Ekspert: “Mərkəzi Bank banklara əlavə dəstək mexanizmləri tətbiq etməlidir”
Koronavirus pandemiyasından əziyyət çəkən əksər ölkələrdə banklar fiziki şəxslərin və biznes kreditlərinin ödənişlərində bir neçə aylıq fasilə tətbiq edirlər.
Baxmayaraq ki, Azərbaycan hökuməti bankların tənzimləyici orqan olan Mərkəzi Banka bu il üçün nəzərdə tutulan ödənişlərini ləğv edib, sektordan müştərilərə yönəlik hansısa güzəşt addımlarının atılması istiqamətində heç bir təşəbbüs nəzərə çarpmır. Əksinə, bəzi banklar mart ayında ödənişləri gecikdirən müştərilərə əlavə cərimə faizləri hesablamaqdadılar. Bu cür davranan banklardan biri kimi “Ekspressbank”ın adı çəkilir.
Qeyd edək ki, bu gün Milli Məclisdə hökumətin keçən ilki fəaliyyət hesabatı müzakirə olunarkən deputatlar da bankların vətəndaşlara müəyyən güzəştlərə getməsinin zəruri olduğunu bildiriblər. Belə ki, Milli Məclis üzvü Aydın Mirzəzadə xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif edib
Deputatın çıxışına cavab olaraq isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirib: “Bugünlərdə cənab Prezidentin tapşırığı ilə yaradılan işçi qrupların birinə mən rəhbərlik edirəm”.
O qeyd edib ki, bank kreditləri ilə bağlı hazırda işlər gedir: “Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”.
Məlumat üçün bildirək ki, banklar kapitalından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanına ildə 300 mindən - 800 minədək haqq ödəməlidirlər. Bu vəsait vətəndaşların kredit ödənişlərinin 3 aylığa dondurulmasına görə bankların itirəcəkləri faiz gəlirlərini kompensasiya edirmi, yoxsa onlara əlavə dövlət dəstəyi verilməlidirmi?
Sualı cavablandıran iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, banklar ildə faiz gəlirlərindən təxminən ötən ilki rəqəmlə götürdükdə, 1.4 milyard manat pul qazanırlar: “Bu, bir rübdə 350 milyon manat deməkdir. Bunun 100 milyon manatı depozitə gedir. Yəni bank qazandığının bu qədər hissəsini əhalinin depozitləri üzrə ödənişlərlə geri qaytarır. Bu o deməkdir ki, kredit ödənişlərinin 3 aylıq dondurulması müddətində 350 milyon manatı qazanmasalar, banklar əmanətlər üzrə ödənişləri də icra edə bilməyəcəklər. Buna görə də Mərkəzi Bank kredit ödənişlərini dondurmağı məqbul hesab edəcəksə, onda banklara dəstək verməlidir”.
İqtisadçının hesablamalarına görə, banklar bir aylıq ödəniş dondurulması müddətində 120 milyon manat faiz gəlirindən məhrum olacaqlar: “Bu itkini qarşılamaq üçün Mərkəzi Bank banklar üçün həmin müddətdə ehtiyat normasını sıfıra endirməlidir. Bundan əlavə, aktivlərin təsnifləşdirilməsi qaydası var. Həmin qaydalara əsasən kreditlərin qaytarılması ləngiyirsə, kreditlər yaxşıdan pisə doğru təsnifləşdirilir. Bu qaydanın tətbiqi də güzəştli dövr üzrə dayandırılmalıdır. Bankların əmanət ödənişlərində problem yaranmaması üçün Mərkəzi Bank banklarda ucuz depozitlər yerləşdirə bilər. Burada faizlər illik 0,25-0,5 olmalıdır ki, banklar bu vəsait hesabına həm əhalinin əmanətlərini qaytarsın, həm də kreditlər verə bilsin”.
DÜNYA,
Musavat.com






