İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postuna xain hücumun ilginc pərdəarxası - bədəli ağır olacaq, həbslər də uzaqda deyil!

1409 17.06.2023 11:12 Gündəm A A

Ekspertlər Bakının yeni “təhlükəsizlik xəritəsi”ndən danışdılar; nə qədər ki, sülh sazişi yoxdur və Qarabağda qanunsuz silahlı dəstələr qalır...

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayan Laçın sərhəd-buraxılış məntəqəsindən getdikcə daha çox sayda erməni keçib-getməkdədir. Əlbəttə, bu da qaldırılan hay-küylərə rəğmən, postun qanuniliyi və legitimliyinin qəbul edilməsi anlamına gəlir. Vəziyyətin belə inkişafı isə şübhəsiz ki, Ermənistanda Rusiyaya bağlı radikal-revanşist qüvvələri və o cümlədən Rusiyanı narahat etməyə bilməzdi.

Laçındakı nəzarət-buraxılış postunun iyunun 15-i səhər atəşə tutulması və bir sərhədçimizin yaralanması ən əvvəl bu imperativdən qaynaqlanır. Yəni açıq-aşkardır ki, hədəf həm də Laçın postundan istifadə edən Qarabağdakı dinc erməni əhalini qorxu altında saxlamaqdır. “Yeni Müsavat” bildirir ki, Azərbaycan XİN-in bəyanatı bu mənada tam yerindədir.

Sitat: “Bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır. Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaq”.

Buna şübhə etmirik. Son məlumatlara görə, Laçın sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi müvəqqəti dayandırılıb. “Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər sərhəd-buraxılış məntəqəsinin fəaliyyətində dəyişiklik edilməyəcək”, - məlumatda vurğulanır.

İstənilən halda, belə təxribatlar postun sonrakı fəaliyyətinə neqativ təsir göstərməyəcək. Doğrudur, hələlik sərhədçilərimiz yoxlamaları fərq qoymadan həyata keçirirlər. Yəni Qarabağda yaşayan ermənilərdən Azərbaycan pasportu tələb edilmir. Ancaq bu da müvəqqətidir. Günün birində növbəti tələb işə düşəcək. Bunu həm də sərhəd postuna qarşı törədilən xain təxribat aktı diktə edir. Yəni nəzarət yüzdə-yüz daha da gücləndiriləcək.

Başqa sözlə, digər vətəndaşlarımız kimi, Azərbaycanın erməni vətəndaşları da yalnız Azərbaycan pasportu ilə xaricə, o sırada Ermənistana gedib-gələ biləcək, vətəndaşlıqdan imtina edənlər isə qayıda bilməyəcəklər. Təbii ki, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş canilərə münasibət məxsusi olacaq. Xüsusən də 15 iyun silahlı insidentindən sonra. Demək, Laçın postunda həbslər də reallaşa bilər.

Şübhə yox ki, postun mühafizəsi və təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər həm də o səbəbə görüləcək ki, dinc erməni sakinləri üçün də təhlükə olmasın. Amma bu, hansı tədbirlər ola bilər? Hər halda, Azərbaycan dövlətinin bu xain hücumdan sonra konkret planı və “təhlükəsizlik xəritəsi” olmamış deyil.

İş orasındadır ki, ermənilər hərbi təxribatları azaltmırlar. Postumuza hücum olan günü Füzuli, Naxçıvan istiqamətində, habelə Gorusdan mövqelərimiz atəşə tutulub. İyunun 15-də Zəngilan istiqamətində də ağır döyüşlər getməsi xəbəri yayılıb. İyunun 16-da isə yenə Şuşa və Gədəbəy istiqamətindəki mövqelərimiz atəşə tutulub. Eləcə də Naxçıvan yenə atəşə məruz qalıb. Onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Zəngilan istiqamətində təxribata başladığı post darmadağın edilib. Düşmən postunun dağıdılmasının görüntüləri yayılıb.

Cəmiyyətimiz prezident və parlament seçkilərinə hazırdır – Zahid Oruc

Zahid Oruc

Yeri gəlmişkən, deputat Zahid Oruc son hadisələrdə Qərbi ittiham edib: “Ssenari eynidir - NATO qüvvələrini Gümrüyə gətirsinlər. Bu ilin martında Foq Rasmussenin əvvəlcə Cermuxa gəlib Azərbaycanın "hərbi hücumu"nu pisləməsi, ardınca Laçın sərhəd punktuna yaxınlaşıb görüntülər paylaşması, Qarabağda erməni əhalisinin “humanitar böhran”ını qabartması Ermənistana casus missiyasi göndərən NATO-nun, onun əsas yönləndiricisi Amerikanın birbaşa sifarişi idi. Ağdama, Ağdərəyə bir dəfə də olsun gəlməyən keçmiş baş katib indi ölkəmizə sistemli hücumlar edir və İrəvandan, o cümlədən Xankəndindən rus hərbi birləşmələrini çıxarıb Avroatlantik Alyansın qoşunlarını yerləşdirmək istəyənlərin sözünü deyir".

Hərbi ekspert Azad İsazadənin qəzetimizə bildirdiyinə görə, Qərb belə gərginliyi xoşlamır: “Onun marağı yoxdur ki, hadisələr qaynar fazaya keçsin. Ona görə hesab edirəm ki, Ermənistandakı ruspərəst qüvvələrdən istifadə edilərək müvəqqəti gərginlik yaradılır. Laçın keçid məntəqəsinə hücumun ermənilərin öz təşəbbüsü ilə törədilməsini istisna etmirəm. Onlar vəziyyətdən istifadə etməklə hansısa addım atıblar. Zəngilan istiqamətində, yəni Şərqi Zəngəzurda təxribatlar isə Rusiyaya yaxın güclərin işinə oxşayır. 90-cı illərdə də olub, 2-ci Qarabağ müharibəsinə qədər də naməlum istiqamətdən atəş açılırdı, sonra ermənilərlə azərbaycanlılar bir-birinə qarşı müharibə aparırdı. Burada məqsəd inamı pozmaq, qarşılıqlı etimad yaranması fürsətini korlamaqdır. Yəni birdən yaxınlaşma olar, sülhə doğru addımlar sürətlənər, bölgədə sabitlik baxımdan bir-birinə etibar formalaşar”.

Elxan Şahinoğlu: "KTMT Ermənistanı qoruya bilməyəcək"

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, nə qədər sülh sazişi yoxdur, sərhəd müəyyələnləşməyib və dəhliz açılmayıb, bölgədə gərginlik azalmayacaq, arabir az sakitləşəcək, yenidən toqquşmalar qeydə alınacaq və bu hər dəfə təkrarlanacaq: “Hətta iki dövlət arasında sazişlərin hamısı imzalansa belə, Qarabağ separatçıları tərk-silah olunmayana, Xankəndidə bayrağımız dalğalanmayana və bölgənin tamamında Azərbaycan qanunları tətbiq olunmayana qədər bizə sakitlik yoxdur”, -  deyə politoloq belə düşünür.

Onun sözlərinə görə, Ermənistan ordusunun Laçın sərhəd-keçid məntəqəsinə qarşı təxribatı Qarabağ ermənilərinə zərər vurub: “Ermənilər bu sərhəd keçid məntəqəsindən istifadə edərək Qarabağdan çıxa və qayıda bilərlər. Təxribat nəticəsində sərhəd-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb. Nəticədə ermənilər sərhəd-keçid məntəqəsindən istifadə edə bilməyiblər. Sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edəndən sonra yenə təxribat olarsa, sərhəd yenidən qapanacaq, bu, Qarabağ ermənilərinə çətinlik yaradacaq, xəstələri Ermənistana gedə bilməyəcək, ərzaq daşınması dayandırılacaq. Ona görə də Qarabağ ermənilərinin bugünkü insidentə görə iradları Ermənistan hərbçilərinə ünvanlanmalıdır”.

Politoloqun fikrincə, ABŞ Dövlət Departamenti yenə onluğa vurub: “Bir neçə gün əvvəl vətəndaşlarını xəbər etmişdi ki, Azərbaycan-Ermənistan sərhədindən uzaq dayansınlar. Vaşinqton Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olub. ABŞ İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl də vətəndaşlarına oxşar xəbərdaqlıq etmişdi. ABŞ kəşfiyyatı dünyanın hər yerində olduğu kimi, Cənubi Qafqazda da fəaldır, təsadüfi deyil ki, Birləşmiş Ştatların keçmiş SSRİ məkanında ən böyük səfirliyi Ermənistandadır”.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun sözlərinə görə, bu hadisə Ermənistan ordusu tərəfindən əvvəlcədən planlaşdırılıb: "Bu onu göstərir ki, keçid məntəqəsinin işləməsi, oradan ermənilərin girib çıxması, Xankəndinə getməsi və Ermənistana qayıtması onlara sərf etmir və onlar təxribat törədərək keçid məntəqəsinin bağlanması üçün əllərindən gələni edirlər. Əgər təhlükəsizliyə təhdid varsa, demək, sabah ermənilər erməni əsgərlərini, həmyerlilərini orada vuraraq Azərbaycana qarşı təxribat törədə bilərlər. Onlar dünyaya guya Azərbaycan Ordusunun belə bir addım atması barədə saxta məlumatlar ötürə, Azərbaycana informasiya savaşı aça bilərlər. Ermənistan ordusunun məqsədi olduqca təhlükəlidir. Vəziyyəti nəzarət altına almaq üçün Azərbaycan demarkasiya olmayan ərazilərdə bayrağımızı mütləq şəkildə ucaltmalıdır. Azərbaycan tərəfi sərhədlərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atacaq".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı Ermənistanın Laçın postunda və Zəngilan istiqamətində təxribat hücumlarının eyni planın tərkib hissəsi olduğu qənaətindədir. Onun fikrincə, əsas prosesin Zəngəzur dəhlizi ətrafında baş verdiyi görünür: “İrəvan Laçına post qoyulmasını Zəngəzur dəhlizində də eyni rejimin - sərhəd-keçid məntəqəsinin qurulması -  tətbiq ediləcəyi prinsipinə görə qəbul etdi, lakin Bakı "Laçın dəhlizi"ndə istədiyinə nail olandan sonra Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmədi. Türkiyə və Rusiyanın bu məsələdə eyni mövqedən çıxış etməsi bizim əlimizi gücləndirən amildir. Moskvada sonuncu görüşün nəticəsindən də belə görünür ki, İrəvana yalnız terminologiyadan imtina etmək vədi verilir: dəhliz ifadəsindən imtina olunur, lakin “maneəsiz keçid” təmin olunmalıdır. Baş nazir müavinlərinin üçtərəfli görüşündə də bu mövqe dəyişməz qaldı. Və Türkiyədə seçkilərin başa çatmasından sonra Ərdoğanın Bakıya ilk səfərində Zəngəzur dəhlizi yenidən gündəmə gəldi, bunun reallaşması istiqamətində daha intensiv işləməklə bağlı müzakirələr aparıldı. Bu situasiyada Ermənistan Laçında postu ləğv etmək və Zəngəzurdan “maneəsiz keçid” verməmək prioritetini seçib. İndiyə qədər bunu ritorika ilə dilə gətirirdilərsə, görünür, artıq praktiki müstəvidə hərəkətə keçiblər".

Təhlilçi güman edir ki, beynəlxalq müstəvidə Laçın postu ilə bağlı Bakıya təzyiq cəhdlərinin nəticə verməməsi fonunda atəşin açılmasının birdən çox hədəfi ola bilər: “Postda indiyə qədər təmin edilən təhlükəsizlik şəraitini pozurlar; təxribatla postda hərəkəti dayandırırlar: bu, Qarabağa kənar müdaxilənin qarşısını almaq baxımından Bakının istifadə edə biləcəyi amil olmaqla yanaşı, erməni əhalisinin postdan istifadəsinin arxa plana keçirilməsi baxımından Ermənistana, Rusiyaya və separatçılara sərf edən məqamdır, çünki ermənilərin postdan istifadəsi onlarla təmasların qurulmasına və təbii reinteqrasiyaya şərait yaradır. Amma postun bağlanmasını beynəlxalq müstəvidə Bakıya təzyiq üçün istifadə edə bilərlər. Bu, İrəvana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini gücləndirmək, ruslara və separatçılara erməni əhalisi ilə azərbaycanlıların təmaslarının qarşısını almaq üçün lazımdır”.

Ekspertə görə, Laçın postunun atəşə tutulmasından sonra Zəngilanda - Zəngəzur dəhlizi istiqamətində təxribat hücumlarının da “dəhliz planı”na qarşı praktiki müstəvidə atılan addım olduğu bəllidir: “Ötən ayın sonunda bu istiqamətdə erməni diversiya qrupunun hücumu da buna hesablanmışdı. Diqqətçəkən məqamlardan biri də Ərdoğanın Bakı səfərindən sonra Zəngəzur dəhlizinə problem yaradan ölkənin İran olduğunu açıqlaması idi. Təxribat hücumlarında Rusiyanın maraqları olduğu kimi, İranın da bu və ya digər formada iştirakı istisna edilməməlidir. Burada Rusiya ilə İranın maraqlarının uzlaşdığı və toqquşduğu məqamlar maraqlıdır: hər iki tərəfin Laçın postunda maraqları uzlaşır, Zəngəzur dəhlizində toqquşur; bölgədə İranın Ermənistana dəstəklə "dəhliz planı"nı təxirə salmaq istədiyi, Moskvanın isə Bakının adekvat addımlarının İrəvana “dərs olması” və rusların dayanacağı “maneəsiz keçid”in önünün açılacağı perspektivinə hesablanan mürəkkəb oyun gedir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR