İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus mövzusunda cəmiyyətdə şayiə yayanların sirri açılır

894 10.06.2020 09:10 Son xəbər A A

Sülhəddin Əkbər: “Əhaliyə obyektiv informasiyalar verilməlidir ki, belə şayiələrə inananlar olmasın”

Şayiə texnologiyası necə hazırlanır, necə yayılır? Xüsusilə Azərbaycanda koronavirusla bağlı ən müxtəlif şayiələrin “bir ağızdan” idarə olunması şübhələr yaradır. Hamı eyni sözləri deyir: “Virus yoxdur, həkimlər başqa xəstəlikdən və ya qəfildən vəfat edən şəxslərin yaxınlarına pul təklif edirlər ki, mərhumun pandemiya qurbanı olduğuna dair rəy yazsınlar və sairə...”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib ki, koronavirus mövzusunda yayılan bu iddialar absurddur.

Bu şayiələr kimə lazımdır? Şayiə texnologiyası necə hazırlanır, necə yayılır?

Sülhəddin Əkbər seçkidən imtina etdi Yeni Sabah

Vaxtilə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, şayiə yayılma mexanizmi prinsip etibarı ilə asan bir prosesdir: “Şayiə hər hansı bir şəbəkəyə ötürülür. Bu şəbəkə hökm deyil ki, xüsusi xidmət orqanının nəzarətində olsun. Bu gün sosial şəbəkələr, kiber silahlı qüvvələr var ki, onlar müxtəlif əməliyyatlar həyata keçirirlər. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar şayiələrin yayılması sahəsi də genişlənib. Hətta informasiya texnologiyalarını yaxşı mənimsəmiş bir neçə nəfər belə istədiyi qəbildən olan informasiyanı asanlıqla yaya bilir. Bu, obyektiv informasiya da ola bilər, yalanla yarıyalanın qarşılığı da ola bilər. Hətta yalan, yarıyalan və tam yalanın qarışığı-buna ”şeytani kokteyl" deyirəm - cəmiyyətə ötürülür. Belə xəbərləri oxuyanlar baxırlar ki, ətrafda eyni məzmunlu xəbərlər var. İstədikləri xəbəri dövriyyəyə buraxır və sonradan lazım olan şaiyəni də ötürürlər. Oxucu da 10 saytda eyni məzmunlu xəbəri oxuyanda inanmasa da, düşünür ki, belə bir şey mümkündür. Bu gün əvvəllər xüsusi xidmət orqanlarının xüsusi agent şəbəkəsinə tapşırıq verməyə ehtiyac yoxdur. İnformasiya texnologiyalardan istifadə etməklə belə şayiələr yayılır".

Sülhəddin Əkbər deyir ki, belə şayiələrin qarşısnın alınması üçün informasiya siyasətinə yenidən baxılmalıdır: “Belə şayiələrin dövriyyədən çıxması üçün, inandırıcı olmaması üçün yürüdülən informasiya siyasəti dəyişdirilməlidir. İnsanların rəsmilərə inanması gərəkdir. Çox təəssüf ki, əhali verilən rəsmi informasiyalara inanmır. Şəxsən mən də həmin şayiələri eşitmişəm. Hakimiyyət bu sahədə siyasətini düzgün qurmayıb. Türkiyədə pandemiya ilə bağlı hər gün səhiyyə naziri çıxış edir, yaradılan məsləhət şurası açıq informasiyalar verir. Ona görə də şayiələr yerimir. Azərbaycanda da telekanallardan əhaliyə obyektiv informasiyalar verilməlidir ki, belə şayiələrə inananlar olmasın”.

Sülhəddin Əkbər deyib ki, hüquq-mühafizə, xüsusi xidmət orqanlarının belə şayiələri yayanlarla bağlı araşdırma aparmalı, şayiə yayanları müəyyən edib cəzalandırmalıdır.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR