ABŞ dövlət katibinin işğalla bağlı açıqlamasını Azərbaycan üçün diplomatik kapitala necə çevirməli?; Amerika Ermənistanı da işğalçı kimi tanıya bilər, əgər...; politoloq: “Prezidentin görüşləri Qarabağ məsələsinə təsir edəcək...”
Dünən Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş planlaşdırılırdı. Qeyd edək ki, bu görüş danışıqlar prosesində üzücü durğunluğun davam eləməsi və konflikt sonasında artan eskalasiya faktları fonunda az önəm kəsb etmirdi. Yəni münaqişə ətrafında situasiyanın daha çox hansı məcrada inkişaf tapacağına aydınlıq gətirmək baxımından önəm daşıyırdı. Qarabağ ətrafında isə hər an partlayış həddinə çatacaq təhlükəli vəziyyət davam edir.
***
Xəbər verdiyimiz kimi, bu arada Azərbaycan prezidenti İlham Əliyev İstanbulda 22-ci Dünya Neft Konqresi çərçivəsində keçirdiyi görüşlərdə əsas problemimiz olan Dağlıq Qarabağ məsələsini də diqqət mərkəzinə gətirib. O sırada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşlərdə enerji, ikitərəfli əlaqələrin digər aspektləri ilə yanaşı, Dağlıq Qarabağ mövzusu da müzakirə olunub.
Ölkə başçısı R.Tillersonla təmas zamanı konfliktin həlli ilə bağlı Azərbaycanın mövqeyini ABŞ-ın xarici siyasət idarəsi başçısının diqqətinə çatdırıb, işğalçı Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında ona məlumat verib.
İstanbul tədbirindən az öncə - G 20 zirvəsindən dərhal sonra isə R.Tillerson Qarabağ məsələsinə də dəxli olan bir açıqlama vermişdi. ABŞ dövlət katibi demişdi ki, Ukrayna böhranı həll edilənə qədər ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq. Bu haqda o, Kiyevdə prezident Pyotr Poroşenko ilə keçirdiyi görüşdə bəyan eləmişdi. Tillersonun sözlərinə görə, münaqişəyə səbəb olan davranışlar bitənə kimi sanksiyalar ləğv edilməyəcək.
Əlbəttə, ədalətli olardı ki, cənab Tillerson Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə də Poroşenko ilə görüş zamanı sərgilədiyi qətiyyəti başqa bir işğalçı ölkəyə - Ermənistana münasibətdə də sərgiləyəydi. Çünki əgər Rusiya Ukraynanın bir hissəsini işğal edibsə, Ermənistan da Azərbaycanın 20%-pik ərazisini on illərdir işğal altında saxlayır.
Doğrudur, hazırda Ukrayna məsələsi ABŞ-dan ötrü daha prioritetdir, lakin söhbət maraqlarla yanaşı, həm də prinsiplərdən gedir. Bu prinsiplər isə oxşar məsələlərə münasibətdə kəskin fərqlənə bilməz. Ayrı sözlə, ABŞ bir halda işğalçı dövlətə qarşı sərt davranıb ona sanksiya tətbiq elədiyi halda, başqa halda işğalçını görməzlikdən gələ bilməz. Əks halda, bu, “ikili standart” yanaşması olar.
Ermənistan isə Rusiyadan heç də geri qalan işğalçı deyil. Ümid edək ki, ABŞ-ın yeni administrasiyası əvvəlki hökumətlərin bu yanlışını düzəldəcək və Dağlıq Qarabağ məsələsinə də Krım məsələsi kimi ədalətli yanaşacaq. Deyilə bilər ki, xristian amili, ABŞ-ın erməni lobbisinin güclü olması və Konqresə təsir imkanları buna mane olur. Ancaq biz yaxın tarixdən başqa fakt da bilirik: bu da odur ki, ABŞ ötən əsrin 90-cı illərində Bosniya müsəlmanlarını müdafiə eləmək üçün Serbiyanı bombalamışdı. Yəni o zaman dini amil heç bir rol oynamamışdı.
Demək, Ağ Ev istəsə, Qarabağ məsələsində də ədalətli mövqe tutub Ermənistana qarşı sərt tövr sərgiləyər. Axı sanksiyalara tuş gəlmək üçün Ermənistan işğalçı olaraq, bütün parametrlərə cavab verir. Üstəlik, o, Qərbin, ABŞ-ın 3 ildir Krıma görə sanksiyalar tətbiq elədiyi başqa bir işğalçı dövlətin - Rusiyanın bölgədə əsas müttəfiqidir, Qarabağın işğal ortağıdır.
***
Bu arada NATO baş katibi Yens Stoltenberq Tillersonun Krım bəyanatına bənzər açıqlama ilə çıxış edib. Alyans rəhbəri bildirib ki, NATO Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq. Bu barədə o, prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı deyib.
“Ukrayna tək tərəfdaş ölkədir ki, Əfqanıstan və Kosovo da daxil olmaqla, NATO-nun bütün missiyaları və əməliyyatlarında iştirak edir. Biz NATO-nun Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək üçün Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik”, - deyə NATO baş katibi bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı öz təcavüzkar hərəkətlərinə davam etdiyi müddətdə NATO Kiyevi dəstəkləyəcək.
***
Qərbin yüksək çinli rəsmilərinin bu qəbildən bəyanat-açıqlamaları sözsüz ki, Azərbaycanın da maraqlarına cavab verir. Qalır belə açıqlamaları Azərbaycan üçün diplomatik kapitala çevirmək. Bundan ötrü isə təbii ki, tək Azərbaycanın hərbi qüdrətinin artmasına diqqət yönəltmək kifayət deyil.
Sözsüz ki, ən birinci hədəf hərbi gücümüzü artırmaqdır. Lakin Qərbin, ABŞ-ın, NATO-nin rəğbətini qazanmaq və Qarabağ məsələsində sözümüzü daha kəsərli eləmək üçün başqa sahələrdə də güclənməliyik. O sırada Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılması, ölkəmizin Qərb üçün daha arzuedilən məmləkətə çevrilməsi (həm energetik, həm də dəyərlər anlamında) vazkeçilməz imperativlər kimi gündəmə gəlir.
Bunlar olacaqsa, o zaman əminliklə deyə biləcəyik ki, Krımdan Qarabağa uzanan bir yol var və bu yol tezliklə və mütləq işğalçı Ermənistana qarşı da sanksiyaların tətbiqinə gətirəcək. Çünki Qarabağın işğalı artıq Krım qədər ABŞ-ı qayğılandıran məsələyə çevriləcək.
***
“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 4 və 7 iyulda yayılan bəyanatlarda Ermənistanın işğalçı adlandırılmasının ardınca Azərbaycan prezidentinin bölgədə nüfuzu və maraqları olan dünya liderləri ilə bir masa arxasında müzakirə aparması, baş verən proseslərə həm siyasi, həm iqtisadi, həm də hərbi tərəfdən qiymət verməsi çox önəmli məsələdir və təqdirəlayiq haldır”.
Bu sözləri politoloq Arzu Nağıyev prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərkən deyib. Politoloq bildirib ki, bu səfərdə əsas məqamlardan biri Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Reks Tillersonla görüşüdür: “Prezidentin keçirdiyi görüşlərdə əsas məsələ tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələrin bir çox ölkənin enerji təhlükəsizliyini təmin etməsi ilə bağlı çıxışları oldu. Bu gün enerji təhlükəsizliyi deyəndə Azərbaycanın icra etdiyi layihələr yada düşür. Bu layihələrin içərisində Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və TANAP layihəsini xüsusilə qeyd etmək lazımdır. Prezidentin 22-ci Dünya Neft Konqresində iştirakı son hadisələri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yaranan fürsət idi”.
Politoloqun sözlərinə görə, konqresdə dünya ölkələrinin rəsmilərinin iştirakı Alxanlı olaylarına görə əsaslı addımların atılmasına təsir edəcək. “Nəzərə almaq lazımdır ki, bu konqresdə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbəri iştirak edirdi. Bu məlumatlandırma və müzakirələr mühüm qərarların qəbul edilməsində və adekvat addımların atılmasında mühüm rol oynayacaq”, - deyə ekspert qeyd edib.






