İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Bakıya yeni “Yol xəritəsi” ilə gəlir - Rusiyanın Azərbaycana işi düşüb?

5963 18.02.2023 09:54 Siyasət A A

Qərbin fəallaşması və önə keçmək istəməsi, İrəvanın güclənən anti-Rusiya kursu Kremli sülh müqaviləsi məsələsində tələsdirir

Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın sonunda Azərbaycana səfər edəcək. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir. Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağı, hələlik dəqiq tarixin müəyyənləşmədiyi söylənilir.

Qeyd edək ki, dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova xəbəri təsdiqləyib.  

Maraqlıdır ki, Lavrovun Azərbaycandan Ermənistana gedəcəyi barədə bilgi yoxdur. Bu isə səfərin müstəsna olaraq Bakı-Moskva münasibətlərinin gündəliyi əsasında həyata keçəcəyini söyləməyə əsas verməklə yanaşı, “sorosçu” Paşinyan hökumətinə də bir ismarış sayıla bilər. 

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan danışıqlarında xüsusi nümayəndəsi İqor Xovayev Bakıda olub. Elə həmin gün Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olmuşdu. Xovayevdən az sonra isə Rusiya baş diplomatı Sergey Lavrovun Bakı səfəri maraq doğurmaya bilməz.

Lavrov Bakıya niyə gəlir?

Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərində son vaxtlar ciddi diplomatik-siyasi hərəkətlilik müşahidə edilməkdədir. İki gün öncə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Moskvada Rusiya Dövlət Duması və Federasiya Şurasının sədrləri ilə görüşlər keçirib. Rusiya rəsmiləri Bakının ünvanına reveranslar, İrəvana isə hədələr səsləndiriblər.

Nə baş verir? Diplomatik-siyasi aktivliyin pərdəarxasında bilmədiyimiz nələr var? Rusiyanın Azərbaycana işimi düşüb? Kremlin Bakıya artan reveranslarında əsas hədəfi nədir - Qərbə doğru yolunu davam etdirən, öz ərazisinə “yad qüvvələr” çağıran Ermənistana Azərbaycan vasitəsilə təzyiqi artırmaq, qulaqburması vermək, yoxsa sülh müqaviləsi üçün tərəflərə yeni “yol xəritəsi” təklif edib Qərbin təşəbbüslərini qabaqlamaq? Moskva nədən məhz Bakı ilə saat əqrəblərini tutuşdurmaq istəyir? Bunun bizə hansı faydaları olacaq?

Abutalıb Səmədov: Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənə  tarix boyu unutmayacağı bir dərs verdi

Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ayın sonlarında Bakıya nəzərdə tutulan səfəri ilk növbədə sülh sazişinin hazırlanmasına xidmət edir: “Bakıdan sonra onun İrəvana səfəri də istisna olunmur. Hələlik elan olunmasa da gözləniləndir. Burda mən bir məsələni xüsusilə qeyd eləməyi zəruri sayıram. Məlumdur ki, bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev regiona səfərə gəldi. Ancaq əvvəlki səfərlərdən fərqli olaraq bu dəfə əvvəlcə İrəvana getdi, sonra Bakıya gəldi və Azərbaycan Prezidenti onu qəbul elədi. Təbiidir ki, söhbət birinci növbədə sülh sazişinin hazırlanmasından gedir. Avropa İttifaqı artıq özünü danışıqlardan, sülh sazişi hazırlanması prosesindən kənar vəziyyətdə qoyub. Nikol Paşinyanın Fransa prezidentinin Brüssel danışıqlarında iştirakı tələbinə kəskin reaksiya verməməklə Avropa İttifaqı təşəbbüsü əldən verdi və kənara çəkilmək məcburiyyətində qaldı. İndi iki vasitəçi qalıb - Vaşinqton və Moskva. Təbii ki, Rusiya təşəbbüsü Vaşinqtona vermək istəmir və Lavrovun səfəri də sülh sazişi layihəsi üzərində danışıqları davam etdirməyə xidmət edir. Görünür, Xovayevin səfəri də müəyyən qədər uğurlu olub ki, belə bir yüksək səviyyəli səfərə ehtiyac yaranıb”.

A.Səmədovun sözlərinə görə, əsas məsələ sülh sazişində Qarabağ məsələsinin qeyd olunub-olunmamasıdır: “Rusiya qeyd olunmasını istəyirdi. Ermənistan da bunu istəyirdi. Azərbaycan buna qəti etiraz elədi və Soçi danışıqlarının da nəticəsiz başa çatmasının əsas səbəbi elə bu məsələ oldu. Sergey Lavrov gəlirsə, deməli, artıq Rusiya bu israrından imtina edib. Yoxsa Lavrovun gəlməyinə ehtiyac olmazdı. Eyni zamanda çox güman ki, Ermənistanı da buna razı salmaq mümkün olub. Rusiyanın kifayət qədər güclü arqumenti var - sən Vaşinqtonda razılıq vermişdinsə, indi niyə razılıq verməyəsən.

Ümid edək ki, danışıqlar uğurlu olacaq və Lavrovun bu səfəri eyni zamanda yüksək səviyyəli üçtərəfli görüşün hazırlanmasına və sülh sazişinin imzalanmasına xidmət edəcək. Rusiya Ermənistanı Avropa İttifaqının müşahidə missiyasını dəvət etməsinə görə cəzalandırmaq istəyir. Moskva əlinə imkan düşən kimi mütləq Ermənistana bu addımlarına görə cəzanı verəcək. Fransa jandarmasını, alman hərbçilərini regiona gətirdiyinə görə Ermənistan heç vaxt Rusiya tərəfindən cəzasız qalmayacaq. Ancaq Lavrovun bu səfəri çox güman ki, cəza vermək məqsədilə edilməyəcək. Məqsəd sülh sazişini mümkün qədər tez imzalamaqdır və Rusiya burada təşəbbüsü heç kimə vermək fikrində deyil".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR