Rusiyalı nazirin bu hərəkətini ermənilər az qala dönüklük, Moskvanın hörmətsizliyi kimi qiymətrləndirirlər...
Ermənistanın yeni səfiri Vaqarşak Arutyunyanın etimadnaməsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun deyil, müavinindən biri tərəfindən qəbul edilməsi internetin erməni seqmentində ciddi müzakirələrə səbəb olub. Bu, Ermənistanın alçaldılması kimi dəyərləndirilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Andrey Rudenko Ermənistanın Moskvadakı yeni səfiri Vaqarşak Arutyunyanla görüşüb və sonuncu etimadnaməsini ona təqdim edib. Ermənilər hesab edirlər ki, bu, Rusiya tərəfinin Ermənistan səfirinə qarşı hörmətsiz davranışıdır. Prosedura əsasən, diplomatik nümayəndə öz funksiyasını yerinə yetirmək üçün etimadnaməsini ölkənin başçısına təqdim etməyə borcludur. Sonra etimadnaməsinin surətini vermək üçün xarici işlər naziri ilə görüşür. Yəni diplomatik protokola görə, Ermənistanın Rusiyadakı səfiri etimadnaməsinin surətini xarici işlər naziri Sergey Lavrova verməli idi. Amma sonuncu Vaqarşak Arutyunyanla görüşmədi. Əvəzində isə Ermənistan səfirini, hətta birinci müavin deyil, sadəcə, müavinlərindən biri qəbul etdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni kökənli olması məlumdur. Ermənilər həmişə Lavrovu özlərinə “bir köynək” yaxın biliblər. O səbəbdən Lavrovun bu hərəkətini az qala dönüklük, Moskvanın Ermənistana qarşı hörmətsizliyi kimi qiymətləndirirlər.

YAP-çı deputat Hikmət Babaoğlu Ermənistanın getdikcə öz çəkisini görəcəyini söylədi: “Ermənistan nəhayət ki, Rusiyadan özünə qarşı layiq olduğu münasibəti görməyə başlayır. Ancaq indiyə qədər layiq olmadığı üstün münasibət gördüyü üçün bunu qəbul etmək istəmir. Lakin başqa çarəsi yoxdur. Ermənistan gec-tez öz real çəkisini və qiymətini dərk edərək reallığı qəbul etmək məcburiyyətində qalacaq. Məsələnin protokol və diplomatik etika tərəfinə gəldikdə isə aydındır ki, diplomatiya təkcə məxsusi protokol qaydaları, yazılı sənədlər və xüsusi üslubda danışıq tərzindən deyil, həm də çoxsaylı hərəkət, mimika, hətta nitqdəki pauza və vurğulardan da ibarət incə bir sənətdir. Ona görə də erməni səfirinin etimadnaməsinin xarici işlər naziri yox, onun müavini tərəfindən qəbul edilməsini həqarət hesab edir. Əslində isə ermənilər dərk etməlidir ki, onların dövlət qurması, hələ üstəlik Rusiaya Federasiyasına və dünyanın digər ölkələrinə səfir göndərmək imkanları əldə etməsi, beynəlxalq hüququn müstəqil subyektinə çevrilmələri vaxtilə rus xarici siyasəti və diplomatiyasının yol verdiyi tarixi xəta sayəsində mümkün olub. Yəni Ermənistan adlı süni dövlətin yaradılması Çar Rusiyasının xarici siyasət strategiyasının nəticəsi olaraq meydana çıxıb. Əgər indi müasir rus diplomatiyası öz davranışına azca korrektə etmək istəyirsə, bu, ermənilər üçün elə də böyük faciə kimi qəbul edilməməlidir. Lavrovun etnik mənsubiyyəti məsələsinə gəldikdə isə o heç vaxt ermənilərlə genetik bağının olub-olmaması ilə bağlı heç nə deməyib. Əgər biz rus üst kimliyini bir kənara buraxıb rus vətəndaşlarını tarixi etnik mənsubiyyətinə görə ayırmağa çalışsaq, o zaman Rusiya Federasiyasında etnik rus kimi tanınan və özünü rus kimi tanıyanların ən azı yarısı türk mənşəli çıxacaq. Böyük rus mütəfəkkiri Knyaz Trubetskoy bunu bildiyi üçün deyirdi ki, biz slavyan əcdadlarımızla fəxr etdiyimiz kimi turanlı əcdadlarımızla da fəxr etməliyik. Hər bir rusun dərisini qaşısan altında türk qanı axdığını görəcəksən. Yaxud böyük knyaz yenə də deyirdi ki, ruslar və turanlılar komplimentardırlar, biri digərini tamamlayır. Bütün bunlar tarixi konteksdə həqiqət olsa da, hazırda sosiologiya şəxsin sosial kimliyini onun özünü necə dərk etməsində görür. Yəni Lavrov bütün sosial göstəricilərinə görə tipik bir rusdur. Onun bioloji, yaxud antropoloji fərqlilikləri, sadəcə zahiri görünüşdə ola bilər. Ona görə də ermənilər belə romantik manipuliyasiyalardan əl çəkməli, yeni reallığı qəbul etməlidirlər. Reallıq isə ondan ibarətdir ki, Ermənistan dünən Rusiya üçün forpost idi, bu gün hərbi bazasının yerləşdiyi coğrafi ərazidir. Sabah isə ümumiyyətlə heç nə ola bilər”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Rusiyanın artıq Ermənistana layiqli yerini göstərməyə başladığını bildirdi: “Lavrovla bağlı məsələyə diqqət edin, görün hansı dövrə düşür. Azərbaycan Prezidentinin Rusiyaya səfəri ərəfəsində bu baş verir. Rusiya-Ermənistan xəttində artıq ciddi narazılıqlar hökm sürür. Bu da onunla bağlıdır ki, administrasiyada təmsil olunan, Qərblə bağlı olan məmurlar ciddi narazılıqlar yaratmaqdadır. Onlar Rusiya ilə bu qədər yaxın münasibətləri ölkənin müstəqilliyinə ciddi təhdid hesab edirlər. Eyni zamanda, bu hadisələr Ukrayna gərginliyi və faktiki olaraq bu ölkənin parçalanması fonunda baş verir. Hesab edirəm ki, Kremlin Ermənistana qarşı soyuq münasibəti digər məsələlərdə də öz əksini tapacaq. Bu, Dağlıq Qarabağdakı separatçılara olan münasibətin dəyişməsi fonunda baş verəcək. Ermənistanın siyasi elitasında bu cür narazılıqların yaranması təbiidir. Diplomatik protokolda nəzərdə tutulur ki, xarici işlər naziri səfirə etimadnaməni təqdim edəndə birbaşa onun tərəfindən qəbul edilir. Bu da ölkənin müstəqilliyinə verilən hörmətdən asılı olan məsələdir. Rusiya forpostuna əsl layiq olan qiyməti göstərir. Məsələnin bu cür yerinə düşməsi çox möhtəşəm bir hadisədir”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, Kremlin Ermənistana təzyiqləri getdikcə artacaq: “Sırf bu məqama görə konkret qiymət vermək çətindir. Ancaq son proseslər göstərir ki, Rusiya Ermənistanın siyasətindən, o cümlədən onun Türkiyə ilə yaxınlaşmasından narazıdır. Bu mənada Kremlin ”incikliyini" bildirməsi mümkündür. Bildiyiniz kimi, Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanı da Moskvaya dəvət edib. Putinin “masa diplomatiyası” davam edir. Putinlə Paşinyanın uzun masa arxasında söhbətləşəcəkləri istisna deyil. Belə olsa, Moskvanın İrəvana qarşı münasibəti tamamilə aydın olacaq. Bütün hallarda Rusiya Ermənistanın “buxovunun” boşalmasının fərqindədir. Odur ki, təzyiqlər artacaq".
Cavanşir ABBASLI
“Yeni Müsavat”






