İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçə musiqiçiləri: “Bəziləri bizə dilənçi kimi, bəziləri də musiqiçi kimi baxır” - FOTOLAR

1614 14.08.2014 11:49 Reportaj A A

21-ci əsrdə musiqi mənəvi dəyəri ilə paralel maddi dəyər də daşıyır. Böyük maddi dövriyəyə sahib şou-biznesin uğurlu simaları ilə yanaşı, kölgədə qalan, kəşf olunmamış qismləri də var. 

Onlar öz istedadlarını böyük arenalarda, gözqamaşdıran işıqların fonunda, dəbdəbəli şəraitdə nümayiş etdirə bilməsələr də yaradıcılıqlarını başqa sferalarda reallaşdırırlar. 
Belə ki, dünyanın bütün ölkələrində küçə musiqiçiləri adlanan bu insanların hər birinin öz həyat hekayəsi var.

Ölkəmizdə də belə insanlara tez-tez rast gəlirik. Xüsusən də Bakının “Tarqovı” adlanan hissəsində belə insanlarla üzləşmək olur. Nizami küçəsi, Nəsimin heykəlinin yaxınlığındakı yeraltı piyada keçidində uzun zamandır ki, musiqi ifa edən bir qrup var. 

Əvvəl bizimlə söhbət etməkdən yayınsalar da, sonra razılaşdırlar. Razılaşmamaqlarına səbəb isə polislər tərəfindən sıxışdırılmaları olduğunu bildirdilər. 

Bu qrupun rəhbəri Orxan adlı gəncdir. Musiqi alətləri kursunda müəllim işləyən Orxan 3 ilə yaxındır ki, küçə musiqiçisi kimi də fəaliyyət göstərdiyini dedi. Gitara ifa edən Orxanla yanaşı, akkardionda ifa edən, pianoçu Qərib də bu qrupun üzvüdür. Qrupun bütün üzvlərinin musiqi müəllimləri olduğunu bildirdilər. 

İmkansızlıq ucbatından belə bir addım atdıqlarını deyən Orxan qrup üzvlərinin dəfələrlə dəyişdiyini də söylədi: “Eləsi olur, başqa iş tapır, gəlmir. Amma məni hamı tanıyır. Uzun müddətdir ki, buradayam. Nə etmək olar, kursdakı pulla keçinmək olmur. Hələ mən heç evli də deyiləm”.

Qışda və yayda gəlirlərinin fərqli olduğunu deyən Orxan qışda daha az qazandıqlarını dedi: “Qışda gecə saat 8-də gəlirdik, saat 10-11-ə qədər ifa edirdik. İndi isə saat 7-də gəlib, 11-ə qədər işləyirik. Qışda bir gecəyə 20 manat qazanmaq olurdusa, indi hərəyə 30-40 manat qazana bilirik”.

Ən çox Türkiyə musiqilərinin bəyənildiyini bildirən gitara ifaçısı Orxan “Bir şarkısın sen” mahnısını daha tez-tez ifa etdiklərini dedi. Ümumən gündəlik repertuarlarında 20-dən artıq mahnı olduğunu deyən Orxan növbə ilə bunları ifa etdiklərini söylədi.

İndiyədək ən çox 50 manat bəxşiş aldıqlarını söyləyən Orxan gün ərizində bir çox maraqlı hadisələrlə üzləşdiklərini də dedi.
Adətən, cütlüklərin musiqi sifariş edərək, bir-birinə həmin musiqini itihaf etdiklərini deyən Orxan həmin anlarda özünü yaxşı hiss etdiyini də söylədi.

Musiqiçilərə sevgi dolu gözlərlə baxan insanların bu baxışlarının onlarda yaratdığı təəssüratı soruşduqda isə belə cavab verdi: “Bəziləri dilənçi kimi, bəziləri də musiqiçi kimi  baxır. İnsanların ürəyini bilmək olmur”.

Bizim üçün də “Gül Pembe” mahnısını ifa edən musiqiçilərə “yenidən görüşmək üzrə” deyib, onlarla sağollaşdıq. 

Fəridə Abdıyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR