İnsanlara hürriyət, millətlərə istiqlal!

Kozlariçin Azərbaycan haqda münəccimliyi – Birdən bu il sülh sazişi imzalansa...

3586 19.01.2024 15:00 Siyasət A A

ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariçin (1994-1997) Azərbaycanı sevmədiyi çoxdan bəllidir. Daha doğrusu, “buynuzu” məhz ölkəmizdən gedəndən sonra çıxıb. Niyə, hansı səbəbdən? Yəqin ki, dəqiqini hamıdan yaxşı özü bilir.

Gerçək belədir ki, adam xeyli vaxtdır dünyada erməni maraqlarının daşıyıcısına çevrilib. Amerikanın harasında bir anti-Azərbaycan yığnağı olsa, orda yuxarı yerlərdən birində oturur. Faktiki erməni daşnakı kimi danışır. Yəqin ki, ənamlarını da vaxtlı-vaxtında alır...

O gün də siyasi münəccimlik edərək deyib ki, 2024-cü ildə Qərblə (ABŞ + Avropa Birliyi ilə) Azərbaycan arasında münasibətlər yalnız “müxalifəti sıxışdırılması və Bakının Qarabağla bağlı ABŞ və Avropa İttifaqının vasitəçilik səylərini sabotaj etməsi səbəbindən” pisləşəcək.

“Rusiya və İran bundan faydalanır. İlham Əliyev hesab edir ki, Vaşinqtonun islahatlar və sülhlə bağlı təzyiqinə məhəl qoymaya bilər”, - sabiq səfir ardınca bildirib.

Onun qənaətincə, bu il real sülhə doğru hər hansı irəliləmə, hərəkət olmayacaq. “Fevralda Azərbaycanda keçiriləcək prezident seçkisinə və noyabrda keçiriləcək COP29-adək heç nə baş verməyəcək. Odur ki, diplomatik proses 2024-cü ilin sonuna yaxın başlaya bilər”, - deyə o iddia edib.

Bu da hamısı deyil. Kozlarıçə görə, sərhəd problemləri (delimitasiya) diqqəti yayındırıcı xarakter daşıyır və Azərbaycan Ermənistanla “əbədi və layiqli” sülh sazişi barədə danışıqlar aparmaq istəmir. Çünki “Bakı özünün sülh ideyasını qəbul etdirmək istəyir”, - keçmiş diplomat erməni ağzı ilə, utanıb-qızarmadan əlavə edib.

Yəni belə çıxır, Azərbaycanın sülh variantı “əbədi və layiqli” deyil. Bakı sən demə, sülhdə maraqlı deyilmiş və hətta “Qərbin vasitəçilik səylərini sabotaj” edirmiş. Halbuki az qala məktəbli uşaqlar da bilir ki, əksinədir. Sülh prosesini üç ildir kimin sabotaj etdiyi məlum: Ermənistan və onun ABŞ başda olmaqla Qərbdəki əsas havadarları.

Məgər amerikalı eks-diplomat onu da bilmir ki, 44 günlük müharibədən dərhal sonra məhz rəsmi Bakı İrəvana beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipindən ibarət sülh təklifi göndərib? Görəsən neçə ildir həmin prinsipləri sabotaj edən, məğlub ikən özünü qalib ədası ilə aparan, az qala Bakı ilə şərt dilində danışan kimdir? Şübhəsiz ki, Qərbin sevimlisi və “ərköyün uşağı”, “sorosçu” Paşinyan və komandası...

Ancaq olmadı elə, oldu belə, birdən 2024-cü ildə sülh müqaviləsi imzalandı, onda 79 yaşlı Kozlarıç hansı hala düşər, pəjmürdə olmazmı, yuxusu qaçmazmı? Bəlkə onda məlumat var ki, ABŞ bu il də ən müxtəlif bəhanələrlə Bakı və İrəvan arasında yazılı anlaşmaya əngəl olacaq? Necə ki, olur. Necə ki, Vaşinqton sülh platforması artıq iflas olub. Əlbəttə, yenə də Azərbaycana qarşı yersiz və əsassız iddialar, ABŞ Senatı və Dövlət Departamentinin son dərəcə qərəzli, absurd qərar və hesabatları üzündən.

Sonra da xəcalət çəkmədən tərəfləri “tezliklə sülh sənədi imzalamağa” çağırırlar. Nə cür? Əgər Birləşmiş Ştatların mövqeyi dünənin işğalçı ölkəsi Ermənistanda, hətta onun rəhbərliyində revanşist ovqatı gücləndirirsə, oradakı radikal-daşnakların çörəyinə “yağ” sürtürsə, Nikol Paşinyan hökumətinin Bakı ilə sülhə imzalamağa meyli artar, yoxsa azalar?..

Eləcə də özünü sürtükcəsinə “ikinci Ermənistan” kimi aparan Makron Fransası və onun Güney Qafqazdakı reallıqlardan bixəbər parlamentinin, Senatının, üstəgəl, onlardan geri qalmayan Avropa Parlamentinin (Avropa İttifaqının) Bakıya münasibətdə bitməyən həyasız davranışları, ayaq tutan, lakin yeriyə bilməyən heyrətamiz yalanları.

İndi Kozlarıç bizə söyləsin görək, Qərb deyərkən başqa kimi, daha hansı ölkəni nəzərdə tutur? Yerdə kim, hansı paytaxt qaldı? Brüsselmi? O da Fransa və ABŞ-ın təsiri altında deyilmi? O zaman Azərbaycanın suçu nə? Sülh danışıqlarını tormozlayan, sülh istəməyən kimdir? Havanı silkələməkdən bezmədinizmi?..

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR