Seçki tamaşasının “ikinci hissəsi” sual altına düşüb; beynəlxalq birliyin sərt reaksiyası düşməni pərt və məyus edib...
Erməni separatçılarının işğal altındakı torpaqlarımızda seçki hoqqaları davam edir. Dünyanın heç bir ölkəsinin nəticələrini tanımadığı, hər hansı xarici müşahidəçinin müşahidə etmədiyi, üstəlik, etnik təmizlənmə aparılan bir bölgədə keçirilmiş “seçkilər”i ermənilər maniakalcasına hələ də beynəlxalq birliyə “azad və demokratik seçki” qismində sırımağa çalışırlar. Nəticə isə gözləndiliyi kimi, sıfırdır.
Əksinə, bu dəfə daha çox dövlət və təşkilat qondarma “prezident və parlament seçkiləri” ilə bağlı sərt reaksiya sərgiləyib. Onların, demək olar, hamısında Dağlıq Qarabağdakı oyuncaq qurumun dövlət kimi tanınmadığı “qırmızı xətt” kimi keçir, ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur.
Bu qəbildən reaksiyalar davam edir. Həm də o səbəbə ki, separatçı rejim səslənən etiraz bəyanatlarına rəğmən, aprelin 14-də seçki tamaşasını “2-ci tur” adı ilə davam etdirmək niyyətindədir.
“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”. Bu sözləri işğalçı Ermənistanın əsas mövcudluq qarantı sayılan Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur. Eyni zamanda, gələcək sülh prosesinin qeyd olunan hadisədən (saxta seçkilərdən – red.) hər hansı bir şəkildə asılı olduğuna inanmırıq”, - Zaxarova əlavə edib.
*****
Bu arada işğal altındakı Dağlıq Qarabağda koronavirusa yoluxanların sayının artdığı haqda xəbərlər gəlməkdədir. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi son məlumata görə, onların sayı 7-yə çatıb. Gerçəkdə isə infeksiya daşıyıcılarının qat-qat çox olduğu şübhə doğurmur.
Məlumat üçün bildirək ki, aprelin 7-də Azərbaycanın Qarabağ ərazisində koronavirusa ilk yoluxma halı təsdiq olunmuşdu. Belə ki, Ermənistanın Artaşat rayonunda yaşayan 1947-ci il təvəllüdlü qadın qondarma rejimdə baş tutacaq “prezident və parlament seçki”lərinə görə martın 30-da Qarabağa gətirilmişdi. Ermənistanda yaşasa da, Laçın rayonunu Mirik kəndində qeydiyyatda olan qadın martın 31-də keçirilən saxta seçkilərdə iştirak edərək, 20 şəxslə təmasda olub, virus təsdiq olunana qədər bir müddət sərbəst hərəkət edib.
Dağlıq Qarabağdakı qondarma “parlament”in üzvü Ayk Hanumyan həmin qadının qəsdən Ermənistandan Azərbaycanın işğal altındakı ərazisinə gətirildiyini deyib. “Faktiki olaraq, Ermənistandan yaşayan həmin qadın qəsdən Laçının Mirik kəndinə gətirilib. Onu “seçki”lərdə iştirak etməsi üçün gətirmişdilər. Hazırda Mirik kəndi karantindədir. Amma qadının sıx ünsiyyətdə olduğu gəlini qonşu Bozlu kəndində səs verib. Ona görə də, virusun artıq qonşu kəndə, oradan isə Laçına keçməsi istisna deyil” – Hanumyan bildirib.
O, qondarma rejimin “prezident seçki”lərinin ikinci turunun keçiriləcəyi təqdirdə koronavirusun Laçın ərazisindən Qarabağın digər rayonlarına da keçəcəyini proqnozlaşdırır. Hanumyan rəsmi İrəvanın koronavirus pandemiyası zamanı Qarabağda qondarma seçkilərin keçirilməsinə razılıq verməsini də “səhv addım” adlandırıb.
*****
Belə görünür, separatçı-kriminal rejim davam edən “seçki” məzhəkəsi ilə hələ bir müddət də özünü dünyaya güldürəcək. Eyni zamanda, yayılan virus səbəbi ilə “seçkilərin” daha ağır nəticələr törədəcəyi şübhə doğurmur.
ATƏT Parlament Assambleyasının (PA) Bürosu isə Dağlıq Qarabağda keçirilən “seçkiləri” həm qeyri-qanuni, həm də ictimai sağlamlığa təhlükə kimi qiymətləndirib. Bu barədə ATƏT Parlament Assambleyasının yaydığı açıqlamada qeyd olunur. ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev qurumun qəbul etdiyi qərarla bağlı ətraflı məlumat verib.
“Mən hesab edirəm ki, ATƏT PA-nın rəsmi press-relizində Dağlıq Qarabağdakı qanunsuz seçkilərə ilk və açıq mövqe sərgiləyərək onu qeyri-legitim adlandırması siyasi baxımdan çox mühüm məsələdir və qurumun gələcəkdə qəbul edəcəyi qərarlar üçün yaxşı bazadır. Bu, bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti heç bir perspektivə malik deyil və beynəlxalq ictimaiyyət təcavüzkar ölkənin bu cür destruktiv fəaliyyətini qətiyyətlə rədd edir”.
İrəvanın əsas siyasi-hərbi müttəfiqi Rusiya da daxil olmaqla, beynəlxalq səviyyəli belə reaksiyalar şübhəsiz ki, dünyanın diqqətini bir daha Azərbaycan torpaqlarının işğalı faktına yönəldir, Ermənistanın apardığı təcavüzkar siyasəti faş edir. Paralel surətdə Azərbaycanın istənilən yolla öz ərazi bütövlüyünü təmin eləmək haqqına sahib olduğunu təsbit edir. Nəhayət, konfliktin beynəlxalq hüququn təməl prinsipləri əsasında həllinə alternativ olmadığını nümayiş etdirir ki, bütün bunlar da ölkəmizin maraqlarına tamamilə cavab verir.
*****
Azərbaycan sözsüz ki, öz ərazi bütövlüyünü hərbi yolla bərpa eləmək variantını da daima masa üzərində saxlayır. Bu xüsusda öz ordusunun hərbi və döyüş potensialını gücləndirməyə davam edir. İstər ayrıca, istərsə də qardaş Türkiyə ilə birgə vaxtaşırı həyata keçirilən birgə hərbi təlimlərdə başlıca hədəf də budur. Hələlik müharibə olmasa belə, hərbi güclə təhdid danışıqlar stolu arxasında mövqeyimizi gücləndirən mühüm faktor olaraq qalır.
Yeri gəlmişkən, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən, bu gün Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib. Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.
P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Siyasət şöbəsi,
Musavat.com






