daxili auditoriya üçün etmişdi, çünki onun inqilabı hələ ki, Dağlıq Qarabağdakı rejimə çatmayıbdı.

Əlbəttə ki, bu xüsusda Kremlin də gözləntiləri var, çünki ona Ermənistanın özünə qarşı belə dəyənək lazımdır və belə bir “rıçaq” rolunda oyuncaq Dağlıq Qarabağ rejimi çıxış edə bilər. Hazırda Rusiya diplomatlarının və siyasətçilərinin özlərinə rəva bilmədiləri bir məsələ varsa, bu da Dağlıq Qarabağa gedib orada ermənipərəst bəyanatlar və çağırışlar etməkdir.

Onları bunu etməkdən Bakı ilə münasibətlər çəkindirir. Bakı isə o qədər incə və dəqiq siyasət yürüdür ki, Moskva onları pozmağa cəsarət etmir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR