İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus ötüb gedəcək, əsas psixikaları pozmayaq...

2553 03.03.2020 09:44 Yazarlar A A


Hər hansı qəfil, fövqəladə, gözlənilməz hadisə baş verərkən iki mühüm məqam böyük önəm daşıyır: 1. Panikaya düşməmək, gərəkən bütün addımları təmkinlə atmaq. 2. Maraqlı qüvvələrin törədə biləcəyi təxribatlara, şayiələrə uymamaq və onların qarşısını almaq.


Əgər bu iki şərtə əməl olunsa, baş verən istənilən hadisədən minimum zərərlə, böyük ziyan görmədən qurtarmaq mümkündür.

Hazırda bütün dünyanı koronavirus kabusu bürüyüb. İnsanları qınamaq mümkün deyil, çünki kifayət qədər problemlər yarada bilən, hətta ölümə səbəb olan virusdur. Digər tərəfdən isə belə bir vəziyyətdə möhtəkirlər, sabotajçılar vəziyyəti daha da qəlizləşdirir, müvafiq tibbi vasitələri “yoxa çıxarır”, yaxud da bahalaşdırırlar.

Bəli, koronavirus təhlükəsi var. Bu virusun qəsdən yayıldığı da şübhə doğurmur. Kim yayıb, necə yayıb, heç şübhəsiz ki, bir zaman bu da üzə çıxacaq. Nə zamansa bir WikiLeaks oxşarı mütləq olacaq, gizlinləri açacaq...


Hələlik isə biz bu gün baş verənlərdən cəmiyyətimizi, vətəndaşlarımızı qorumağı prioritet seçməliyik.

Dünyanı bürüyən virusun daşıyıcıları Azərbaycan üzərindən də tranzit ölkə kimi keçib gediblər, onlardan bir neçəsi sərhəddə aşkarlanıb və karantinə alınıblar. İnsanların müəyyən tənqidləri və çağırışları da var və başadüşüləndir. Təbii, insanlar narahatdır. Ancaq hökumətin gərəkən, mümkün bütün addımları atdığı da göz önündədir. Müvafiq strukturları fəaliyyətsizlikdə suçlamaq, bu cür ittihamlar səsləndirmək ədalətsizlik olardı. Əlbəttə, hansısa xəstəxanada çatışmazlıq ola bilər, hansısa həkim, tibbi işçisi şübhəli xəstəylə diqqətsiz də davrana bilər. Ancaq görünən budur ki, ümumilikdə vəziyyət heç də nəzarətsiz deyil. Karantinə alınan əcnəbi insanlarda ağırlaşma halı müşahidə olunmayıb, onlarla təmasda olanlar diqqətə alınıb, yoxlanıb. Sərhəd keçid məntəqələrində nəzarət ikiqat artırılıb. Bütün mümkün resurslarla maarifləndirici tədbirlər davam edir, habelə qıtlaşan müvafiq tibbi vasitələrin – tibbi maska, spirt və s. alınması üçün hökumət 10 milyon manat vəsait də ayırıb.

Ətrafımızda, çevrəmizdə olan insanlarda da bir epidemiya, kütləvi qripə yoluxma da yoxdur.


Yeganə olaraq çatışmayan bir məsələ var: İnsanları sanki kimlərsə, hansısa qüvvələr panikaya salmaq istəyir. Müəyyən sosial şəbəkə səhifələri, bəzi saytlar elə görüntü, rəy yaratmaq istəyir ki, sanki koronovirus vətəndaşları cənginə alıb aparır, heç nə etmək də mümkün deyil, adamlar qırılıb qurtaracaq.

Bəli, ehtiyat igidin yaraşığıdır, nəinki koronavirusa, hətta adi qripə də yoluxmamaq üçün şəxsi gigiyenaya əməl etmək mütləqdir. Narahat olanda dərhal həkimə getmək an məsələsi olmalıdır. Ancaq nəzərə alaq ki, dünyada koronovirusdan ölənlərin sayı adi qripdən, pinevmaniyadan ölənlərin sayından qat-qat azdır. Koronavirus yeni virusdur və ona qarşı immunitet formalaşmayıb, vaksini də hələlik tapılmayıb. Ona görə təhlükəli hesab edilir. Yoxsa bunun kütləvi şəkildə insanları qırdığı qorxusu yoxdur.

Və şükürlər olsun ki, bizdə İrandakı, Gürcüstandakı, İtaliyadakı, Almaniyadakı, Çindəki və s. ölkələrdəki qədər yoluxma halı mövcud deyil. Bir neçə nəfər sərhəddən keçib gedəndə bu şübhə ilə aşkarlanıb və karantinə alınıb. Ölkə daxilində bu virusu yayan, yoluxan yoxdur və tapılmayıb. Lakin arxayın olmaq da olmaz, bütün tədbirlər görülməlidir və müvafiq strukturlar da əlindən gələni edir.


Görülməli ən vacib tədbir isə panikaya düşməmək, şayiələrə inanmamaq və təşviş, təsdiqlənməmiş xəbərlər yaymamaqdır. İnsanları hazırda koronavirus yox, “informasiya terroru” girinc edib. Baxın, İtaliyada, Rusiyada, Almaniyada bu virus əməllicə ayaq tutub. Ancaq həmin ölkələrin saytları, sosial şəbəkə istifadəçiləri küyçülüklə məşğul deyil, əksinə, hər kəs bacardığı faydanı verir, maarifləndirici işlər görür.

Biz də belə olaq. Bəzi kəmfürsətlər təxribat xarakterli şayiələr yaymaqda davam edəcək. Onlara uymayaq. Rəsmi məlumatlar gizlədilmir və gizlədilməsi mümkün də deyil.

Bu virus ayaq tutub yeriyən deyil, Azərbaycanda da şükürlər olsun, vəziyyət stabildir. Bu xəstəlik qısa müddətdə ötüb gedəcək, amma çalışaq ki, bunun üzərindən insanların psixikasını pozmayaq. Bu, daha böyük ziyan vurar, nəinki 2-3 nəfərdə aşkarlanan virus.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR