Rusiyanın Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzerin və bir sıra müavinlərinin mütəşəkkil cinayətkar qruplaşma kimi həbs edilməsinin azərbaycanlı neft maqnatı, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla bağlılığı var.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Obşaya qazeta” yazır.
Vyaçeslav Qayzer və müavinləri də daxil olmaqla bir qrup Komi məmuru bir neçə gün əvvəl həbs edilib. Onlar korrupsiyada, mütəşəkkil cinayətkar dəstə formalaşdıraraq dövlət vəsaitlərini talan etməkdə və digər iqtsadi cinayətlərdə ittiham olunurlar. Bu, Rusiyada son illərdə keçirilən ən iri antikorrupsiya əməliyyatıdır.
Lakin qəzet yazır ki, əslində Vyaçeslav Qayzerin Rusiyanın digər qubernatorlarından fərqi yoxdur. Çünki başqa qubernatorlar da korrupsiyalaşıb. Əslində isə Qayzerin həbsinin səbəbi Komi nefti uğrunda mübarizədir.
Qayzerin həbsi əməliyyatı gizli hazırlanıb və hətta prezident Vladimir Putin bu əməliyyat barədə faktiki olaraq son anda xəbərdar edilib.
Qubernatorun həbsi üçün faktları tələsik, cəmi 3-4 aya toplayıblar. Hərçənd ki, bəzi KİV-lər Qayzerin ətrafında əməliyyat tədbirlərinin hələ 2011-ci ildə yerli FTX və prokurorluq tərəfindən başlandığını yazır.
Qəzet yazır ki, Qayzerin həbsinin arxasında Kremlin boz kardinalı, “Rosneft” şirkətinin prezidenti İqor Seçin dayana bilər. Çünki Komi respublikası İqor Seçinlə “LUKoil” prezidenti Vahid Ələkbərov arasında son vaxtlar kəskinləşən mübarizənin əsas arenalarından biridir.
İqor Seçin
Məsələ bundadır ki, İqor Seçinin işləri son vaxtlar düz getmir. Kremlin boz kardinalı Şərqi-Taymır neft yataqları uğrunda mübarizəni Vahid Ələkbərova uduzub. “Rosneft” Ələkbərovun şirkətini bu yataqlara buraxmaq istəmir. Ancaq “LUKoil” yataqlarda işləmək üçün lisenziya alıb və “Rosneft” lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Tərəflər bir-birlərinə qarşı mətbuat üzərindən müharibə aparırlar.
Habelə Qərbin sanksiyalarının da təsiri altında “Rosneft”in maliyyə vəziyyəti kəskin pisləşib. Şirkətin kapitallaşması aşağı düşüb və Rusiyanın federal ehtiyat fondundan ona 300 milyard rublun ayrılmasına dair müraciəti rədd edilib. Ekspertlərə görə, Seçin öz məqsədlərinə çatmaq üçün qeyri-iqtisadi metodlara əl atmaq qərarı verib.
Bundan əvvəl Seçin Saxalin vilayətinin qubernatoru ilə neft-qaz işləri üstündə çəkişməni də analoji sxemlə həll edib. Qubernator Xoroşavin korrupsiyada ittiham olunaraq həbs edilib və onun barəsində ifşaedici faktlar, videogörüntülər FTX-yə yaxın KİV-lərə ötürülüb.
İqor Seçin Rusiyada Putindən sonra “ikinci ən qüdrətli şəxs” hesab edilir və onun rəqiblərinə qarşı amansız münasibəti haqda çox danışılır.
Və Komidə onun düşməni Vahid Ələkbərovun mövqeləri qeyri-adi dərəcədə möhkəmdir, o cümlədən Qayzerin sayəsində. Qayzer özü isə Vahid Ələkbərovun himayəsində olan adam kimi tanınıb. 2000-ci illərin əvvəllərində onun Kominin maliyyə naziri təyin edilməsi də məhz Ələkbərovun sayəsində mümkün olub.
Bu ilin fevralında isə Qayzer və Ələkbərov region hökuməti ilə “LUKoil” şirkəti arasında 2019-cu ilə qədər tərəfdaşlıq sazişi imzalayıblar.
Vyaçeslav Qayzer
“Bu sazişə əsasən “LUKoil” Komi respublikasının əsas strateji partnyoru olur”- Qayzer deyib.
Ələkbərovun şirkəti Kominin zəngin neft yataqlarına investisiya yatırmağa hazırlaşırdı ki, İqor Seçin hərəkətə keçməyi qərara aldı. Çünki tezliklə Kominin Timan-Peçorsk neft bölgəsində növbəti iri yatağa dair tender keçirilməlidir. “LUKoil”un bu tenderdə qalib gəlmək şansına isə heç kim şübhə etmirdi.
Qəzet yazır ki, Komi prokurorlarının əli ilə Qayzeri aradan götürmək çətin deyildi. Çünki yerli prokurorluq regional hakimiyyətdən müstəqilliyini saxlayırdı. İndi Qayzeri aradan götürəndən sonra Komi nefti uğrunda mübarizənin necə nəticələnəcəyi maraq doğurur.
Qeyd edək ki, bu ilin əvvəllərində Komi Muxtar Respublikası Dövlət Şurasının deputatı, “Uxtaneftqazgeologiya” şirkətinin baş direktoru Akif Sayadov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ona qarşı iqtisadi cinayətlərlə bağlı ittihamlar, o cümlədən beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb.
Akif Sayadov
Akif Sayadov Rusiyanın əməkdar geoloqu, Kominin nüfuzlu və imkanlı şəxslərindən, habelə Komidəki Azərbaycan diasporunun liderlərindən biridir.
1951-ci ildə Naxçıvanda, Culfanın Qazançı kəndində doğulan Akif Sayadov 1977-ci ildən bəri neft-qaz sənayesi sahəsində çalışır. Əvvəlki illərdə müxtəlif məsul vəzifələrdə çalışıb. 2008-ci ildən isə “Uxtaneftqazgeologiya” ASC-nin rəhbəridir. Sayadov və vəkilləri bildirirdi ki, bu həbs sifarişlidir, yerli prokurorluq və FTX idarəsinin qurama ittihamlarına əsaslanır.
Sayadovun Komi rəhbərliyi ilə yaxşı münasibətlərinin olduğu halda həbsə atılmasının da arxasında məhz Kremlin “boz kardinalı” ilə azərbaycanlı maqnat arasında gedən çəkişmənin dayana biləcəyi istisna deyil.