Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyev hakim qarşısına çıxarılıb. O, dələduzluqda təqsirləndirilərək həbs edilib. İddiaya görə, Namiq Quliyev qardaşı vasitəsi ilə Arif Həsənov adlı şəxsin problemini həll etmək vədi ilə dələduzluq edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 47 yaşlı Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.
İttihama görə, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov indi "MTN işi"ndə də zərəçəkmişdir.
Arif Həsənov şikayətində deyir ki, Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gələrək, Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. A.Həsənov bu məqsədlə də ona 87 min dollar verdiyini söyləyir.
"Namiqi MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə tanımışam. Namiq bütün tanınmış şəxslərin adından istifadə edirdi. Guya həmin şəxslərin vasitəsi ilə bizim şirkətə iş tapacaqdılar. Namiq adından istifadə etdiyi vəzifəli şəxslərdən biri bizim ofisə gəldi. Namiq bizdən pulu həmin adama vermək adı ilə almışdı. Həmin vəzifəli şəxs bizim ofisə gələndə Namiq onu tanımadı. Məlum oldu ki, Namiq yalandan başqaların adından vəd verirmiş"- deyə zərərçəkmiş A.Həsənov əlavə edib.
Namiq Quliyev özünü təqsirli bildiyini deyir. Amma söyləyir ki, pulu iş qurmaq adı ilə alıb, MTN-dəki məsələni həll etmək üçün yox.
Arif Həsənov MTN-nin toruna necə düşüb?
İş adamı deyir ki, MTN əməkdaşları onlardan “haqq” tələb edib. Bu səbəbdən də iş adamını böyük məbləğdə borca girməyə məcbur ediblər. Şərikinin əməllərindən MTN-ə şikayət edən Arif Həsənov gözləmədiyi halda özü MTN-nin toruna düşüb. O, rəhbəri olduğu “Texmarin Limited” MMC-nin əməkdaşı, sonradan şəriki olmuş Səhrab Allahverdiyevin ofşor şirkətlər vasitəsilə xarici ölkələrə pul göndərməklə külli miqdarda vergidən yayınması ilə bağlı MTN-ə müraciət edib. Amma MTN onun şikayətini araşdırmayıb. Əksinə onun özünü "soyublar".
Məhkəmədə Arif Həsənovun oğlu Həsən Həsənov ifadə verib.
O, Namiq Quliyevin atasından pul aldığını təsdiqləyib: "Quliyev Namiq atamdan 87 min dollar alıb. Bizim MTN-lə bağlı işimiz var idi. Əmlakımız ələ keçirilmişdi. Namiq dedi ki, qardaşı prokurordur və bu işi həll edəcək. Əvvəlki iş yoldaşım Əlizamin vasitəsi ilə onları tanımışıq. Əlizamin dedi ki, Namiqgil bizə kömək edərlər. Əksinə bunlar bizi soydular".
H.Həsənov MTN tərəfindən hədələndiklərini və 8 gün nazirlikdə saxlanıldığını deyib: "Atamın pulunun qaytarılmasından xəbərim yoxdur. Amma pulu Namiqə mən vermişəm. Pulu da qardaşının adı ilə aldı. Qardaşı kömək edəcəkdi. Namiq məndən MTN-də başımıza gələnləri soruşurdu. Mən 8 gün MTN-də saxlanılmışam. Akif Əliyev və digər MTN zabitlərinin bizə nə etdikləri, atamın əmlakını necə ələ keçirmək istədikləri barədə məlumat vermişəm".
Namiq Quliyev isə şahidin dedikləri ilə razılaşmayıb: "85 min manat pulu almışam. Amma iş görmək üçün almışam. MTN işi ilə bağlı pul almamışam. Masazırda evim var idi. Dedim 30 min verim. Qalanın da ödəyərəm. Dirəndilər ki, "yoxe qəpiyinə qədər indi ödəməlisən"".
Həsən Həsənov isə təqsirləndirilən şəxsin yalan danışdığını deyib: "Namiqgil Zirəyə gedib bizim əmlakımıza baxdılar. Təkid edirdilər ki, əmlakı banka girov qoyub pul götürək. Bu məbləği verəndən sonra bizə kömək edəcəkdilər. Əlizamin də mənə deyirdi ki, pulu verməsəm Akif Əliyev səni tutacaq. Mən də deyirdim ki, gəlsin tutsun".
Məhkəmə prosesində zərərçəkmişin və təqsirləndirilən şəxslərin vəkili olmuş Ramil Məmmədzadə də ifadə verib.
O, əvvəlcə Namiq Quliyevi tanıdığını deyib: "Namiq mənə dedi ki, Arif adlı bir ağsaqqalın hüquqi məsələrlə bağlı problemləri var. Məndən kömək istədi. Arif Həsənovla görüşdə məlum oldu ki, onun əmlakı MTN tərəfindən ələ keçirilərək şərikinin adına sənədləşdirilib. 130 minlik də məcburi borc müqaviləsi imzalanıb. Mən dedim ki, əgər bu zorla ələ keçirilibsə, almaq olar. Biz əmlakın bir hissəsini geri ala bilmişik. İndi də məhkəmə davam edir.
Sonra Arif müəllim dedi ki, Namiq ondan pul alıb qaytarmayıb. Arif müəllim xahiş etdi ki, Namiqdən şikayət ərizəsi yazaq. Mən də Namiqlə danışdım. Dedim ki, pulu qaytarsın. O etiraf etdi ki, pulu alıb. Amma başqa məqsədlə aldığını, korrupsiyada gedən işə görə almadığını deyirdi. Amma pulu uzun vaxt keçsə də qaytarmadı. Arif müəllimgil sonradan şikayət etdilər. Namiq həbs edildi. Bildiklərim budur".
Növbəti məhkəmə prosesi aprelin 10-na təyin edilib.
Məhkəmədə Namiq Quliyevin qardaşının da ifadə verəcəyi gözlənilir.
İ.Muradov
Musavat.com






