İnsanlara hürriyət, millətlərə istiqlal!

KREMLDƏN AZƏRBAYCANA QARŞI “QIRMIZI KÜRDÜSTAN” İDDİASI

5106 21.05.2011 09:33 Gündəm A A

Müraciət müəllifləri hər üç Cənubi Qafqaz respublikasında kürdlərin hüquqlarının pozulduğunu iddia etsələr də (“Hər üç respublikada kürdlərin genosidi, onların məhv edilməsi” şəklində bəyanat verilir) “Qırmızı Kürdüstan” adlı dövlətin yalnız Azərbaycan ərazisində yaradılmasına iddia edirlər.
Müraciət müəllifləri Medvedyevdən xahiş edirlər ki, Rusiya Abxaziya və Osetiya ərazisinə müdaxilə etdiyi kimi, “Qırmızı Kürdüstan”a da rus torpağı kimi müdaxilə edə bilər və onlar bunu “tarixi ədalətin bərpası” sayırlar.
Müraciətdə Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları “Qırmızı Kürdüstan” adlandırılır.
Üstəlik, o da maraqlıdır ki, müraciətdə Azərbaycanda kürdlərə qarşı xüsusi repressiyaların həyata keçirildiyi iddia edilir.
Politoloq Qabil Hüseynli belə bir müraciətin arxasında əslində Rusiya hakimiyyətinin dayanması versiyasının mümkün olduğunu bildirdi: “Bu ehtimal böyükdür. Rusiya Azərbaycana qarşı müxtəlif təxribatlarda bulunub və bundan sonra da bulunması ehtimalı yüksəkdir. Təxribatlardan biri də bu ola bilər. Ona görə də bu məsələni Azərbaycan ictimaiyyəti aktual olaraq diqqətdə saxlamalıdır. Çünki Kakoyev deyilən şəxs həm də kriminal keçmişə malikdir və Rusiyada kriminalların ağsaqqallarından hesab edilən bir adamdır. O, siyasi adam deyil. Belə bir adamın birdən-birə bu cür siyasi məsələlərə baş vurması, millətçilik məsələlərini qaldırması və suveren dövlətlərə ərazi iddialara ərazi iddiaları ilə çıxış etməsi bu işin arxasında Moskvanın dayandığı ehtimallarını qüvvətləndirir”.
Tarixçi professor onu da bildirdi ki, Leninin 1923-cü ildə “Qırmızı Kürdüstan” adlı dövlətin yaradılması üçün dekret verdiyi barədə iddiaların heç bir əsası yoxdur. Çünki Lenin tərəfindən bir dekret heç vaxt verilməyib: “Belə bir iddianı ortaya atmaq həm də tarixi saxtalaşdırmaqdır. Sadəcə olaraq, vaxtilə bizim mərhum yazıçılarımızdan biri Azərbaycanın üç rayonunu ”Qırmızı Kürdüstan" kimi obrazlı dillə təsvir eləyib. Amma həmin ərazilərin etnik tərkibinə diqqət yetirsək görərik ki, həmin rayonların hərəsinin uzağı 4-5 kəndində kürd mənşəli əhali yaşayıb. Əgər 20-ci əsrin əvvəlində həmin ərazilərdə kürdlər çoxluq təşkil eləsəydilər və kürdlərin “Qırmızı Kürdüstan” deyə bir tələbi olsaydı, Moskva onlara muxtariyyət-filan verə bilərdi. Bunlar olmadığı üçün bu istiqamətdə də heç bir addım atılmayıb. “Qırmızı Kürdüstan” məsələsi, sadəcə olaraq, yazıçı təxəyyülünün məhsuludur. Bəziləri isə bunu reallıq kimi təqdim etməyə çalışır".
Q.Hüseynli həmçinin vurğuladı ki, Azərbaycanda heç vaxt kürd mənşəli əhali sıxışdırılmayıb: “Azərbaycanda nə kürdlər, nə də başqa hər hansı millətlər heç vaxt sıxışdırılmayıb. Azərbaycanda millətlər dost və qardaşcasına yaşayır. Kürdlərlə azərbaycanlılar arasında əsrlərdir qohumluq telləri o qədər sıxlaşıb ki, bunları bir-birindən ayırmaq mümkün deyil. Hansısa xarici məkrli qüvvələr bu arzuya düşə bilərlər. Ancaq bu çirkin arzuların gerçəkləşməsi qeyri-mümkündür. Çünki buna nə azərbaycanlılar, nə də kürd mənşəli vətəndaşlarımız imkan verməzlər”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də hesab edir ki, Rusiya hakimiyyətinə o cür müraciətin arxasında Rusiya hakimiyyətindəki mühafizəkar məkrli planı dayana bilər: “Dünya ciddi dəyişikliklər prosesini yaşayır. Bu dəyişikliklər bizim regionumuzda da özünü göstərir. Yaranmaqda olan vəziyyətdən Rusiya hakimiyyətindəki mühafizəkar qüvvələr narahatdırlar. Rusiya prezidentinə həmin müraciətin bir təsadüf olaraq ortaya çıxdığını hesab etmirəm. Azərbaycana və digər Cənubi Qafqaz ölkələrinə yeni təzyiq mexanizmi olaraq bu cür əsassız məsələləri ortaya atmağa cəhd edilir. Ancaq son dərəcə absurd bir məsələni ortaya atıblar. Rusiyanın daxilində vəziyyət elə həddə çatıb ki, onun yaxın gələcəkdə başı çox ciddi qarışacaq. Yəni istədiyi hər absurd məsələni istədiyi şəkildə həyata keçirə bilməz. ABŞ-ın isə yenidən əvvəlki qlobal siyasətinə qayıdıb və bir daha dünyaya mesajlar göndərir ki, dünyanın düzənini müəyyənləşdirən ölkə məhz Amerikadır. Rusiyadakı mühafizəkar qüvvələrin məkrli planlarının həyata keçməsinə heç bir əsas yoxdur”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR