İnsanlara hürriyət, millətlərə istiqlal!

“KOROĞLU”dan QOVULAN TİCARƏTÇİLƏR YENİ AKSİYALARA HAZIRLAŞIR

1016 22.11.2012 09:51 Ölkə A A

2012-ci ilin oktyabrında stansiyanın təmirindən sonra açılması ilə əlaqədar yenidən müraciət edən 67 dükan sahibinə stansiya rəhbərliyi “yox” cavabı verib. İddiaya görə, köşk işlətmək istəyənlərdən yüksək məbləğdə pul tələb olunur. Onlar deyirlər ki, köşklərini 15-20 min manata başqa ticarətçilərə satırlar.

Satışa çıxarılan köşklərin sayı 120-dir. Stansiyanın çıxış hissəsində eskalatora yaxın yerdə isə mağazaların qiyməti 70-100 min manatdır. Şikayətçilər deyirlər ki, mağazalar formal olaraq metropoliten əməkdaşlarının adına rəsmiləşdirilir, əsl sahibkarlar isə kənarda qalır. Onların pulunu isə mənimsəyirlər. Onların sözlərinə görə, dəfələrlə Prezident Administrasiyasında, Nazirlər Kabinetində olublar. Müraciətlərinə baxan olmayıb.

“Köşklər növbətçi Bəxtiyar Yunusovun adına idi. Biz onunla icarə müqaviləsi bağlamışdıq. Hər ay 300-700 manat icarə haqqı verirdik. Biz 1 il 2 aydır ki, işsizik. Bizdən hər ay nağd 22 min manat pul yığırdılar. Dövlət vergisi isə vermirdilər. Mən ailəmə çörəkpulu apara bilmirəm. Əgər obyektimi özümə qaytarmasalar Prezident Administrasiyasının qarşısında özümə od vuracam”,-deyə Yengibar Mahmudova adlı şikayətçi bildirib. Ticarətçilər deyir ki, onlara metropoliten işçiləri hədə-qorxu gəlirlər.


Elə biz də “Koroğlu” stansiyasındakı köşklərə baxdıq. Artıq buradakı obyektlərin bir neçəsində ticarət edirdilər. Ancaq paltar və ayaqqabı satışı ilə məşğul olan satıcılar danışmaq istəmədilər. Bildirdilər ki, onlara susmaq tapşırılıb. Yalnız onu bildirdilər ki, yüksək məbləğin müqabilində bu ticarət obyektlərini alıblar. Onlar metropoliten işçisi olmadıqlarını və digər stansiyaların keçidlərində alver zəif olduğu üçün buradan obyekt aldıqlarını bildirdilər.

 


Elə burada əvvəllər ticarətlə məşğul olanlar da deyir ki, onların köşkünü icarəyə götürənlər “Binə”, “Sədərək” ticarət mərkəzlərindən, metronun “Nərmanov”, “İnşaatçılar” stansiyalarında ticarətlə məşğul olanlardır: “Bizim tələb edilən miqdarda pullarımız olmadığı üçün köşklərimizi ala bilmirik. Bizim aramızda məcburi köçkünlər, şəhid ailələri, əlillər var. Hamımız imkansız insanlarıq”. Buradakı obyektlərin qarşısında isə polislər qoyulub ki, keçmiş sahibkarları mağazalarına yaxın buraxmasınlar. Şikayətçi ticarətçilər isə metropoliten rəhbərliyinə qarşı əllərində ciddi faktlar olduğunu dedilər: “Əlimizdə audio-video yazılar var. Biz bunu Tağı müəllimə təqdim etməyə hazırıq. Həmin səs yazılarında metro işçilərinin kimlərlə pul sövdələşməsi apardığı əks olunub. Əgər bizim obyektləri qaytarmasalar bunu ictimailəşdirəcəyik”.

Hazırda heç bir yerdə işləmədiklərini deyən ticarətçilər növbəti dəfə aksiyaya hazırlaşdıqlarını söylədilər: “Biz övladlarımızı məktəbdən və uşaq bağçasından çıxarmağa məcburuq. Uşaqlarımızı aparıb Prezident Aparatının qarşısına buraxacağıq. Özümüz isə aclıq aksiyasına başlayacağıq. Həmçinin beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin qarşısında aksiya keçirib, vətəndaşlıqdan imtina edəcəyik. Çünki başqa əlacımız yoxdur. Qəzetiniz vasitəsilə  prezidentdən kömək istəyirik. Bizim yerlərimizi özümüzə qaytarsınlar”.


Məsələ ilə bağlı metropolitenin rəisi Tağı Əhmədov “Yeni Müsavat”a açıqlamasında iddialarla razılaşmadığını bildirib: “Köşklər yalnız metropoliten işçilərinə verilir. Qeyri-işçilərə yer verilməyəcək. Hətta onlara güzəşt edərək demişəm ki, metropolitendə qohum, yaxını varsa köşkləri onların adına rəsmiləşdirə bilərlər”.

“Keçmiş ticarətçilər əllərində sizin əleyhinizə yönələcək audio-video yazılar olduğunu deyirlər. Buna münasibətiniz necədir” sualına cavabında T.Əhmədov belə deyib: “Nə istəyirlər etsinlər. Mənim mövqeyim belədir ki, əleyhimə necə istəyirlər, o cür də hərəkət edə bilərlər. İstəsələr video da yaya bilərlər, səs yazıları da. Hələ istəsələr klip də çəkə bilərlər”. Ticarətçilərin yenidən aksiya keçirməsinə də münasibət bildirən, metropoliten rəisi qeyd etdi ki, bu, onların öz işidir: “Etsinlər də. Gözüm aydın. Bu, birinci dəfə deyil ki. Aksiya keçirirlər lap yaxşı. Amma mən mövqeyimdən geri çəkilməyəcəm. Çünki başım bəla çəkib. Ona görə də başqa cür edə bilmərəm”.

Günay MUSAYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR