Krım Tatar Məclisinin sədri Musavat.com-a Camalənin qələbəsindən danışdı - ÖZƏL (FOTOLAR)
Refat Çubarov: “Bu gün də bizim millətimizin haqq səsini bütün dünyaya yayan bir qızımız var”
“Bəzi məlumatsız insanlar Camaləyə qarşı internetdə çox pis təbliğat aparırlar; məncə, bu insanlar Moskvanın, Putinin tərəfdarlarıdır”
Krım tatarlarının deportasiyasına həsr edilmiş “1944” mahnısı ilə “Eurovision-2016” müsabiqəsində qalib olan ukraynalı müğənni Camala ölkəsində böyük coşqu ilə qarşılanıb. Kiyevin Borispol hava limanındakı qarşılanma mərasimində fəaliyyəti Krım yarımadasında qadağan edilmiş Krım Tatar Məclisinin sədri Refat Çubarov da iştirak edib. Musavat.com-un əməkdaşı Refat bəydən Camalənin Eurovision qələbəsi, onun barəsində yayılan şayiələr və digər məsələlərlə suallarına skayp vasitəsilə münasibət öyrənib. Müsahibəni təqdim edirik:
- Refat bəy, Camalənin qələbəsi sizinçün, Krım Tatar Məclisinin sədri üçün nə deməkdir? Bu hadisəni necə dəyərləndirirsiniz?
- Camalə qızımız bütün dünyaya Ukraynanın parçalandığını, Krımın işğal olunduğunu çatdırdı. Bundan başqa bizim tatar qızımız bütün dünyaya Krım tatarlarının acılarını yaydı. Çox təəssüflər olsun ki, bizim bəzi qardaşlarımız bu hadisəni yaxşı anlamadılar. Ancaq mən bu istiqamətdə geniş diskussiyalar aparılmasını istəmirəm.
-Təəssüfünüzün səbəbini bilmək olarmı?
- Məsələ belədir: biz bütün dünyanı Krımın ilhaq olunması ilə bağlı hərəkətə gətirmək niyyətindəyik və bu istiqamətdə fəaliyyətdəyik. Əlbəttə ki, ilk növbədə türk toplumlarının bu prosesdə birinci sırada olmasını istəyirik. Bizim qızımız Camala isə Krım Tatar millətinin bütün acılarını Avrovisionda oxuduğu “1944” mahnısı ilə anlatdı.
- Ancaq bu gün Camalənin adından mətbuatda bir sıra iddialar yayıldı. Hətta belə məlumatlar dövriyəyə buraxıldı ki, xanım müğənni 2009-cu ildə Rusiya mətbuatına anasının erməni olduğunu deyib, üstəlik, Ermənistan haqqında yüksək fikirlər söyləyib. Bu barədə nə deyə bilərsiniz? Sizcə, bir türk qızının Krım tatarlarının səsini dünyaya yaymasından az sonra belə xəbərlərin ortaya çıxması haradan qaynaqlanır?
-Mənim hazırda zamanın çox azdır, olduqca gərgin qrafikdə işləyirəm, səhər saat 8-in yarısında proqramımız var, gecə saatlarında da o işlərlə məşğulam. Amma siz də dostumuzsunuz deyə, qısaca suallarınızı cavablandırıram. Bəzi məlumatsız insanlar Camaləyə qarşı internetdə çox pis təbliğat aparırlar. Məncə, bu insanlar Moskvanın, ya da Putinin tərəfdarlarıdır. Bu kimi müzakirələrin mənası olmadığı üçün bu barədə müzakirələr aparmağı da düzgün saymıram. Bir məsələni də deyim, insanın ata-anası fərqli insanlar ola bilər. Mən sizin dədənizin, ya dədənizin atasının kim olduğunu bilmirəm, amma Elşad Paşasoy adlı bir qardaşımı, bir dostumu tanıyıram. İndi sənə qiymət verməyim üçün sənin ata-babanın kimliyini araşdırmağım nə qədər doğrudur? Bunun heç bir faydası da yoxdur. Bu gün də bizim millətimizin haqq səsini bütün dünyaya yayan bir qızımız var. İndi bu qızımıza, “türkəm” deyən insana qarşı bəzi alçaq adamlar həqarət söyləyir, onu aşağılamağa çalışırlar. Mən bu mövzunun davam etməsini istəmirəm. İnsanın ata-anası türk ola bilər, ancaq o, Moskvaya itaət edər. (Ardınca yazılması mümkün olmayan daha sərt ifadə işlədir-E.P.) Ancaq bir insanın anası rus ola bilər, lakin Krım tatarlarının haqqını müdafiə edər. Milliyyət məsələsini önə çəkib haqq mövqe ortaya qoyan insana qarşı çıxışlar etmək ağılsızlıqdır.
- Refat bəy, istərdim biləsiniz ki, Azərbaycan təmsilçisinin qalib olmamasına baxmayaraq, izləyicilərimiz Camalənin qələbəsini sevinclə qarşıladılar.
- Ancaq gərək türk qızının qalib gəlməsini istəyən insanlar ən yüksək balını Moskvaya verməzdi. Moskva, bizi parçalayan bir dövlət azərbaycanlı qardaşlarımızdan 12 bal qazandı. Bu, nə deməkdir?
-Bundan qabaq Avropa Parlamenti də Krım tatarlarını müdafiə edən qətnamə qəbul etmişdi. Ardınca Camalənin mahnısı Krım məsələsini dünyanın gündəminə gətirdi. Bu baş verənlər Krım türklərinin taleyi üçün nələr vəd edir?
- Bizim taleyimiz dünyanın ədalətinə bağlı, türk dünyasına bağlıdır. Türk dünyasında Azərbaycan kimi qocaman bir dövlət də var, ona da bağlıdır. Azərbaycandakı toplum da çox fərqlidir. Hakimiyyətdə, müxalifətdə də çoxlu dostlarımız var, hər kəs qüvvəsini toplasın, birlikdə olaq. Biz nə qədər tez qüvvələrimizi birləşdirsək, o qədər tez uğura çatarıq. Biz Rusiyanın işğalına qarşı davamlı mübarizə aparırıq. Ancaq eyni zamanda kimlərin ki, bizim kimi acıları var, bizlər də onlardan dəstək istəyirik. Nə qədər tez Krımın işğalına son qoyulsa, nə qədər tez Qərb və Ukrayna tərəfindən göstərilən təzyiqlər Rusiyanın hüquqi dövlət olmasına gətirib çıxarsa, o qədər də tez Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziya problemi həll olunar. Bütün bu məsələlər Rusiyaya bağlıdır. Çünki bu məsələlərdə qaynaq eynidir - Moskvadır. Qərbdə bu məsələni bəziləri anlamadığı üçün mən çox üzülürəm…
Elşad PAŞASOY
Musavat.com






