Ramin Bayramlı: “Həkim çatışmazlığı olan bölgələrdə 65 yaşdan yuxarı olan həkimlərin risksiz sahələrdə çalışmasına icazə verilib”
Azərbaycanda koronovirusdan dünyasını dəyişən ilk həkim 68 yaşlı Zakir Xəlilovdur. Dünyasını dəyişənə qədər Zakir Xəlilov Bakı şəhərində, Yasamal rayonunda və Qaradağ rayonunun Sanqaçal qəsəbəsində təcili tibbi yardım xidmətində növbəli şəkildə işləyirdi.
Z.Xəlilov dünyasını dəyişəndən sonra yaranan suallardan biri də onun koronavirusa yoluxma ehtimalı yüksək olan risk qrupunda olduğu halda işləməsi idi. Bir çoxları sosial şəbəkələrdə müzakirələr açaraq, belə sual səsləndirirlər ki, 65 yaş təqaüd yaşıdır, Zakir Xəlilovun 68 yaşında işləməsinin səbəbi nə idi?
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bununla bağlı Musavat.com-a deyib ki, həkim çatışmazlığı olan bölgələrdə 65 yaşdan yuxarı olan həkimlərin risksiz sahələrdə çalışmasına icazə verilib.

R.Bayramlı qeyd edib ki, bir çox yerlərdə isə yaşı 65-dən yuxarı olan həkimlərin fəaliyyəti tamamilə məhdudlaşdırılıb.
“Ölkəmizin elə regionu var ki, orada bir cərrah var və yaşı 65-dən yuxarıdır. Ona necə deyə bilərik ki, işləməsin? Bu baxımdan bəzi istisnalar var və bunlarla bağlı da tədbirlər görülür”- deyə R.Bayramlı bildirib.
Xatırladaq ki, mərhum Zakir Xəlilovun yaşı koronavirusla mübarizə tədbirlərinə qoşulmağa imkan verməsə də, o, könüllü olaraq mübarizə prosesinə qoşulub və iş zamanı koronovirusa yoluxub.
Mərhumun xanımı Aygün Xəlilova deyib ki, həyat yoldaşının 68 yaşı olmasına baxmayaraq bu ilin yanvarında baş həkim onun müqavilə müddətini növbəti dəfə artırıb: “Yanvarda övladlarımız Zakir müəllimi inandırmağa çalışdılar ki, artıq istirahət etmək vaxtıdır. Çox zarafatçıl insan idi. Övladlarına dedi ki, siz mənə baxarsız, mən də xəstələrimə baxaram. O, öz işindən zövq alırdı. Yasamalda və Sanqaçalda təcili tibbi yardımda işləyirdi.
Xəstələnəndən sonrakı günlər oksigen çatışmazlığı yarandı. Məni xəstəxanadan telefonla özü yığdı, dedi ki, gedişat onu deməyə əsas verir ki, məndə koronadır".
İlkin MURADOV,
Musavat.com






