İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçından SON xəbərdarlıq: “Miatsum” kitabı bağlandı, “parlament”i də bağlayın və amnistiyanı gözləyin!

1737 28.05.2023 17:48 Yazarlar A A

Moskvadan Kaluqa şəhərinə başlanan yolçuluğumuzda həmsöhbətlərimizdən biri daşnakların anasını ağladan Xosrov bəy Sultanovun şəcərəsindən olan soydaşımız idi. Yol boyunca Xosrov bəyin qəhrəmanlığından başlayan söhbətimiz Laçında ermənilərin at oynatdığı həmin günlərədək davam edən olduqca ağrılı, nisgilli söhbətimizdən başımız onda ayıldı ki, gedəcəyimiz şəhəri keçmişik, az qalır Ukrayna sərhədlərinə çataq...Soydaşımız inana bilmirdi ki, bir daha o torpaqlara qayıdacaq Laçının əsl sahibləri...

Onda Qarabağ, Şərqi Zəngəzur işğaldaydı və Rusiyada yaşayan əksər qardaşlarımız çox az inanırdılar böyük qələbəmizə. Burada həm də Ermənistana açıq və gizli dəstək verən ölkələr amili də var idi. Hər görüşdə inandırmağa çalışırdıq, çətin də olsa. İndi o görüşlər, söhbətlər sadəcə xatirədir. Reallıq isə...Xəbər oxuyuruq: Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub! İstanbulda uyuyan, Xalq Cümhuriyyəti dövründə Qarabağ-Zəngəzur bölgəsinin general-qubernatoru olmuş qəhrəmanımızın, Andonikin qənimi olan, Zabuxda 30 min daşnakı darmadağın edən və “Qanlı dərə” adlı abidə qoyan Sultan bəyin və bütün şəhidlərimizin ruhu şad olsun!

08b8e179-134e-3e6c-9577-1e9f2949fcd3_850.jpg (144 KB)

27 may 2023-cü ildə Laçın şəhərinin bri qrup sakini, 20 ailə, 97 nəfər öz Evinə qayıtdı! Bu xəbəri eşitmək, qayıdış kadrlarını sosial şəbəkələrdən, efirdən izləmək, Ali Baş Komandanın Böyük Qayıdışla bağlı açıqlamasını oxumaq o qədər möhtəşəm idi ki...Bir anlıq başqa bir xatirəyə döndüm. Hər dəfə avtobus sürücüsü paytaxtın məşhur ünvanlarının birinin qarşısından keçəndə sərnişinlərdən “Laşında düşən olacaqmı”-soruşanda ürəyimiz sızlayırdı. Nələr keçirdi gözlərimiz önündən. O zaman ermənilərin idbar “berdzor” çağırdıqları müqəddəs yurd yerlərimizdən birinin, Qarabağın, Zəngəzurun qapısının ətri üçün qurnumuzun ucu göynəyirdi...

Laçınlıların ilk partiyası hava qaralanda yetişdilər doğma ünvana, düz 31 illik həsrətdən sonra! Az qala bir qərinə! 18 may 1992-ci ildə Laçın işğal ediləndə ev-eşiklərini, əmlaklarını atıb, sadəcə acı xatirələrini götürüb yurdunu tərk edənlər bu illərdə nələr çəkdilər, düşmənə, ona havadarlıq edənlərə lənət oxuyaraq. Nə qədər insanımız Laçın həsrəti ilə dünyadan köç elədi.

photo_2023-05-28_16-42-13.jpg (73 KB)

Və budur, Prezident İlham Əliyev mayın 28-sində, Respublika günündə Laçın rayonuna qayıdan sakinlərlə görüşündə bildirib ki, iyun ayında qayıdışın davamı olacaq. İlkin mərhələdə isə Laçına 4 min, bəlkə daha artıq sakin qayıdacaq! Gözəl xəbərdir! Nəzərə alsaq ki, Laçın rayonu üçtərəfli razılaşmada əksini tapdığı kimi, 2020-ci ilin dekabrında deyil, 2022-ci ilin 26 avqustunda Azərbaycana təhvil verildi. Həm də xoşluqla deyil...Azərbaycan dövləti Ermənistanın yağmaladığı Laşında da cəmi 7-8 ay ərzində həyatı bərpa etdi, qurdu, yaratdı və budur, yurd sahibləri evlərinə dönür! Ardınca Zabux və Sus kəndlərinin sakinləri də o möhtəşəm tarixə şahidlik edəcəklər...

Dövlət başçısı Laçına Kəlbəcərdən gəldi, yeni layihələrin təməllərini qoyduqdan, açılışları reallaşdırdıqdan sonra. Div layihələr reallaşdırılır Kəlbəcərdə, təkcə tikilən tunelləri xatırlamaq kifayətdir. Amma çəkilən yollar, tikilən tunellər həyata aparır, məktəblərin bünövrəsi qoyulur, mənzillərin tikintisinə başlanılır. Çox keçməz ki, Kəlbəcər aparan Ağdərə yolu da ixtiyarımızda olar, inşallah, əksi mümkünsüz!

24f5d2cc-1797-315f-bb1e-5ebf8e9d3702_850.jpg (109 KB)

Azərbaycan ordusunun ildırımsürətli hücumları, 44 günlük müharibədə düşmənin başına od ələməsi son nəticədə Kəlbəcər, Ağdam və Laçının döyüşsüz təhvil verilməsi barədə öhdəliyin götürülməsinə gətirib çıxartdı. Heç şübhəsiz, döyüşlər bu ərazilər uğrunda da davam etsəydi belə, şanlı ordumuz qalib gələcəkdi, o halda daha çox sayda itkilər verməyimiz də qaçılmaz olacaqdı. Odur ki, bu ərazilərin, xüsusilə də strateji əhəmiyyət kəsb edən Laçın rayonunun və Laçın yolunun nəzarətə götürülməsinin müstəsna tarixi əhəmiyyəti var idi. Düşmənin onurğa sütunu qırıldı, çünki Qarabağın işğalı elə Şuşa və Laçının işğalından sonra sürətli şəkildə həyata keçirilmişdi. Şuşanın azadlığından sonra Ermənistanla separatçıların arasında əsas əlaqəyə çevrilmiş Laçın bağının da kəsilməsi düşmənin şah damarının kəsilməsi qədər önəmli əhəmiyyətə malik əməliyyat idi. Prezident Laçın sakinləri ilə görüşdə bildirib ki, 44 günlük maharibəyə qədər Laçını Azərbaycana qaytarmaq nə ermənilərin, nə də üçüncü tərəflərin ağlına belə gəlmirdi. Bəli, o dövrdə Azərbaycana 3+2+2 kimi mücərrəd “həll yolları”, daha doğrusu, nağılları danışırdı vasitəçilər. Məqsəd-məram bu idi ki, illər keçsin, sonda ölkəmiz məğlubiyyətlə barışsın, Kəlbəcər və Laçını da keçmiş Dağlıq Qarabağın “göz”ünə qatıb, əllərində əbədi saxlamaq istəyirdilər. Görün Azərbaycan düşmənin və havadarlarının hansı planlarını pozub!

Baş Komandanın Laçında, 28 May günündə, 28 May küçəsində məğrur duruşu düşmənə göz dağıdır! Bu, 105 yaşlı Azərbaycan Respublikasının ad gününə möhtəşəm hədiyyədir! Eyni zamanda Prezidentin Laçına səfəri, çoxsaylı təməlqoyma və açılışlar, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması kimi tarixi hadisə dövlət başçısının Müstəqillik Günündə xalqa hədiyyəsidir.  

b0282de6-febc-30ca-95d6-b3f8c20b688f.jpg (68 KB)

Vətən müharibəsinədək Laçını Azərbaycana qaytarmağı “ağıllarının ucundan”  belə keçirməyənlər bu gün Azərbaycanın Laşın Sərhəd Nəzarət Məntəqəsini həzm edə bilmirlər. Bəlkə də anlaşılandır. Havalanıblar, dəli olublar bu reallıqdan, axı onlar başqa planlar qurmuşdular. İndi Laçında, Həkəri qapısında Azərbaycan sərhədçisi və gömrükçüsünün nəzarəti altında hərəkət etməli olurlar, həm də Azərbaycan qanunlarına tabe olurlar!  Azərbaycan Prezidenti bəyan edib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır! Sonrakı xəbərdarlıq: “Əfsuslar olsun ki, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək, onları xilas edəcək, kimsə gələcək, Azərbaycanla müharibə edəcək. Bunlar hamısı cəfəngiyyatdır”.

Bəli, ermənilər gərək dərs götürsünlər. Unutmasınlar: Prezident Əliyev hətta 11 il əvvəl Laçın sakinləri ilə, məcburi köçkün statuslu insanlarımızla görüşündə onların öz yurdlarına qayıdavcağını əminliklə söyləmişdi və budur, artıq o hadisənin şahidləriyik, həm də Qarabağdakı ermənilər uzaqdan baxırlar, köks ötürüb, mağmın vəziyyətdə. Bilsinlər ki, heç nə təsadüfən deyilmir, deyildisə, bir gün təsdiqini tapır, ona görə də özlərini yığışdırsınlar, əgər ölkəmizdə normal yaşamaq niyyətləri varsa? Əksini dövlət başçısı əvvəldən deyib: “Yol açıqdır!”

19d93962-e8d4-3c06-b68c-385942488711.jpg (103 KB)

Ötən əsrin əvvəllərində Azərbaycan dövlətini quran kişilər yolu məlum səbəblərdən yolu başa çatdıra bilmədilər. Bunun bir səbəbi də o oldu ki, Qarabağda yenidən silaha sarılan və dövlətimizə xain zərbələr quran erməni daşnakları Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun bu istiqamətdə səfərbər olunmasına nail oldular, şimal sərhədimizi qorumaq üçün cəmi 350 əsgərimiz qalmışdı...Bu gün Xankəndi və ətrafdakı bir ovucluq erməni separatçıları, terrorçuları yenə də mənfur sələflərinin 103 il əvvəlki xain planlarını icra etmək üçün fürsət gəzirlər, yarasa kimi qaranlıqda gizləniblər, fürsət gözləyirlər. Amma qüdrətli Azərbaycanın qalib Prezidenti növbəti dəfə Laçından xəbərdarlıq etdi. SON xəbərdarlığa çox bənzədi. “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamaq üçün addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oytamalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”. Çox ciddi xəbərdarlıqdır, hətta əməliyyatöncəsi xəbərdarlığa çox bənzəyir. Gerisayım başladı, demək də olar. Davamı da var. Sitat: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.  

736ee4b8-1d7e-3131-b50b-ac1ee91f9d28.jpg (86 KB)

Və...Davamı da var, separatçılar üçün yaddaş üçün: Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil qutusuna atmaq və oyuncaq “parlament”i buraxmaq! Təbii ki, silahların təhvil verilməsi öndə gələn tələbdir. Ondan sonra Azərbaycan dövlətinin əfvi-ümumisinə, amnistiya qərarına ümid edə bilərlər...

Ali Baş Komandan çıxış yolunu beləcə sıralayıb: “Hamı çox yaxşı bilir ki, bu gün bizim bu regionda (Qarabağda) istənilən əməliyyatı keçirmək üçün bütün imkanlarımız var. Ona görə də qondarma “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz postlarını tərk etməlidirlər. Yalnız bu halda onlara güzəşt ola bilər və amnistiyadan söhbət gedə bilər”.

Erməni separatçıları neçə vaxtdır Laçın qapısının qarasına deyinirdilər. Qapının SAHİB(lər)i gəldi və SON XƏBƏRDARLIĞINI Laçından etdi, sərhəd şəhərindən. Hətta o tərəfdəkilərə də mesajını ünvanladı, Qərbi Azərbaycandakı kəndləri görürük, deyə...

Bu gün görürüksə, sabah orda ola da bilərik, unutmasınlar!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR