İnsanlara hürriyət, millətlərə istiqlal!

Körfəzdə yeni “tanker müharibəsi” başlayır?

1906 19.07.2019 20:50 Gündəm A A

 

ABŞ və İran arasında vəziyyət yenidən gərginləşib. İyulun 18-də ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə bildirib ki, Fars körfəzində ABŞ gəmisinə yaxınlaşan İrana məxsus PUA vurulub. Tramp qeyd edib ki, “USS Boxer” döyüş gəmisinə 900 metrə qədər yaxınlaşan İrana məxsus PUA xəbərdarlıqlara məhəl qoymadığı üçün vurularaq zərərsizləşdirilib.

Lakin İran tərəfi məlumatı təsdiq etməyib. Əvvəlcə xarici işlər naziri Cavad Zərif, daha sonra isə ordunun sözçüsü Əbülfəzl Şəkərçi PUA-nın vurulması faktını təkzib ediblər. Şəkərçi bildirib ki, körfəz ərazisində və Hörmüz boğazında uçuşlar həyata keçirən İrana aid bütün uçuş texnikası geriyə - bazaya qayıdıb və hər hansı itki yoxdur. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi isə Twitter mesajında ABŞ ordusunun öz PUA-sını vura biləcəyinə işarə edib. 

Xatırladaq ki, iyunun 20-də Hörmüz boğazı yaxınlığında uçuş həyata keçirən ABŞ-a məxsus PUA İran ordusu tərəfindən vurularaq salınıb. İran tərəfi PUA-nın dövlət sərhədini pozduğunu bildirib. ABŞ hökumətinin buna görə cavab zərbəsi endirməyə hazırlaşdığı, ancaq son anda qərardan vaz keçdiyi iddia olunub. 

Картинки по запросу Hörmüz boğazı

Körfəzdə isə gərginlik bu il may ayının əvvəlində başlayıb. ABŞ hökuməti bölgədə təhlükənin artmasını əsas gətirərək Fars körfəzinə “USS Abraham Linkoln” təyyarədaşıyan və əlavə döyüş gəmiləri, eləcə də Qətərdəki əl-Udeyd hərbi hava bazasına B-52 taktiki nüvə bombardmançılarını və “Patriot” batareyaları göndərib. Bundan sonra körfəzdə gərginlik yüksəlib və ardınca mayın 12-də Oman körfəzində 4 tankerə hücum olub. Hətta ABŞ prezidentinin müşaviri Con Bolton bu hücumlara görə İranı ittiham edib. 

Bu dövrdə İranla gərginliyin hərbi münaqişəyə çevriləcəyi gözlənilsə də, toqquşma baş verməyib. Ancaq gərginlik yüksək olmaqda davam edib. İyulun 4-də isə Böyük Britaniya hərbi qüvvələri Cəbəllütariq boğazında İrana məxsus xam neft daşıyan tankeri həbs edib. İngilis hökuməti bəyan edib ki, İrandan Suriyaya neft aparan gəmi Avropa İttifaqının sanksiyaları çərçivəsində saxlanılıb. Çünki Avropa İttifaqı Suriyanın hazırkı hökuməti ilə ticarət əlaqələrini qadağan edir. İran isə bu məlumatı təkzib edir və buna görə Britaniya hökumətini dəniz quldurluğunda ittiham edib. 

Картинки по запросу İyulun 4-də isə Böyük Britaniya hərbi qüvvələri Cəbəllütariq boğazında İrana məxsus xam neft daşıyan tankeri həbs edib

İyulun 18-də isə İran ordusu dəniz patrulları Fars körfəzində qaçaqmalçılıqla məşğul olan tankeri saxlayıb. Əvvəlcə heç bir tərəf min ton neft aparan gəminin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb. Panama bayrağı altında üzən gəminin tanınma siqnallarını söndürdüyü və bu səbəbdən də qaçaqmalçı kimi saxlanıldığı elan olunub. İran İnqilab Keşikçiləri Korpusu (Sepah) gəminin patrul tərəfindən saxlanıldığı və sahilə çəkildiyini, 12 heyət üzvünün saxlanıldığını bəyan edib.

Həmin gün axşam isə Qərb mediası saxlanılan gəminin Böyük Britaniya bayrağı altında üzdüyünü bildirib. Eyni zamanda Sepah bu gəminin iranlı neft qaçaqmalçılarından gizli yolla neft aldığını bəyan edib. Hazırda gəminin Larak adasında saxlanıldığı bildirilir.

Qeyd edək ki, ötən həftə Qərb mediası İran ordusuna məxsus 3 katerin Fars körfəzindən Hörmüz boğazına daxil olan “Heritage” adlı tankerə hücum etdiyini, ancaq yaxınlıqda olan Britaniya hərbi gəmisinin müdaxiləsindən sonra katerlərin geri döndüyü haqda xəbərlər yayılmışdı. Ancaq bu məlumatları İran tərəfi təkzib edib.

Iranian boats try to seize British oil tanker: Report

İranın Britaniyaya məxsus qaçaqmalçı tankeri saxlaması və həmin gün ABŞ-la dənizdə insidentin baş verməsi diqqətləri yenidən körfəzə yönəldib. Xatırladaq ki, ötən həftə ABŞ ordusu baş qərargah rəisi İranın təhdidlərinə qarşı Ədən və Fars körfəzlərində təhlükəsizlik koalisiyası yaradılması üçün danışıqlar aparıldığını bəyan edib. Britaniya isə körfəzə əlavə gəmilər göndərəcəyini bəyan edib. Körfəzdə “gəmi ovunun” başlaması 30 il əvvəl İran-İraq müharibəsi zamanı 1988-ci ildə Fars körfəzində İran-İraq arasında “tanker müharibələrini” və daha sonra baş vermiş ABŞ-la dəniz gərginliyini xatırladır. Bu hadisələr zamanı körfəzdə onlarla tanker batırlıb, İrana məxsus mülki təyyarə vurularaq salınıb. Hadisələrin bu həddə çatması regionda qorxulu gələcək vəd edir. Yeri gəlmişkən, hazırda planetdə neftin 30 faizi məhz Fars körfəzindən dünya bazarına çıxır. 

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR