İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusun fəsadları orqanizmdə ömürlük qalır?- Həkimlərin rəyi 

2126 25.06.2020 12:44 Səhiyyə A A

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri iddia ediblər ki, koronavirusun fəsadları virusa yoluxmuş insanı həyatı boyu təqib edəcək.

Mütəxəssislərin sözlərinə görə, COVID-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər. Bundan başqa, koronavirusdan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edəcəyi ehtimal olunur. İddialara görə, keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər.

Alimlər onu da bildirirlər ki, koronavirus alsqeymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.

Bəs azərbaycanlı həkimlər britaniyalı mütəxəssislərin iddialarına nə deyirlər?

Həqiqətənmi, koronavirus insan orqanizmində bir çox fəsadların yaranmasına səbəb olacaq?
Musavat.com-a danışan baş onkoloq Nəsimi Qasımov deyib ki, bu cür fikirlər səsləndirmək hələ ki, tezdir: “Biz avtobusla uzun yola çıxanda yolboyu başımıza nə gələcəyini bilmirik. Hazırkı durum da elədir. Gərək bu xəstəlik öyrənilə, vaxt, illər keçə, ondan sonra xəstəliyin qalıcı fəsadlarından danışa bilərik.

47923nesimi_qasimov.jpg (124 KB)

Biz gərək bu xəstəliyə yoluxmuş insanları sağaldaq. Hələ ki, insanlar özü sağalır. Biz sadəcə olaraq xəstəliyin ağırlaşmasının qarşısını almağa çalışırıq. Bəzən isə ala bilmirik. Bir qrup insanların xəstə olmasından xəbərsizik. Bizi də yoluxduranlar onlardır. Vaxt keçmədikcə, yolun sonuna getməyincə, bu günlərdə heç kim üzərinə məsuliyyət götürüb, gələcək haqında danışmalı deyil. Əməliyyatdan öncə məndən soruşurlar ki, neçə saat çəkər? Cavab verirəm ki, bunu indi bilə bilmərik, əməliyyat zamanı məlum olacaq. Koronavirus tam öyrənilməyincə, yox olmayınca, fəsadlar haqqında danışmaq tezdir”.

Tanınmış həkim Zülfüqar Yusifov Musavat.com-a bildirib ki, koronavirus özündən sonra ciddi mənəvi, psixoloji reabilitasiya tələb edir: “Koronavirusu ağır keçirmiş insanlarda bir sıra orqanlar prosesə daxil olur və dəyişiklik baş verir. Təbii ki, bu, gələcəkdə də  xroniki olaraq orqanların fəaliyyətinə təsirsiz ötüşməyəcək. Bu xəstəlik zamanı keçirilən stressin miqyasını nəzərə almalıyıq. Çünki keçirilən heç bir stress insan beynindən, yaddaşından silinmir və insanı hər hansı formada təqib edə bilir. Ona görə bu açıqlamaya haqq vermək mümkündür.

yusif.jpg (205 KB)

Koronavirus kifayət qədər ciddi xəstəlikdir. Özündən sonra ciddi mənəvi, psixoloji reabilitasiya tələb edir. Həkimlər, bu sahədən xəbərdar olanlar da bilir ki, hər xəstəlikdən sonra reabilitasiya, bərpa proqramı olmalıdır. Koronavirus da yeni problemdir. İnsanların koronavirusdan sonra normal həyata qayıtması, qalan ömrünü stressiz keçirməsi, orqan və sistemlərə vurulmuş zərərlərin mümkün qədər dəstək müalicələri ilə bərpa edilməsi üçün proqramların hazırlanmasına ehtiyac var. Koronavirusla yəqin ki, yaxın zamanda vidalaşmayacağıq və yan təsirləri də uzun müddət qalacaq. Yəqin ki, dünyada mütəxəssislər reabilitasiya, bərpa proqramı üzərində işləyir və yaxın zamanlarda bu haqda məlumatlar olacaq”.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub., martın 11-də isə koronavirus pandemiya elan olunub. 

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR