İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus bəlasının ilk ortaya çıxdığı Uhan 1 il sonra

872 02.12.2020 11:36 Dünya A A

Uhanlılar hökumətin bu məsələdə atdığı addımlardan qəzəblidirlər

Koronavirusun ilk ortaya çıxdığı Çinin Uhan şəhərində pandemiya nəzarət altında olsa da, onun insanlar arasında yaratdığı psixoloji fəsadlar davam etməkdədir. Əhali pandemiyaya görə aidiyyəti qurumlara qəzəblidir, lakin çox az sayda insan bu haqda danışmağa cəsarət edir.

Xatırladaq ki, koronavirus ilk olaraq 2019-cu ilin dekbarında Uhan şəhərində aşkar edilib. Fransanın “AFP” xəbər saytının müxbiri Dan Martin Uhan sakinləri ilə görüşüb, bir il ərzində onların həyatlarının necə dəyişdiyini araşdırıb.

Yanvar ayında koronavirus səbəbindən 78 yaşlı atasını itirən Uhan sakini Liu Peyen bu müddət ərzində sahibi olduğu şirkətinin də iflasa uğradığını, öz acılarını bir qədər azaltmaq üçün həyatını buddizmə həsr etdiyini bildirib. Liu Peyen deyir ki,  29 yanvarda atası koronavirusdan ölüb: "Həmin gün mən də öldüm".

Müxbir qeyd edib ki, əslində, Liu kimi bir çox uhanlı Çin hökumətinin bu məsələdə atdığı addımdan qəzəblidir, lakin bunu dilə gətirməkdən çəkinirlər. Bu qəzəbin əsas səbəbi isə ölümcül təhlükənin bir müddət onlardan gizlədilməsi ilə bağlıdır.

Rəsmi məlumatlara görə, Uhanda 4 minə yaxın insan koronavirusdan vəfat edib. 

Uhanda koronavirus səbəbindən yaşanan fəsadlardan biri də koronaviruslu xəstələrlə təmasda olan insanların yaxınları tərəfindən təcrid edilməsi ilə bağlıdır. 10 ay öncə koronavirus səbəbindən 39 yaşlı müəllim oğlunu itirən Zong Hanneng hələ də dostları və yaxınları tərəfindən təcrid edilib. Bu günə qədər ən yaxın qohumları belə Hannenglə görüşməkdən çəkinir, ona yaxın getmirlər. Hanneng oğlunun ölümündə aidiyyəti orqanları günahkar bildiyi üçün Uhan məhkəməsinə müraciət edib. Lakin məlum olub ki, Uhanda bu məsələ ilə bağlı məhkəməyə şikayət etmək qadağandır. 

Qeyd edək ki, Çin hökuməti hələ də koronavirusun ilk olaraq Uhanda başlamadığına dair iddialar irəli sürür. Son olaraq Çin mətbuatında epidemiya izlərinin daha öncə İspaniya və İtaliyada görüldüyünə dair bir sıra elmi araşdırmalar haqda məlumat yayılıb. Məlumatda Covid-19 pandemiyasının Çinin mərkəzindəki Uhan şəhərində başlamadığı, virusun ölkəyə dondurulmuş halda idxal olunan qida məhsullarında gəlmiş ola biləcəyi iddia edilib.

Xəbərdə həmçinin Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin sabiq sədri Szen Quanın da fikirlərinə yer verilib:

“Virus harada və nə zaman yayılmağa başladı? Görünür ki, Uhanda təsbit edilmədən öncə virus dünyanın fərqli bölgələrində mövcud olub”.

S.Quan virusun məhz Çində ilk dəfə aşkarlanmasının əsl səbəbinin ölkənin SARS ilə mübarizə üçün yaratdığı “epidemiya qabaqlayıcı sistemi”nin uğuru olduğunu söyləyib.

Xatırladaq ki, yeni tip koronavirus 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başlayıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin ediblər. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanılıb. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edilib.

Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edilib. ÜST fevralın 11-də infeksiyanın adını “Covid-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son məlumata görə, dünyada yeni tip koronavirusa yoluxanların sayı 64 milyon 195 min nəfəri ötüb, 1 milyon 486 min nəfərdən çox insan isə bu virusun qurbanı olub.

Xalidə Gəray,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR