Erməni sahibkarlar Avropa İttifaqına üzvlük qərarı haqda: “Bu, bütün iqtisadi sistemin pozulmasına gətirib çıxarar”
Moskvada Erməni Sahibkarlar Assosiasiyasının(ESA) biznes forumu keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Ermənistan və Rusiyadan iki yüzdən çox iş adamı bir araya gəlib.
İştirakçılar İrəvanın Avropa İttifaqına üzvlüklə bağlı qəbul etdiyi qərarların onlara mənfi təsirlərini müzakirə ediblər. Çıxış edənlər arasında Avrasiya İnkişaf Bankının baş icraçı direktoru Sergey İqnatov, İrs və Tərəqqi Fondunun prezidenti Armais Kamalov, Soçi Şəhər Assambleyasının deputatı Sos Martirosyan, Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri Yezras Nersisyan da olub.
Forumun əsas mövzusu müasir geosiyasi şəraitdə erməni biznesinin perspektivləri olub.
Sənayeçilər və Sahibkarlar Assosiasiyasının prezidenti, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan deyib ki, müasir iqtisadi çətinliklərə baxmayaraq, Rusiyadakı erməni sahibkarlar öz mövqelərini möhkəmləndirirlər, həm də öz tarixi vətənlərini fəal şəkildə dəstəkləyirlər – iş yerləri yaradırlar, əsas sənaye sahələrinə sərmayələr yatırırlar, Ermənistanla Rusiya arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edirlər. “Bu birlik bizim gücümüzdür” deyə, o bildirib.
O vurğulayıb ki, 2024-cü ildə Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 12,7 milyard ABŞ dollarına çatıb, Avropa İttifaqı ilə ticarət isə 14 faiz azalaraq 2 milyard dollar olub.
"Avrasiya İqtisadi İttifaqından çıxmaq və özümüzü Avropa İttifaqına yönəltməyə cəhd etmək ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər. Bu, təkcə siyasi qərar deyil. Biz aydın başa düşməliyik ki, bu istiqamətdə istənilən addımlar emosiyalar əsasında deyil, real milli maraqlar əsasında hesablanmalıdır", - Karapetyan deyib.
ESA rəhbərinin sözlərinə görə, bu gün Rusiya Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.
"Qaz və neft məhsulları sabit kanallar vasitəsilə, Ermənistan üçün əlverişli şərtlərlə tədarük edilir. Aİİ-dən çıxacağı təqdirdə təchizatın tənzimlənməsinin vahid mexanizmləri fəaliyyətini dayandıracaq və enerji qiymətləri əhəmiyyətli dərəcədə arta bilər. Bu, ayrı-ayrı sektorların iflic olmasına və bütün iqtisadi sistemin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Enerji təhlükəsizliyi yalnız hansı ölkənin iqtisadi gələcəyinə təsir edən amil deyil, asılıdır.”
Karapetyan investisiyalar məsələsinə də toxunub. Deyib ki, Rusiya Ermənistanda yeni müəssisələrin və iş yerlərinin yaradılmasında iştirak edən ən böyük investor statusunu qoruyub saxlayır. O, biznesi və ekspert icmasını bu strateji müttəfiqliyi fəal şəkildə gücləndirməyə çağırıb.
“Xalqlarımızın ortaq dəyərləri, çoxəsrlik dostluq və əməkdaşlıq ənənələri var. Rusiyada milyonlarla erməni yaşayır və işləyir, hər iki ölkənin inkişafına öz töhfəsini verir. Rusiya xaricdəki erməni diasporu üçün əsas ölkə olaraq qalır", - deyə sahibkar bildirib.
Karapetyan çıxışının sonunda forum iştirakçılarına Ermənistanda xarici siyasətin balanslaşdırılmış şəkildə inkişaf etdirilməsinin vacibliyini xatırladıb.
"Aİ ilə əməkdaşlıq mümkündür və zəruridir, lakin Aİİ-də itkilər bahasına deyil. Əminəm ki, biz Ermənistan üçün emosiyalara, gözəl vədlərə deyil, rəqəmlərə və faktlara əsaslanaraq inkişaf yolunu seçməliyik.
Biz dəqiq, yaxşı düşünülmüş qərar qəbul etməliyik - bu, bu gün nəticə verəcək və ölkənin uzunmüddətli inkişafı üçün zəmin yaradacaq”, deyə fikrini yekunlaşdırıb.
Musavat.com