Son günlər dünyada olduğu qədər Azərbaycanda da koronavirus təlaşı yaşanır. İnsanlar küçədə maska ilə dolaşır, apteklərdə spirt və maska qıtlığı yaşanır, insanlar virusdan qorunmaq üçün müxtəlif yollar axtarır. Dövlət qurumlarından isə bildirirlər ki, ölkədə koronavirus yoxdur və insanların təlaşlanması əsassızdır.
Bəs , insanları təlaşda saxlayan koronavirusla bağlı məlumatlar mədəniyyət sahəmizə necə təsir göstərib? Hazırda toy bazarında durum necədir?
Musavat.com öncə mədəniyyət sahəmizdəki vəziyyətlə maraqlanıb. Gündəmi zəbt edən koronavirus mədəniyyət ocaqlarımıza təsirini öyrənmək üçün teatrşünas Xəyalə Rəis ilə əlaqə saxladıq.
O, qeyd etdi ki, dünyanın bir çox ölkəsini cənginə alan bu virus artıq bizim ölkəmizi də psixoloji olaraq təsir altına salıb: “Açığı ictimai yerlədə vətəndaşların maska taxdığını görəndə psixoloji olaraq hansısa xəstəlik daşıyıcısı olduğumu düşünürəm. Hər nə qədər məsələnin ciddi olduğu deyilsə də mənə çox gülünc görünür. Xüsusilə də bizə ən yaxın ölkə olan İran ərazisində virusdan ölüm hadisələrinin baş verməsi xəbərini eşidən anam ciddi şəkildə narahatdır. Artıq hər keçən gün deyil, hər keçən saat ölüm xəbərləri eşidirik. Bunun hər nə qədər virusdan ya da başqa səbəbdən olduğunu bilmək üçün əlimizdə kifayət qədər əsas yoxdur. Bu virus nəhəng dövlətlərin media vasitəsi ilə yayımladığı və böyük kütlələri qorxunun, təzyiqin təsirində saxlamağa çalışdığı bir məsələ olduğunu düşünürəm. Görünən isə odur ki, onlar öz istəklərinə çatırlar. Bir zamanla "Quş qripi" və "Ebola" kimi digər qlobal virusların davamı kimi yayılan bir panikadan başqa bir şey deyil. Bizim qeyri-sağlam düşüncəli insanlarımız bu virusdan daha təhlükəlidir. Azərbaycandakı panika Çindən çoxdur. Bunun da əsas səbəbi qeyri-ciddi bloqlar, sosial şəbəkələrdəki əsassız xəbərlərdir. O ki, qaldı bu virusun teatr və mədəniyyət aləminə təsir göstərməsinə inanın ki, mədəniyyət sferasının bundan xəbəri belə yoxdur. Teatrlarımızın başı daxili qalmaqallarına elə qarışıb ki, çöldən xəbərlərsizdilər. Hazırda teatrlarımızda daxili problemlər saymaqla bitmir, bu saat onlar koronavirus falan hərləmirlər. Bir sözlə teatrlarımız öz ampluası ilə daha böyük enerji və ruh yüksəkliyi ilə işlərinə davam edirlər. Axı qabaqdan 10 Mart Milli Teatr günü yaxınlaşır. Bu saat onlar bayram günündə kimlərin fəxri ad alacağı ilə maraqlanırlar. Bu barədə aralarında dedi-qodular, açılan vatsap qrupları, orada edilən müzakirələr oturduqları yerdən kənarda nələrin baş verməsini anlamaları üçün onlara mane olur”.
X.Rəis mədəniyyət aləmində bununla bağlı heç bir narahatçılığın olmadığını qeyd edir: “Mədəniyyət ocaqlarımızda bununla bağlı hələ ki, heç bir tədbir təxirə düşməyib. Görünür, onlar da bu virusu ciddiyə almırlar”.
Məsələ ilə bağlı müğənni və restoran sahibləri ilə də əlaqə saxladıq.
Müğənni İzzət Bağırov bildirib ki, toy bazarında vəziyyət dəyişməyib: “Ötən illərə baxanda bu il toy bazarında durğunluq var. Amma bunun səbəbi koronovirus deyil. Şəxsən mənə zəng edib sözügedən məsələyə görə toyu təxirə salan olmayıb. İnsanlar arasında təlaş var, onlar özlərini qorumaq üçün şəhərdə maska ilə gəzirlər. İnsanların özünü qorumaq istəməsi normal və təbii haldır. Lakin heç kim bu səbəbdən öz xeyir işini təxirə salmayıb”.
“Röya” şadlıq sarayının əməkdaşı isə saytımıza açıqlamasında deyib ki, koronavirus haqqında yayılan məlumatlar toy bazarına təsirsiz ötüşüb: “Toy bazarında durum sabitdir. Başqa şadlıq evlərində çalışan dostlarla da danışırıq. Bu günlərdə nə müştərilərin sayında azalma var, nə də koronovirus səbəbindən toy məclisindən imtina edən. Düzdür, toy sahibləri hazırda daha həssasdır, onlar yemək və təmizliklə bağlı sorğu-sual edirlər. Daha diqqətli olmamızı tələb edirlər. Bundan əlavəyə heç bir problem və narahat olacağımız hal yoxdur”.
Əlaqə saxladığımız digər restoranlarda da durum sabitdir. Restoran səlahiyyətliləri virusla bağlı hər hansı məclisin təxirə salınmadığını bildirdilər.
Könül
Musavat.com






