İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçına çəkilən yol, iranlıların sökdüyü kəndlər, fransızların tikdiyi qəsəbə - Yol qeydləri (VİDEO)

7810 12.10.2021 12:58 Reportaj A A

 Füzuliyə 3 saat 20 dəqiqəyə çatdıq. Nə var ki. Hamar yoldur, uzanıb gedir. Saatda 30-40 km sürətlə gedən lafetlər, 40-50 ilə hərəkət edən yük maşınları olmasa, daha tez çatmaq olar.

Müharibə yolu

Füzulidən Cocuq Mərcanlıya tərəf gedən, nə vaxtsa hamar asfalt olmuş, son bir ildə hərbi texnikanın tırtılları, ağır tonnajlı yük maşınlarının təkərləri altında dağılmağa meyllənmiş dar yol da pis deyildi, orta sürətlə mənzil başına doğru hərəkət etmək olurdu. Müharibədən çıxmış yol bundan yaxşı olmaz.

Xudafərin həndəvərində isə yol pisləşdi. Bu artıq daş yol idi. Ensiz və tozlu.

Heç demə, bu muştuluqmuş. Əsl çətinlik irəlidəymiş, Zəngilan postundan Qubadlı ərazisi ilə Laçına getmək daha çətin imiş. Buralar başdan-başa rusların “obyezd” dedikləri şeydir.

Sürücümüz, "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli belə olacağını bilirdi, soruşub öyrənmişdi ki, yol bərbad gündədir, Zəfər yolu kimi hamar deyil, amma o da yolun belə olacağını təxmin etmirdi. Bu əslində, məşhur ifadə ilə desək, yol deyil, istiqamətdir. Laçın istiqaməti.

Əsas da bu idi. Doğma yurdlara ilk dəfə ayaq basmaq, olanları görmək, çəkmək, yazmaq.

Ana yolu tikən Anadolu türkləri

5.jpg (149 KB)

 

Əslində yolun bu cür olması bir baxımdan çox sevindiriciydi. İş gedir, yol təzədən qurulur. Horadizdən Laçına yeni yol çəkilir. Zəfər yolu kimi olacaq. Enli, hamar. Əvvəlki kimi dolama, qıvrımlı olmayacaq, relyef imkan verdikcə düz olacaq. Bundan ötrü qayalar çapılır, çökəklər doldurulur. Yolda qayanın başında işləyən ekskavator gördük. Ağır texnikanın oraya necə çıxdığı heyrətamiz idi. Məlum oldu ki, öz gücünə çıxıb – tırtılı və çalovuşu ilə.

3.jpg (173 KB)

Yolda ünvan soruşmaq üçün önümüzə gələn bir neçə pikap növlü abtomobili işıq siqnalı ilə əylətdik. Üçü də bu zonada çalışan, yol şəkən, obyekt tikən Anadolu türkləri çıxdı.

4.jpg (151 KB)

Pikaplardan on qat çox olan isə hər 3-4 saniyədən bir qarşıdan gələn, öndə gedən, ardımızca irəliləyən yük maşınları idi. Onlar bəlkə də yol iştirakçısı olan sürücülərdə narahatlıq yarada bilərdilər, amma işğaldan azad olunmuş torpaqlarda tikinti-quruculuq işlərinin vüsət almasını düşünənlərə yalnız rahatlıq gətirər.

Bu avtomobillərdə yol boyunca dərələrdə, düzlərdə düşərgə qurmuş zəhmətkeşlər hərəkət edirlər, nəsə daşıyırlar. Hamısı bir işlə məşğuldur. Onlar erməni tapdağından azad olmuş rayonlarımızı tikir, bərpa edir, yenidən qururlar. Hələlik yoldan və infrastrukturdan başlayıblar. Sonra yaşayış məntəqələri, iş yerləri, kommunal obyektlər tikəcəklər.

Əvvəl Ağalıydı, indi “Ağıllı” olacaq

2.jpg (202 KB)

Zəngilanın Ağalı kəndində isə artıq bir “ağıllı kənd” tikilib başa gəlmək üzrədir, necə deyərlər, hər şeyi yoluna qoyublar. Çox ağıllı iş görüblər. Kənd də yaxşı yerdədir. Bir azdan buralar sanatoriyaya bənzəyəcək. Adamın ürəyindən köçüb oralarda yaşamaq keçir.

Bəs ermənilər 27-28 il işğalda saxladıqları bu torpaqlarda nə iş görüblər? Yaramazlar heç bir iş görməyiblər – dağıtmaqdan, talamaqdan, yağmalamaqdan başqa. Gücləri çatanları özləri edib, güclərini aşanları isə iranlı işbazlara satıblar, onlar da leşə cuman quzğunlar kimi gəlib, şəhər, qəsəbə, kəndlərimizdə sökülüb-daşına bilən nə varsa, hamısını “səliqəli şəkildə” yığışdırıb aparıblar.

Fransızların “axırıncı yolu” – torpağımızda erməniyə qəsəbə salıblar

Qubadlının Xanlıq kəndi ətrafında isə abad, dam örtükləri qırmızı, eyni biçimli evlərdən ibarət yaşayış məntəqəsi gördük. Ermənilərdən qalıb. Əslində isə fransızlardan. Heç demə, bu, tərifli erməi ustaların əl işi deyil. Bunu Suriyadan, Livandan gəlmiş erməni qaçqınlar üçün fransızlar tikib.

14.jpg (211 KB)

İşə baxın, onlar bunu Ermənistanın ərazisində etməyiblər, gətirib Azərbaycanın işğal olunmuş rayonunda, heç qondarma “DQR”-ə belə dəxli olmayan rayonda ediblər. Allah qoymasa, Fransa ATƏT-in Minsk Qrupunun üzvü olaraq Qarabağ konfliktinin tənzimlənməsi ilə məşğul idi. Bu cür tənzimləyirmişlər – torpağımızı erməniyə peşkəş etməklə, onun qoynunda erməniyə yuva tikməklə. Bu isə özünü axırıncı yola qoymaqdır.

Eybi yox, qoy bu qırmızı qəsəbə fransızların bizə hədiyyəsi olsun.

Həkərinin suyu vadini nura qərq edəcək

 9.jpg (206 KB)

Laçının bəri tərəfdən giriş qapısı olan Güləbirdə və ondan o tərəfdəki yerlərə baxanda dərhal hiss olunur ki, ermənilərin buraları bizə qaytarmaq fikri olmayıb. Həkəri çayının üstündə tikilmiş modul su-elektrik stansiyası vadidə məskunlaşan, kənd salan ermənilərə elektrik enerjisi verəcəkmiş. Hər şeyi hazırdır. Çox keçməz, orada istehsal olunan elektrik enerjisi Həkəri vadisini işıqlandırar.

Oralar yaxşı, səfalı yerlərdir. Laçın camaatı öz yer-yurdlarına qayıdandan sonra daha gözəl, axar-baxarlı olacaq, turizmi də inkişaf edəcək, təsərrüfatı da.

“Tək gün-cüt gün” məsələsi: elə bir gün gələcək ki...

Qaranlığa düşdük, Laçının o biri şaqqasına, sülhməramlıların dislokasiya yerinə gedə bilmədik. Nahiyədə işləyən işçilər də, postlarda ürcah olmuşa hərbçilər də məsləhət görmədilər, dedilər ki, həftənin cüt günləri biz o tərəfə keçirik, tək günləri isə ermənilər o yoldan istifadə edir, Xankəndiyə gedib-gəlirlər, keçsəniz də, 1-2 gün geri qayıtmaq mümkün olmayacaq.

Bu da bir gerçəklikdir, acıdır, hələlik hesablaşmağa məcburuq. Fəqət ümid böyükdür ki, yaxın gələcəkdə Laçın dəhlizində bütün günlər yol bizim olacaq.

127.jpg (117 KB)

 

Söhbətə yoldan başladıq, yolla da bitirək. Yolçu yolda gərək. Zəfər yolunun yük götürən qardaşı hazır olunca, yenidən bu yolların ağına düşüb, sizə daha ürəkaçan mənzərələrdən bəhs edəcəyik.

Xalid Kazımlı, Elçin Əkbər (fotolar)

Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR