Köşk sahibi: “Biz erməni deyilik ki, bizi bu hala salırlar”
Martın 11-də Bakı Metropoliteninin stansiyalarındakı ticarət köşklərinin yığışdırılması ilə bağlı qərar verilib. Metropolitenin yeni rəisi Zaur Hüseynov tərəfindən verilən bu qərar stansiyaların daxilində və piyada keçidlərində qurulan ticarət köşklərinə şamil edilib.
Şifahi şəkildə verilən bu ilkin qərar stansiya rəisləri tərəfindən metroda ticarət köşklərini işlədən sahibkarlara səhər saatlarında çatdırılıb. Metropolitenin yeni rəisinin bu qərarına ticarət köşklərinin sahiblərinin reaksiyası gecikmədi. Yasamal rayonunda yerləşən Bakı Metropoliteninin binası önünə toplaşan yüzlərlə sahibkar rəis Zaur Hüseynovdan məsələyə aydınlıq gətirməsini tələb ediblər.
Daha sonra yeni rəis Zaur Hüseynov etiraz aksiyası keçirənlərin nümayəndəsini qəbul edib. Görüşdən çıxanlar bildiriblər ki, yekun qərar olaraq, onlara 1 həftə vaxt verilib. Sahibkarlar 1 həftə yeraltı keçiddə obyektlərindən istifadə edə bilərlər. Problemlə bağlı bu müddətdə qərar veriləcək.
Bu sözləri musavat.com-a ticarət köşklərindən birinin sahibi olan Anar Rüstəmov deyib: “Bu gün səhər saatlarında bizə zəng vurdular ki, gəlin, öz obyektlərinizdəki mallarınızı yığışdırın! Artıq ticarətə icazə verilməyəcək. Mən burada obyekt götürmək üçün evimi bankda girov qoymuşam. Təkcə mən belə deyiləm, burada çalışanların hamısı borc-xərc edib, yer götürüb ki, ailəsinə, uşağına bir tikə çörək pulu qazana bilsin. Əgər, bizə burada işləməyə imkan vermirlərsə, bizim kompensasiyalarımız ödənilsin. Şəxsi yer deyil ki, xərcləri özümüz ödəyək, bura dövlətindi. Ona görə də, bizim xərclərimiz, bizə dəyən ziyan ödənilməlidir”.
Anar Rüstəmov daha sonra 6 ildir ki, burada çalışdığını bildirib: “Hər ay da vaxtlı-vaxtında kirayə haqqı ödəmişəm. Buranı təmir etmək qərarına gəlmişdilər. Təmirin bütün xərclərini biz ödədik. Bir kvadratmetrə görə 1100 manat pul vermişik. Bəs, bu pulları bizə kim qaytaracaq? Biz də insanıq. Düşmən deyilik, erməni deyilik ki, bizi bu hala salırlar. Bu gün hamımız yığışıb, Bakı Metropoliteninin binası önünə getdik. Etirazımızı bildirdik. Zaur Hüseynov heç bizi qəbul da etmədi. Bizi onun köməkçiləri qəbul etdi və 1 həftə vaxt istədi. Biz indi bilmirik ki, 1 həftədən sonra nə qərar verəcəklər. Əgər, qərar qüvvədə qalsa, bizə kompensasiya ödəsinlər ki, biz də başqa yerdə çalışa bilək”.
Bakı Metropoliteni metro stansiyalarının keçidlərindəki mağazaların ləğv olunmasına etiraz olaraq, bu gün bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb. Bakı Metropoliteninin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
“Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, Metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq, uzadılmayacağı barədə xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilib.
Məhəmməd TÜRKMƏN,
Musavat.com






