Oğurluq etmək məqsədi ilə şirkətin xəzinədarını öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə turizm şirkətinə basqın edərək 20 min manat pulu ələ keçirməyə cəhd edərkən mühasibi bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
İttihama görə, hadisə 2018-ci il aprel ayının 25-də Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin mühasibi, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Turan Kubuşov saxlanılıb. O, özünü günahkar bilmir.
İlkin Muradov
Musavat.com






