İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçında Türkiyə-Azərbaycan hərbi təlimlərinin xüsusi bir anlamı var” -Oktay Qasımov

669 11.09.2021 10:10 Ölkə A A

“Rusiya hakimiyyəti bölgədə Türkiyənin varlığını artıq qəbul edir, başqa yol da yoxdur...”

“Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonu ərazisində birgə təlimlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Ən azı o baxımdan ki, Azərbaycan əraziləri erməni işğalından azad olunandan sonra ilk dəfə bu ərazilərdə iki müttəfiq ölkənin hərbi qüvvələri birgə təlimlər keçirir”.

Bu barədə siyasi ekspert Oktay Qasımov “Yeni Müsavat”a bildirib. Onun sözlərinə görə, bu təlimlər Azərbaycan və Türkiyə arasında mövcud olan hərbi strateji əməkdaşlıq müqaviləsinin ruhuna da uyğundur. O cümlədən, Şuşa Bəyannaməsinə uyğun olaraq həyata keçirilən tədbirlər sayıla bilər: “Digər tərəfdən bu hərbi təlimlərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bölgənin əsas açar ölkəsi olaraq bölgədə sabitliyin və əməkdaşlıq mühitinin inkişafı üçün üzərinə düşən məsuliyyəti də qəbul edərək özünün müdafiə qabiliyyətini, o cümlədən ordusunun gücünü artırmaqda davam edir”.

O.Qasımov hesab edir ki, həm bu təlimləri, o cümlədən yaxın zamanlarda gözlənilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının birgə hərbi təlimlərini də bu qəbildən olan addımlar kimi qiymətləndirmək lazımdır: “Ermənistan bu hərbi təlimlərdən narahatlıq keçirir və qorxuya düşür. Ermənistan 10 noyabr razılaşmasının şərtlərini, bu şərtlər daxilində üzərinə düşən öhdəlikləri sabotaj eləməklə məşğuldur. 10 noyabr üçtərəfli bəyanatından 10 ay keçməsinə baxmayaraq hələ də onun 3 maddəsi yerinə yetirilməmiş qalır. Ona görə də Azərbaycan bütün ərazisində suveren hüquqlarını təmin etməli, ərazisindəki erməni silahlı tör-töküntülərinin çıxarılması məsələsini həll etməlidir. Bu təlimlərin özünün xüsusi bir anlamı var. Mən hesab eləmirəm ki, bu təlimlər Rusiyanın əleyhinə yönəlib və ya onlara cavab xarakterlidir. Əlbəttə ki, bir müddət öncə Laçın dəhlizində Rusiya sülhməramlılarının keçirdiyi təlimlər Azərbaycan cəmiyyətində suallar, etirazlar yaratdı. Azərbaycan və Türkiyə hərbçilərinin Laçında birgə təlimlərinin keçirilməsi bir mesaj kimi dəyərləndirilə bilər. Yəni Azərbaycan özünün maraqlarını və suveren hüquqlarını heç bir halda güzəştə getməyəcək deyə mesaj verilib. Bu, Rusiyada hansısa narahatlıq doğura bilər. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanın mövqeyi Rusiyaya qarşı deyil. Azərbaycan sadəcə bütün ərazisində suveren hüquqlarını bərpa etmək istəyir”.

Həmsöhbətimiz qeyd etdi ki, Rusiya hakimiyyəti bölgədə Türkiyənin varlığını artıq qəbul edir. Başqa yol da yoxdur: “Ermənistanın isə təxribatlara əl atacağı istisna deyil.  Erməni silahlılar Rusiya sülhməramlılarının arxasında gizlənib Azərbaycan hərbçilərinin postlarına doğru atəş açırlar. Bu cür təxribatların qarşısı sərt şəkildə alınır və alınacaq. Ancaq ola bilər ki, ermənilər təxribatlarını genişləndirsinlər. Daha iri miqyaslı təxribatlar olacaqsa onun da cavabı çox sərt şəkildə veriləcək. Fikrimcə, Rusiya Prezidentinə hal-hazırda bölgədə ciddi hərbi qarşıdurma, ciddi təxribatlar lazım deyil. O baxımdan erməni separatçılar bunu da nəzərə alsalar yaxşıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR