Krımda yaşayan azərbaycanlı diaspor təşkilatı sədrinin rəsmi Bakıdan istəyi
Ötən həftə Bakıda baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayında dünyanın 49 ölkəsindən gəlmiş 500-dən çox diaspor nümayəndəsi sırasında Krımdan gəlmiş qonaqlar da var idi. Onlardan biri, 30 ildən çoxdur Azərbaycandan uzaqlarda yaşayan Krım-Azərbaycan İcmasının sədri Rəhim Hümbətovla görüşüb “Yeni Müsavat” üçün müsahibə aldıq.
-Rəhim bəy, bilirik ki, rəhbərlik etdiyiniz təşkilat Azərbaycanın müstəqillik tarixindən də əvvələ gedib çıxır. Bəlkə təşkilatınız, onun keçdiyi yol, gördüyü işlər barədə məlumat verəsiniz.
-Məmnuniyyətlə. Təşkilatımız təsis olunan gündən mən onun rəhbəriyəm. Hər dəfə məsələ qoyuram ki, artıq rəhbərliyi dəyişmək lazımdır, amma hələlik məsələ həll olunmamış qalır (gülür). Tamamilə doğru deyirsiniz, Krımdakı azərbaycanlıların diaspor təşkilatı hələ SSRİ zamanında yaranan, həmçinin Ukraynadakı ilk təşkilatlardan biridir. 1989-cu ildə təsis konfransını keçirib. 1991-ci ilin yanvar ayında bizim “Millət” qəzetinin ilk sayı çıxdı, yanvar hadisələrinə həsr olunmuşdu. Özü də bu qəzet əvvəl Krımda nəşr olundu, sonra isə Bakıda çıxmağa başladı. Biz öz fəaliyyətimiz boyu Azərbaycan həqiqətlərini, mədəniyyətini yerli əhali arasında yaymağa çalışırdıq. Maraqlısı bu idi ki, biz qəzetimizi Krımda yaysaq da, SSRİ-nin müxtəlif şəhərlərindən məktublar alırdıq. Özünüreklam xətrinə demirəm, amma bizim Krım Azərbaycan təşkilatı ilə bağlı bir çox məsələlərdə ilkə imza atıb. İlk diaspor təşkilatlarından biri olaraq ilk müstəqil qəzeti nəşr edib, ilk dəfə sayt yaradan təşkilatlardan olub. Bundan əlavə, ilk dəfə öz fəaliyyəti barədə kitab buraxıb. Biz ilk dəfə Krım – Azərbaycan almanaxını buraxdıq və orada Krımda yaşayan müəlliflərin yazıları toplandı. Həmçinin biz diaspora haqqında film çəkdik. Həmçinin bizim ansamblımız dəfələrlə Krımdakı müsabiqələrdə ilk yerləri tutdu. Məncə, bizim ən böyük uğurumuz Krımda saxta “erməni soyqırımı” ilə bağlı qərarı ləğv etdirməyimiz idi. Xarkov vilayətində qərar qəbul olunmuşdu, ancaq biz bir ilə yaxın mübarizə aparıb o qərarı ləğv etdirdik. Bu, dünyada ilk presedent oldu. Eyni zamanda Krım parlamentinin bir qərarını faktiki olaraq ləğv etdirdik. Düzdür, hüquqi cəhətdən ləğv olunmadı. Ancaq sonra bizə məktub yazdılar ki, o qərar qeyri-qanuni olduğuna görə işləməyəcək. Zənnimcə, bizim bir yaxşı işimiz də oldu. Belə ki, Ukrayna parlamentinin bir üzvü azərbaycanlıları təhqir etmişdi. Biz onu məcbur etdik ki, azərbaycanlılardan üzr istəsin. Ən son işlərimizdən biri də Yaltada azərbaycanlıya qoyduğumuz abidədir. Yalta şəhərini faşistlərdən polkovnik Cəlil Nəcəfov azad edib. Biz orda qərar qəbul etdirdik, onun şərəfinə park açıldı, həmin parkda da büst qoyuldu. Bundan əlavə, Sevastopolda azərbaycanlılara, 77-ci diviziyaya aid xatirə abidəsi var, onun bərpasını həyata keçirmişik.
-Təşkilatınız nə qədər üzvü öz ətrafında birləşdirir?
- Bizdə konkret üzvlük məsələsi yoxdur. Biz tədbir keçirəndə olur ki, orada 500 nəfər iştirak edir, yaxud tədbir də olur, 50 nəfər qatılır. Yəni tədbirin kateqoriyasından, yaxud formatından asılı olur.
- Bəs, ümumən hazırda ağır günlərini yaşayan Krımda yaşayan azərbaycanlıların sayı nə qədərdir?
- Rəsmi məlumata görə, azərbaycanlıların sayı 4 min nəfərə yaxındır. Amma son illərdə keçirilən siyahıyaalmaların nəticələrini analiz edəndə belə qənaətə gəlmişəm ki, 10 mindən çox azərbaycanlı yaşayır.
- Krım türkləri ilə Azərbaycan türklərini birləşdirən çox məsələlər var. İki türk toplumu arasında inteqrasiya necədir?
- Çox yaxşı. Bizim Krım türklərinə münasibətimiz hələ onlar Krıma qayıtmazdan çox yüksək səviyyədə idi. Mən çox ürəklə deyirəm ki, azərbaycanlılar Krım türklərinin Krıma qayıtmasına yüksək səviyyədə dəstək veriblər. 90-cı illərdə onlar hədsiz dərəcədə pis durumda qayıdırdılar, çox ciddi çətinlikləri var idi, evsiz-eşiksiz qalmışdılar. Vəzifə başında olan azərbaycanlılar imkan dairəsində Krım türklərinə yardım edirdilər. Eyni zamanda bizim “Millət” qəzetində Krım türklərinin liderlərinin müsahibələri dərc olunurdu. Çünki onlara başqa qəzetlərdə çıxış etmək imkanı verilmirdi. Özlərinin isə cəmi bir qəzeti var idi. Bu mənada biz öz qəzetimizdə onlara tribuna verirdik, problemlərini işıqlandırırdıq.
- İndi necə, qəzetiniz çıxırmı?
- İndi qəzet buraxmaq çətinləşib. Kağız versiyası çıxmır, çünki kağız baha başa gəlir. Yeni texnologiyalardan istifadə edirik, sosial şəbəkələrlə sözümüzü çatdırırıq.
- Krım ətrafında yaşanan son hadisələrdən sonra durum necədir? Şəxsən siz gərginliyin azalması üçün nələri təklif edirsiniz?
- Bu hadisələrlə əlaqədar Krımda müəyyən gərginlik yaşanır. Biz çox arzu edirik ki, bu gərginlik aradan götürülsün. Çünki heç bir qrup bu gərginlikdən uduşla çıxmayacaq. Ona görə də bizim arzumuz budur ki, danışıqlar aparılsın, razılığa gəlinsin. Şübhəsiz ki, əvvəl-axır Rusiya ilə Ukrayna arasında normal münasibətlər bərpa olunacaq. Çünki hər bir müharibə sonda sülhlə bitir. Mən hələ bir neçə il bundan qabaq müxtəlif tribunalardan bildirmişəm ki, qardaş olan Ukrayna və rus xalqları öz aralarındakı münasibətləri gərginləşdirməkdən çəkinməlidir. Təəssüflər olsun ki, yaranmış bu gərginlikdən başqa xalqların nümayəndələri, o cümlədən Krım tatarları və azərbaycanlılar da əziyyət çəkir.
-Krım Tatar Məclisinin fəaliyyətinin qadağan edilib. Bu da yəqin əlavə bir problemdir.
- İndi Krım türkləri yerli hakimiyyət orqanlarında təmsil olunurlar.
- Krım ətrafında yaşanan vəziyyətlə əlaqədar Azərbaycan dövlətindən hansı gözləntiniz var?
- Əlbəttə, biz çox istərdik ki, Azərbaycan dövləti Ukrayna ilə Rusiya arasında yaranmış gərginlikdə bir vasitəçi rolunu oynasın. Əgər bu, mümkün olsaydı, hər hansı bir töhfə verə bilsəydi, çox gözəl olardı. Ancaq təəssüflər olsun ki, indiki zamanda bu, real görünmür. Əgər mümkün olsaydı, təbii ki, bu addımı alqışlayardıq.
Elşad PAŞASOY
FOTO: “YM”






