Koronavirusa qalib gəlməyin bir yolu da kollektiv immunitetin yaranması hesab olunur. Dünyanın bəzi inkişaf etmiş ölkələri COVID-19 virusuna qarşı mübarizədə kollektiv immunitet strategiyasına üstünlük verir. Bu strategiya əhalinin aztəminatlı təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin yoluxmasına imkan verilməsi və beləliklə ümumi immun sisteminin yaradılmasına əsaslanır.
Rusiya Elmlər Akademiyasının Birləşmiş Yüksək Temperatur İnstitutunun mütəxəssisləri isə hesab edir ki, COVID-19-la mübarizə üsullarından biri hesab olunan kollektiv immunitet yaratmaq üçün əhalinin 60-70 faizinin bu virusa yoluxmasına ehtiyac yoxdur. 3-10 faiz xəstəlik hallarında belə kollektiv immunitet yaratmaq mümkündür.
Qeyd edək ki, hazırda Azərbaycanda vaksinasiya prosesi davam etdirilir. Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı vurulan vaksinlərin ümumi sayı 856 363-dür. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanları sayı 558 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297 878 nəfərdir.
Bəs bizdə ümumi yoluxmaların artması da nəzərə alınmaqla kollektiv immunitet təxminən nə vaxt yaranacaq?
Həkimlər mövzu ilə bağlı “Yeni Müsavat”a danışdılar.

Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev bildirdi ki, əgər əhalinin 80 faizində immunitet əmələ gəlsə, bu kollektiv immunitet sayılır: “Yəni artıq virusdan qorxmamaq olar. Ya insanlar özü xəstələnib sağalmalı, ya da vaksinasiya olunmalıdır. İndiyə qədər əhalinin 50 faizi virusa yoluxub. 50 faiz isə hələ qalıb. İndi peyvəndləmə gedir. Vaksinasiya da kifayət qədər sürətlə getmir. Arada yubanmalar oldu, vaksinlər gətirilmədi, müəyyən problemlər oldu. Kollektiv immunitet üçün bu say kifayət etmir. Məsələn, bir ay əvvəl İsraildə əhalinin 50 faizinin vaksinasiyası keçirildi. Orda artıq karantin qaydaları yoxdur. Yollar da açıqdır”.

Vüqar Cavadzadə
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu ilə bağlı fikirlərini bildirdi: “Kollektiv immunitet ya təbii yolla yaranmalıdır, yəni insanlar xəstələnməlidir, immunitet yaranmalıdır. Yaxud da süni immunitet yaratmalıyıq, vaksinlər tətbiq olunmalıdır. Vaksinlər də könüllü olduğuna görə insanlar müraciət etmir. Digər tərəfdən böyük əhali kütləsi xəstələnməyib axı. Buna görə də müəyyən vaxt lazımdır. Bir ilin içində yoluxanların sayı təxmini 250 min nəfər olub. Amma bizdə əhalinin sayı 10 milyondur. Kollektiv immunitetin formalaşması üçün bir il kifayət etmir. Bir neçə il vaxt lazımdır ki, insanlar ardıcıl olaraq xəstələnsin, kollektiv immunitet əmələ gəlsin. Mən hesab edirəm ki, koronavirus bizim həyatımızda hələ bir neçə il olacaq. Biz koronavirus infeksiyası ilə barışacağıq, bu cəmiyyətdə yaşayacağıq. Çünki bütün infeksiyalar baş qaldırandan sonra onun böyük əksəriyyəti cəmiyyətdə qalıb. Zaman gələcək biz bu infeksiyaya alışacağıq. Digər respirator infeksiyalar kimi bunu da qəbul edəcəyik. Sadəcə olaraq, bizdən əvvəlki nəsil COVID-19 infeksiyasına yoluxmayıb, qanda immunitet yaranmayıb deyə, biz bu virusa qarşı çox həssasıq. Bizim qanımızda antitellər əmələ gələcək, bizdən sonrakı nəsillərə bunu ötürəcəyik. Tədricən insanlar bu xəstəliyi yüngül keçirəcəklər. Bütün infeksiyalarda olduğu kimi, bu virusda da müəyyən dövrdən sonra pandemiya dövrü bitəcək”.

Adil Allahverdiyev
Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə deyir ki, əksər insanlarımız bu xəstəliyi artıq keçirib və bununla özləri də kollektiv immunitetin bəlli bir parçasını yaratmış olurlar: “Digər insanlar da hazırda vaksin olunurlar. Onlar da burda rol oynamış olacaqlar. Amma əhalinin sayı 10 milyona yaxındırsa, heç olmasa 6-7 milyon insan ən azı vaksin olunmalıdır, yaxud xəstəliyi keçirmiş olmalıdır ki, kollektiv immunitet yaransın”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






