İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus qlobal resessiyanı dərinləşdirir – Azərbaycanı nə gözləyir?

1248 24.06.2020 21:30 İqtisadiyyat A A

Koronavirus pandemiyası dünya iqtisadiyyatına böyük zərər vurmaqda davam edir. Artıq pandemiyanın təsirindən ilk qurtulan Çin iqtisadiyyatında resessiya başlayıb.  “China Beige Book İnternational” tərəfindən hazırlanan hesabata görə, ölkənin ÜDM-i ikinci rübdə 6,8 faiz azalıb ki, bu da resessiya deməkdir.

Çində iqtisadiyyat bərpa olunmağa başlasa da, dünyanın digər ərazilərindəki məhdudiyyətlər bu prosesi ləngidir. Buna görədə birinci rübə nisbətən sənaye şirkətlərinin mənfəəti, kapital məsrəfləri, pərakəndə satışlar kimi mühüm göstəricilərin cüzi artım göstərdikləri bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə koronavirus böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır. Hazırda infeksiyanın yayılmasının yenidən sürətlənməsi narahatlığı daha da gücləndirir. ÜST-nin baş direktoru Tedros Qerbeyesus bildirib ki, pandemiya səhiyyə böhranı məcrasından çoxdan çıxıb və dünyanın əksər ölkələrində iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib. Bu böhranın təsirləri qarşıdakı onilliklərdə də hiss ediləcək.

Dünyanın bir çox ölkələrində, o cümlədən də Azərbaycanda pandemiyaya görə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması yenidən yoluxma sayının sürətlə artmasına gətirib çıxarıb. Hökumət bu səbəbdən ölkənin mühüm hissəsində 2 həftəlik sərt karantin rejimi tətbiq etməli olub. Rejim tətbiq olunan ərazilərdə əhaliyə yönəlik sosial tədbirlərin iyun ayında da davam etdirilməsi qərara alınıb. İqtisadçı-alim, ABŞ-in Rutgers Universitetinin professoru, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, hökümətin pandemiyayla bağlı atdığı addımlar adekvat deyil və mövcud dövrün tələblərinə uyğun gəlmir, həyata keçirilən sosial yardım siyasəti sistemsizdir: “Biz hazırda iqtisadi böhran dövründə yaşayırıq, digər tərəfdən isə pandemiyanın özünün yaratdığı məhdudiyyətlər və psixoloji çətinliklər var. Bütün bunları nəzərə alında görünür ki, hökumətin apardığı sosial yardım siyasəti sistemsizdir və ardıcıl deyil. İkincisi isə aparılan bu siyasətdə nəzərdə tutulan yardım məbləği ehtiyacların qarşılanması üçün kifayət etmir. Bunun üçün ən azından ölkədəki minimum əmək haqqı, 250 manatın ödənilməsi baş tutmalı idi.”(Amerikanınsəsi)

Nazirlər Kabinetinin qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonlarında işsiz kimi qeydiyyatdan keçənlərə 190 manat məbləğində birdəfəlik müavinətin iyun ayı üzrə verilməsini də ekspert düzgün yanaşma hesab etmir: “Pandemiya bütün ölkəni əhatə edir, işsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır. Bu qərar verilərkən yenə də nəzərə alınmayıb ki, bəzi şəxslər ətraf rayonlarda yaşasalar da Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər. Belə olan halda onları kənara qoymaq ədalətsizlikdir. Əslində bu yardım işini itirənlərə nəzərdə tutulubsa, onun karantin rejimi ilə əlaqəsi olmalı deyil. Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdə olan işsizlər də bu yardımı almağa haqq edirlər. Belə yanaşma sahibkarların fəaliyyət yerləri üzrə tətbiq oluna bilər, işsizlərə yox, çünki, işsiz onsuz da harda yaşamasından asılı olmayaraq çalışmır. Digər tərəfdən də karantin rejimi avqustun 1-də başa çatır. Belə olan halda da iyul ayı üzrə də ödənişlər həyata keçirilməlidir. Nəhayət, bu ödənişlər əvvəlki qaydada sahibkarlara və muzdlu işçilərə də şamil olunmalıdır. Hökumət problemə yenə də qənaət prinsipi ilə yanaşır və yarımçıq qərarlar verməklə məşğuldur.”

Qubad İbadoğlu manatla bağlı xəbərdarlıq edir - Müsahibə ...

Qubad İbadoğlu

Qubad İbadoğlu bildirir ki, hazırkı böhran şəraitindən çıxmaq üçün hökümətin atmalı olduğu bir neçə vacib addım var: “Həm sahibkarlar, həm günlük işçilər, həm də aztəminatlı təqəbə üçün sosial və iqtisadi yardım proqramlarını genişləndirməlidir. Bu, həm də ölkədə məcmu tələbin stimullaşdırmasına gətirib çıxardacaq. Alıcılıq qabiliyyətinin güclənməsi Azərbaycan iqtisadiyyatının böhrandan çıxışını sürətləndirə bilər.

İkincisi, ölkədə şəffaflıq və hesabatlılıq məsələsidir ki, hazırda bununla bağlı ciddi suallar var. Bildiyiniz kimi, xərcləmələrin bir hissəsi də tibbi ləvazimatların alınmasına və səhiyyənin infrastuktrunun qurulmasına yönəlib. Lakin bununla bağlı məlumatlar qapalı olaraq qalır. Bilinmir ki, ölkəyə tibbi ləzavimatları hansı şirkətlər, hansı qiymət əsasında gətirir. Vətəndaş üçün aşkarlıq təmin olunmalıdır. Üçüncü məsələ isə, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasıdır. Vətəndaşlarla bağlı qərar qəbul edirlərsə orada həmin vətəndaşların maraqlarını müdafiə edən qeyri-hökumət təşkilatların nümayəndələri təmsil olunmalıdır. Amma təəssüflər olsun ki, hal-hazırda Azərbaycanın bir çox dövlət orqanlarında heç ictimai komitələr belə fəaliyyət göstərmir.”

Azərbaycanda da resessiya dərinləşəcək

Qlobal iqtisadiyyatda, o cümlədən Çində yaranan resessiya uzunmüddətli olarsa, bunun Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dünyanın bir hissəsində pandemiyadan çıxmaq baş verir, amma digər hissədə hələ davam edir: “Bu baxımdan, Çin kimi ixracyönümlü iqtisadiyyatın resessiyaya daxil olması təbiidir. Çinin istehsal etdiyi məhsullara tələbat yoxdursa, iqtisadi aktivlik necə bərpa oluna bilər? Eləcə də digər dünya ölkələrində. Bütün əsas bazarlarda aktivlik bərpa olunmayınca, ayrıca götürülmüş hansısa ölkədə iqtisadiyyatın inkişaf etməsi mümkün deyil. Buna görədir ki, ABŞ, Avropa Birliyində çox ciddi iqtisadi azalma qeydə alınacağı gözlənilir. Azərbaycan üçün iqtisadi azalma səviyyəsinə dair proqnozlar fərqlidir. 2,2 faizdən 6 faizə qədər fərqli proqnozlar verilir müxtəlif qurumlar tərəfindən. Hələlik 5 aylıq nəticə Azərbaycan iqtisadiyyatının 3 faizlik iqtisadi artımdan 1,7 faizlik azalmaya düşdüyünü göstərir. İlin sonuna qədər vəziyyətin belə davam etməsi çox ciddi problemlərin yaranmasına, iqtisadiyyatın əhəmiyyətli dərəcədə kiçilməsinə gətirib çıxaracaq. “Nə qədər dayanıqlı iqtisadiyyatımız var” sualına cavab artıq resessiyanın başlanmasıdır. Amma bir məsələ var ki, maliyyə ehtiyatları baxımından Azərbaycanın mövqeyi bir sıra digər ölkələrə nisbətən xeyli yaxşıdır. Hökumət artıq 2020-ci ilin dövlət büdcəsinin icrasını əhəmiyyətli şəkildə təmin edib. Büdcənin 55 faizi Neft Fondundan transfertdir – Fondun bunu təmin etmək imkanı var. Hətta beynəlxalq səhm və valyuta bazarındakı təlatümlərdən Fondun aktivləri zərər görsə belə, büdcəyə ödəniş təmin olunacaq. Bundan əlavə, qeyri-neft sektorundan 5 ayda 7 milyard manata yaxın daxilolma baş verib. Bu isə indiki şərtlər daxilində dövlət büdcəsinin 18 milyard manata yaxın hissəsinin zəmanət altına alınması deməkdir. İlin sonunadək yəqin ki, yığımlar olacaq. İri şirkətlərlə bağlı hər hansı güzəştlər nəzərdə tutulmayıb. Yəni hansısa ciddi maliyyə çətinliyi gözlənilmir. Sadəcə, hökumət beynəlxalq tədbirlərin təşkilinə, infrastruktur layihələrinə ayrılan vəsaitlərdən qənaət edərək pandemiyaya görə artan xərcləri təmin etməlidir”.

Ekspertə görə, Azərbaycanda milli valyutanın – manatın məzənnəsi ilə bağlı da hər hansı ciddi risklərdən danışmaq doğru olmaz: “Çünki artıq valyuta bazarlarında müəyyən sabitləşmə gedib. Digər tərəfdən, Azərbaycanda həm dövlət, həm biznes, həm vətəndaş 2015-ci illə müqayisədə xeyli yoxsul olduğu üçün, həmçinin tətbiq olunan məhdudiyyətlərə görə dollara tələbat yüksək deyil. Hökumət mart ayında bazara 1,9 milyard dollar valyuta daxil etməklə vəziyyəti tənzimləməyə müəyyən qədər nail ola bilib. Ötən ay valyuta bazarlarında cəmi 340 milyon dollar tələb olub ki, bu da çox kiçik göstəricidir. Bu, o deməkdir ki, valyuta bazarında sabitlik təmin olunub. Buna görə də 2020-ci il üçün manatın məzənnəsində ciddi bir dəyişiklik gözləmirəm”.

Vətəndaşın və biznesin itkiləri daha böyük olacaq

R.Həsənovun fikrincə, əsas itki əhali və biznesdə olacaq: “Ölkədə faktiki olaraq orta aylıq əmək haqqı 680 manat olduğu halda biz 600 min nəfərə bundan 3 dəfə aşağı məbləğdə - 190 manat yardım etdik. Bu 600 min nəfər də faktiki tələbin üçdə biri idi. Dövlət yardımı 600 min nəfərlik sosial qrupun istehlak imkanlarının 3 dəfə məhdudlaşması deməkdir. Yaxud biznesi götürək: əhəmiyyətli hissəsi dayanıb. Turizm sektoru tamamən dayanıb, iaşə sektoru 30-40 faiz gücündə ancaq işləyə bilir, xidmət sektorunda tələb 30-35 faiz aşağı düşüb. Tikinti sektoru Azərbaycan iqtisadiyyatı üçün ən riskli sahədir. Hər zaman iqtisadiyyatın kiçilməsində bu sektorun payı yüksək olur. Bu sektorda tələbin azalması ciddi problemlər yaradacaq: vətəndaş və biznesin alıcılıq qabiliyyəti azalırsa, aydın məsələdir ki, tikinti sektorunda da durğunluq yaranacaq. Daşınmaz əmlak bazarında artıq bu durğunluq müşahidə olunmaqdadır. İqtisadiyyatın davam gətirdiyini o zaman deyə bilərdik ki, iqtisadi artım səviyyəsini qoruyub saxlaya bilərdik, biznes, əhali zərər çəkməzdi”.

Ekspert bildirir ki, 47 milyard dollarlıq valyuta ehtiyatları ilə Azərbaycan uzunmüddətli resessiya olarsa, 5-6 il davam gətirə bilər: “Bu vəsaitlərin xərclənməsi qərara alınarsa, qlobal səviyyədə aktivlərin azalması da nəzərə alınmaqla, Azərbaycanın dözüm əmsalı 5-7 ildir. Amma ümid edirəm ki, proseslər bu qədər mənfi ssenari ilə getməyəcək. Digər tərəfdən, hökumət ehtiyatlardan istifadə etmək niyyətində də görünmür. Ölkənin əsas ərazisində 2 həftəlik karantinə görə yalnız sosial proqramların müddəti uzadıldı. Biznesə dəstək proqramları ilə bağlı buna gedilmədi. Halbuki ölkə iqtisadiyyatının, biznesin əsas fəaliyyət yeri məhz bu ərazilərdir. Bunlar deməyə əsas verir ki, hökumət dəstək proqramlarını genişləndirməkdə maraqlı deyil. Bu baxımdan, əsas zərbə əhaliyə və biznesə dəyəcək. 2015-2016-cı illərdə də belə oldu. Əhali və biznes hələ də o böhranın təsirindən çıxa bilməmişdi. İndiki böhrandan isə ən azı 5-7 ilə çıxa biləcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR