Mütəmadi olaraq maraqlı layihələr ilə tamaşaçıların görüşünə gələn Abdulla Şaiq adına Dövlət Kukla Teatrı daha bir böyük bayram konserti keçirib.
Musavat.com bildirir ki, “Bayrağımız qürurumuzdur” adlı konsert 9 noyabr Bayraq Gününə həsr edilib. Böyük marağa səbəb olan və anşlaqla keçən konsertdə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları iştirak edib, vətənpərvərlik mövzusunda mahnı və marşlar səsləndirilib, bayrağa və ümumilikdə dövlət rəmzlərinə sevgi mövzulu kompozisiyalar, tamaşalardan səhnəciklər təqdim edilib.
Qeyd edək ki, xeyriyyə xarakterli konsertdə Bakının internat məktəbi-uşaq evlərinin sakinləri, eləcə də xüsusi imtiyazlı uşaqlar iştirak edib.
Teatrın baş rejissoru Qurban Məsimov musavat.com-a açıqlama verərək bildirib ki, Bayraq Günündə keçirilən konsertin təşkilində əsas məqsəd yetişən nəsilləri milli ruhda tərbiyələndirmək, onlara dövlət rəmzlərinə sevgi və hörmət aşılamaqdır: “Bu tədbir əsasən Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının üzvlərinin konsertidir. Studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyevanın böyük əziyyətləri olub. Məqsəd vətənə, bayrağımıza, milli dəyərlərimizə hörmət və onlara olan sevgini tarix boyu qəlbimizdə daşımaqdır. Bu ideyanı eləcə də uşaqlara vermək lazımdır”.
Kukla Teatrının baş inzibatçısı, “Oyuq” teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva da konsertlə bağlı musavat.com-a danışıb: “Biz mütəmadi olaraq 5 oldir ki, dövlət əhəmyyətli, eləcə də bayram günlərini mütləq qeyd edirik. Bayraq Gününü isə xüsusi ilə olaraq qeyd edirik. Məqsədimiz də odur ki, uşaqlara lap kiçik yaşlarından vətənə, bayrağa, torpağa, millətə, ümumiyyətlə Azərbaycanımıza olan olan sevgini aşılayaq. Konsertdən əvvəl “Oyuq” kollektivinn üzvlərinə bayraq, onun rəngləri haqqında maarifləndirici məlumatalar vermişdik.
Hər il mütəmadi olaraq inertnat, uşaq evlrəindən uşaqlar dəvət edirik. Bu gün də həmin tendensiyanı etdik. Konsertə təxminən 40 nəfər uşaq dəvət etmişdik. Tədbirə bu qədər bilet alan olacağını gözləmirdik. Amma gördüyünüz kimi tədbir anşlaqla keçdi, salona daxil ola bilməyən çoxlu sayda tamaşaçımız geri qayıtmalı oldu. Hətta yüksək məbləğdə pul ödəyib konsertə daxil olmaq istəyənlər olub. Bu təbii ki, çox gözəldir. Düşünmürəm ki, bu təkcə “Oyuq”un uğurudur, həm də bayrağa olan böyük sevgidir”.
Kukla Teatrının direktoru Rəşad Əhmədzadə isə məşhur “Oyuq” teatr-studiyasının uğurlarından söz açıb:
“Studiya artıq 5 ildir ki, yaranıb. 5 il ərzində studiyanın üzvləri Sankt-Peterburqda və digər xarici ölkələrdə “Qran-Prip”lər, mükafatlar qazanıb. Bu illər ərzində kiçik yaşlı uşaqlar indi teatr artistinə çevrilib. Bizim əlimzdən gələn nədirsə, ona dəstək oluruq. Və bu cür bayram günlərində uşaqlar öz yaşıdlarını sevindirirlər”.
Direktor keçirilən konsertin özəlliyindən də danışıb: “Hər bir konsertdə bir yenilik olur. Bu konsertin özəlliyi isə ondan ibarət idi ki, təxminən 5-6 uşaq səhnəyə yeni çıxırdı”.
Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir.






